Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:01

Furqan Sadıq. Pəncərədən baxan qarı


-

PƏNCƏRƏDƏN BAXAN QARI

Pəncərədən baxan qarı,
gözlərini qıyıb,
qıyıb,
nəyə baxırsan belə...
Gözündə yaş damlaları
uzaqlara baxırsan,
göyə baxırsan belə...

Gəzir baxışların, gəzir,
dünyanın çopur üzündə...
Elə dünyaya bənzəyir
qırış basmış üz-gözün də...

Fikrin uçub uzaqlara,
pəncərədən baxan qarı,
bax oynayan uşaqlara,
tozla
əlləşənlərə bax,
topla əlləşənlərə bax...

Sonra bir az böyüklərə-
doğruyla didişənlərə,
gopla əlləşənlərə bax...
Gözlərini qıyıb,
qıyıb,
nəyə baxırsan belə...
Yəqin sən də eşitmisən
bu dünyanın
bir pəncərə olduğunu
və hər gələnin
baxıb getdiyini...

Ona görə çəkilmirsən
pəncərənin qabağından...
Pəncərədən baxan qarı,
ölüm adlı
əjdahadan qorxan qarı,
qorxan qarı...
XS
SM
MD
LG