Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:32

Əkrəm Əylisli "Ətirşah Masan" (İlk dəfə elektron formatda - oxu)


Əkrəm Əylisli
Əkrəm Əylisli
-
Xalq yazıçısının ilk dəfə 2004-cü ildə "Azərbaycan" jurnalında çap edilmiş bu əsəri tezliklə "Oxu zalı"nda tənqidçilərin iştirakı ilə müzakirəyə çıxarılacaq (siyasi romanların müzakirəsi çərçivəsində).


Əkrəm Əylisli


ƏTİRŞAH MASAN


(Roman)


BIRINCI FƏSIL


I. "YA ƏHRİMAN - RAHİMİN ADİL ALLAH!".


Bu yazını, elə öz dilimdən də, bu sözlərlə başlasaydım, məni buna görə yəqin ki, qınayan olmazdı. Ancaq Allaha müraciətin bütün formalarını məqbul hesab eləsəm də, sizə bəri başdan deməliyəm ki, mən Allaha (öz adımdan) bu üslubda və bu məzmun-da heç vaxt müraciət eləməmişəm. Və belə bir müraciət formasının dini nöqteyi-nəzərdən nə dərəcədə məqbul və ya qeyri-məqbul olmağı barədə də fikir söyləməkdə acizəm.

Əkrəm ƏYLİSLİ


Roman-reportaj

Mən bu yazını, əvvəla, ona görə bu dualı sözlərlə başlayıram ki, bu sözlər bu yazının baş qəhrəmanı Ətirşah Masana məxsusdur və ikincisi, ona görə ki, neçə-neçə onilliklər boyunca - hər səhər sübh tezdən və hər axşam qaş qaralan ərəfədə - Masan öz ətirşahlarına qulluq eləməyə məhz bu sozlərlə başlamışdı: "Ya Əhriman-Rahimin Adil Allah!".

Ətirşah bizim yerdə ən çox yayılmış dibçək gülü idi və ətirşahı olmayan ev bu mahalda çətin tapılardı. Dünyadan cavan getmiş anası Şəfiqənin şağlığında Masanın dədə-baba evində də, yaz-qış qıpqırmızı çiçək açan 5 dibçək sapsağlam ətirşah kolu vardı. Ancaq atasının - əsli-kökü bu mahaldan olmayan - təzə arvadı Zabitə, elə gəldiyi gündən o beş dibçək ətirşaha büsbütün qənim kəsildi. Dedi: "Bunun yarpağından sabun iyi gəlir". Və o Zabitə ikicə həftənin içində Masanın ata evində ətirşahın kökünü birdəfəlik kəsdi.

Elə o Zabitəylə yola getmədiyinə görə də, hələ heç 15 yaşı tamam olmamış, atası qavalçalan Hop-hop Həsən, özünün böyük bacısı Axsaq Tavabın bircə kəlmə sözü ilə, Masanı tələm-tələsik ərə verib asanca başından elədi və o dilucu sövdələşmədən vur-tut bircə gün sonra, gecə Tavab arvad Masanın əlindən tutub, onu, oğlu Yədullaya arvad eləmək üçün, öz evinə gəlin apardı.

Tavabın dediyinə görə, o zaman Yədullanın düz 35 yaşı vardı. Ancaq kənddə belə bir söz-söhbət də gəzirdi ki, Tavab arvad, kəndin ərlik qızlarını çaşdırmaq üçün, oğlunun yaşını qəsdən gizlədir. Əslində, Yədullanın yaşını 4-5 il geriyə atmağın, nisgilli ana ürəyini sovutmaqdan savayı, başqa bir əhəmiyyəti, əlbəttə, yox idi. Fakt buydu ki, Yədullanın əsl evlənmək vaxtı çoxdan keçmişdi və bu da aydın məsələydi ki, Masanın öz ögey anası Zabitəylə yola getməməyi Tavabın öz oğlunu evləndirməyinə yol açmışdı. Əgər belə bir münasibət düşməsəydi, heç bir eyibi, şikəstliyi olmayan Masan kimi bir qızın Yədullaya arvad olmağı, söz yox ki, belə asanlıqla baş tuta bilməzdi. Və təkcə ona görə yox ki, Yədullanın əsl evlənmək yaşı çoxdan ötüb keçmişdi, həm də ona görə ki, Yədulla¬da sinəgir, yəni astma naxoşluğu vardı. Buna görə də (Tavabın qulağından uzaq!) Yədullaya YIRTIQ YƏDULLA deyirdilər. Əslində, biz tərəflərdə, "yırtıq" sözünü, adətən, qrijalı adamlara aid eləyirlər. Ancaq Yədullanın yırtığının yanında o qrija bəlkə də çox sadə bir şey idi. Yədullanın yırtığı - onun sümükləri görünən arıq sinəsinin, deyəsən, tən ortasındaydı. Daha doğrusu, Yədullanın döş qəfəsində - sümüklə dərinin arasında elə bil qupquru qarğıdan-qamışdan bir zil səsli tütək qayırıb qoymuşdular və o tütəkdən, ara-sıra, olduqca qəribə bir səs çıxırdı.

Bu evə gəlin gəldiyi günəcən o Yədullanı Masan, cəmi bircə dəfə, bir dəli-xay çılpaq atın belində görmüşdü.( o zaman Masanın 5-6 yaşı olardı).Dopdoğmaca bibisi Tavabı isə Masan (buna inanmaq nə qədər çətin olsa da) ilk dəfə elə o gün, Tavab aryad o birdəqiqəlik ayaqüstü elçiliyə gələndə gördü.Yaxın qohumluqda bu cür soyuqluğun bir səbəbi Tavabın yaşadığı evin uzaqlığında-ucqarlığında və üstəlik, onun bir tikə çörəkdən ötrü kəfşəndə, çöl-bayırda günuzunu əlləşməyindəydisə, o biri səbəbi yəqin ki, qardaşı Hop-Hop Həsənin də kasıb və imkansız olmağındaydı.

O mənada ki, qavalçalan Hop-hop Həsən bacısından uzaq dolanmağa məcbur idi, çünki ayda-ildə birtoyda qaval çalıb, qəpik-quruş qazanmaqla iki ailəni dolandırmaq, əlbəttə, mümkün olan iş deyildi.

Tavabın əri Kənkan Əliqulu hələ cavan ikən öz xatalı peşəsinin güdazına getmişdi: uçub üstünə gəlmiş su quyusunun daş-torpağı altından bir gün onun meyidini çıxarmışdılar.

O vaxtdan neçə müddətdi ki, Tavabla oğlu, ana-bala, mülkədar Hacı Qurbanəlinin kəndin "Çaylaq" deyilən yerindəki - taxılı, bağ-bostanı düşmən gözü çıxaran - böyük təsərrüfatında səhərdən axşamacan əlləşib, bir qarın ac, bir qarın tox , birtəhər dolanırdılar. Və Masan bundan da pis dolanmağa, inan ki, razı olardı - təki Yədullaya , ürəyində, azca mehr-məhəbbət olaydı, heç olmasa bir günlüyə, bircə saatlığa inanaydı ki, 10 il, 15 il bundan sonra elə bir vaxt gələcək ki, Yədullanın üzünü görəndə bir damcı sevinə biləcək, onun altında uzananda sifətini yana çevirib, dişini-dişinə qısmayacaq... Və Yədullaya arvad olduğu ilk dövrlərdə Masan peşmançılığın və çıxılmazlığın elə bir müdhiş və məşəqqətli ruh düşkünlüyünü keçirmişdi ki, hətta hər gün yatıb-durduğu otağın lap qabaq-qənşərindəcə Tavabın arxın qırağında yan-yana düzdüyü 6 dibçək ətirşahdan bircəciyinin də nə bircə yarpağını görmüşdü, nə də o qədər ətirşahın bircə çiçəyinin iyi bir dəfə Masanın bumuna dəymişdi. Sonra vaxt keçdi, məqam gəldi (o məqam həqiqətən tarixi məqam idi!) o müdhiş və məşəqqətli ruh düşkünlüyünün boğucu havasında - günlərin bir günü dibçəkdəki ətir-şahların sanki özü Masanı haylayıb çağırdı və o məşəqqətin labüd intiharından da onu o 6 dibçək ətirşah qurtardı.

O günün əvvəlini Allah heç kəsə göstərməsin: səhər, yerindən durandan, dünya-aləm Masanın başına dolanırdı. Masan ölmək istəyirdi, ancaq ölmək üçün hər hansı bir hərəkət eləməyə - neft tapıb üstünə tökməyə, ip tapıb boğazına keçirməyə də Masanın canında güc-qüvvət, qəlbində taqət-təpər yox idi. Və heç gözləmədiyi bir halda ovqatının birdən-birə necə dəyişməyindən danışanda - indinin özündə də Ətirşah Masan anası Şəfiqəni yadına salıb, hərdən hönkür-hönkür ağlayırdı. Özünün dediyinə görə, o gün Masan, əvvəlcə, anasının - qara paltar geyib - dağın uca bir yerində oturduğunu, sonra onun ordan uça-uça birbaş qızına tərəf gəldiyini açıq-aşkar görmüşdü. Ətirşah dibçəklərinin lap bircə addımlığınacan, geydiyi o qara libasda, Şəfiqə öz şəklində, öz boyunda-buxununda olmuşdu.Oradaca birdən qeybə çəkilmişdi. Və bu vaxt bir ətirşah kolunun üstündə Masan bir ağappaq kəpənəyin Şəfiqənin səsi ilə bu sözləri dediyini eşitmişdi: "Qızım, qızılım Masan! Ölmək sevdasını çıxart basin-dan, onun sərəncamı Allahın əlindədir. Bundan sonra sən hələ çox ömür sürəcəksən. Biri-birindən gözəl günlər görəcəksən... Yədullaya rəhmin galsin: xəstədir, şikəstdir, onun ömründən nə qalıb ki,... Qaynananın üzünə asi olma, onun da fərmanı pis yazılıb: Tavabı Hacı Qurbanəlinin kəfşənində bir qara ilan vuracaq... İndi səbrli ol ki, qızım, sonra peşman olmayasan. Tez ol, di dur ayağa. Dur, o ətirşahlara su ver. O ifritə Zabitənin acığına artır o güllərin sayını... O güllər bir vaxt sənin dadına çatacaq. Adına şan-şöhrət gətirəcəkdi.

Ətirşah Masanın indi dediyinə görə, o gün o AĞAPPAQ KƏPƏNƏK hətta ətirşahı artırmağın təhər-töhərini də, Şəfiqənin dililə, Masana yerli-yataqlı söyləmişdi: ətirşahın torpağını hardan və nə miqdar götürməyin, zoğu (təzə şitili) ətirşah kolunun harasından və necə qopartmağın, təzə şitili nə cür güdara elə-məyin və onu gündə neçə dəfə və necə suvarmağın bütün sirlərini, hələ (üstəlik) güllərə hər dəfə qulluq eləyəndə Allahın adını hansı sözlərlə yada salmağın lazım olduğunu da, öz dediyinə görə, Masana elə o gün, bir ağappaq kəpənəyin cildinə girmiş anası Şəfiqə öyrətmişdi.

O gün o ətirşahları suvara-suvara Masan özünü öldürmək fikrindən birdəfə-lik vaz keçmişdi. O günün ertəsindən başlayaraq, ondan-bundan, ordan-burdan köhnə vedrə, qazan, badya, satıl tapıb, Tavabın o 6 kol ətirşahından - sonralar şan-şöhrəti bütün mahalda dilə-ağıza düşəcək - 107 sayda ətirşah cənnəti ya-ratmışdı.

...İndi - bu gerçək nağılın qələmə alındığı - bizim başıbəlalı XX əsrimizin 2000-ci ilinin o kədərli son payızında, o 107 kol ətirşahdan savayı, Ətirşah Masanın 90-dan artıq yaşı, neçə dəfə ağır cinayətlər törətdiyinə görə 30 ildən bəri türmələrdə can çürüdən ( ikinci əri Qəzənfərdən törəmə) ASLAN adlı yeganə övladı, neçə illərdən bəri üzünü bir dəfə də görmədiyi (beləsinə gəlin demək mümkündürsə) SOLMAZ adlı gəlini, bir də o Solmazın bir vaxt gətirib, bu qapıya azdırıb getdiyi - indi Bakıda adı-sanı, evi-eşiyi olan SÜLÜ (Sürəyya) adlı bir tək nəvəsi vardı.

Bundan savayı - bu dünyada Ətirşah Masana simsar sayıla biləcək - biri ögey, o biri doğma iki qardaşından qalan oğlanlardı: HƏBİB və ƏLƏDDİN. Doğma qardaşından olan Ələddinin yaşı indi yəqin ki, 50-ni keçmiş olardı, ögey qar-daşının oğlu Həbib isə Ələddindən xeyli kiçik idi.

Qumar oynadığına və hərdənbir nəşə çəkdiyinə görə bir vaxt bu kənddə Ələddinə qız verən olmadı. 20-25 yaşınacan onun bir ayağı Bakıda - alverdə, bir ayağı burda - kənddə oldu. Sonra küsüb, acıq eləyib, tamam yoxa çıxdı. İndi, nə zamandan bəriydi ki, Ələddin bu həndəvərdə bir dəfə də görsənməmişdi. Deyilənə görə, Moskvadaydı. Özünün də yaxşı qazancı vardı. Ancaq Ələddinin orda evlənib-evlənmədiyini kənddə bilən yox idi.

Hər halda, yaxşı ki, o Həbib vardı. Həm (ögey də olsa) qardaş yadigarı, həm də, eyni bir hasarın o biri yanında, yaxın qonşu.

Düzdür, sinninin bu ahıl çağın-da da Ətirşah Masanın kimsədən umacağı bir şey yox idi. Ancaq bir məhrəm adamın yaxında olmağının insana nə ziyanı ola bilərdi?! )

Təsərrüfat işlərində bir o qədər də əli olmayan Həbib özünə uzaq dağ kəndlərinin birindən arvad alıb gətirməkdə elə əvvəlcədən ağıllı tərpənmişdi. Bel belləsin, su suvarsın, ot biçsin, kərdi-külə əksin - Həbibin arvadı SÜSƏNBƏRİN əlindən bu işlərin hamısı gəlirdi. Düzdür, bir azca yanşaqlığı, sözbazlığı da vardı, ancaq yaxşı xasiyyətləri daha çoxdu. Ev-eşiyin ən ağır işlərində Masana əl tutmağa Süsənbər həmişə can-başla hazır idi.

Qaynanası Tavabın cavanlığını Masan, təbii ki, görməmişdi. Ancaq bu dünyanın belə-belə baməzə işləri də olur: hərdən Ətirşah Masana elə gəlirdi ki, o Süsənbər eynilə Tavabın cavanlığıdır. Bəlkə ona görə ki, Süsənbərin səsi də, Tavabın səsi kimi, qart səs idi. Arıqlıqda, zirəklikdə və çalışqanlıqda da Süsənbər o Tavabın xalis kopyasıydı. Və çox güman ki, elə bu səbəbdən də Ətirşah Ma¬san, hərdən çaşıb, Süsənbərə gah “Tavab" deyirdi, gah "bibi" deyirdi. Ancaq bu fakt Ətirşah Masanın yaddaşının zəifləməsinə və ya zehninin korşalmasına əsla dəlalət eləmirdi. Və elə sözümüzün canı da burasındadır ki, bu saat 90-dan çox yaşı olan Ətirşah Masanda inanılmaz dərəcədə güclü və çevik yaddaş vardı. ARDI
XS
SM
MD
LG