Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:57

Rafiq Tağı doğum günündə yad edildi


Rafiq Tağının saytı
Rafiq Tağının saytı
Avqustun 5-i ötən il qətlə yetirilmiş yazar Rafiq Tağının doğum günüdür. Yazıçının dostları, ailə üzvləri, bir qrup jurnalist və ədəbiyyat adamı bazar günü onun «Qurd Qapısı»ndakı məzarını ziyarət edib. Onunla bağlı xatirələrini bölüşüb, onun yazar kimi yerinin göründüyünü deyiblər.

RAFİQ TAĞI SAYTI

Daha sonra Vətəndaş Həmrəyliyi Partiyasında Rafiq Tağı ilə bağlı tədbir keçirilib. Mərhum yazarın dostu və Azad Yazarlar Ocağının üzvü, şair Rasim Qaraca həmin tədbirdə elan edib ki, Rafiq Tağı ilə bağlı sayt işə düşür. «Rafiqtaqi.com» saytında yazarın əsərləri, fotoları və video görüntüləri yerləşdiriləcək.

«BİZ ONA LAYİQ OLA BİLMƏMİŞİK»

Şair Süleyman Əlisa Rafiq Tağının adının əbədiləşdirilməsi yönündə yaşadığı rayonda iş aparılmasını təklif edib.

Yazar Cəlil Cavanşir isə təklif edib ki, Rafiq Tağı adına mükafat təsis edilsin.

O çıxışında daha sonra deyib: «Biz hələ də Rafiq Tağıya layiq ola bilməmişik. Onun qatillərinin tapılması üçün heç nə etməmişik».

PREZİDENTƏ MÜRACİƏT

Qardaşı İlqar Tağıyev isə bildirib ki, qatillərin tapılması və istintaqın sürətləndirilməsi üçün prezident İlham Əliyevə müraciət edəcəklər. Müraciət həm ailə üzvləri, həm də yazarlar adından imzalanacaq.

«QATİL TAPILMAYANA KİMİ HEÇ BİRİMİZ AZƏRBAYCANI TƏRK ETMƏYƏCƏYİK»

Rafiq Tağının başqa qardaşı Alim Tağıyev də AzadlıqRadiosuna müsahibəsində istintaqın gedişatından narazı olduqlarını deyib.

«İstintaq ləng gedir. Heç bir yenilik yoxdur. Hüquq-mühafizə orqanlarının əməkdaşları son 2 ayda istintaqla bağlı heç bir məlumat verməyib».

Alim Tağıyev ailə üzvlərinin həyatlarına təhlükə hiss etdiklərindən də danışıb. Və əlavə edib ki, ailəsinin yaşadığı binanın qarşısındakı polis postu da yığışdırılıb.
«Biz təhlükəsizliyimizlə bağlı hər an təhlükə hiss edirik. Qatil tapılmayana qədər bu təhlükə qalacaq. Amma qatil tapılmayana kimi heç birimiz Azərbaycanı tərk etməyəcəyik».

YAZARIN OĞLU VƏTƏNİ QORUYUR

Rafiq Tağının oğlu Asiman Tağıyev isə artıq hərbi xidmətdədir və avqustun 5-i – atasının doğum günü həm də onun andiçmə günüdür.

ANA YENƏ BİXƏBƏRDİR

Alim Tağıyev deyir ki, aradan az qala 10 ay ötsə də, qardaşının ölümünü hələ də yaşlı anasından gizlədirlər. Onun işləriylə bağlı xaricə getdiyini bildirirlər.

Rafiq Tağı ötən il noyabrın 19-u axşam saatlarında evinə gedərkən naməlum şəxs tərəfindən bıçaqlanmışdı. Ona 7 bıçaq zərbəsi yetirmişdilər. Bir neçə gün sonra isə yazar müalicə aldığı Respublika Klinik Xəstəxanasında vəfat etmişdi.

Yazıçı ölümündən az əvvəl baş verənlərdə İran hakimiyyətini günahkar bilmişdi. Yada salaq ki, Rafiq Tağı bu hadisədən bir qədər əvvəl İran siyasi rejimini tənqid edən məqalə çap etdirmişdi.

Rafiq Tağı Şərqi, xüsusən də islam aləmini tənqid edən «Avropa və biz» yazısına görə bir neçə il öncə uzun müddətə azadlıqdan məhrum edilmişdi. Amma az sonra prezidentin əfv fərmanı ilə azadlığa çıxmışdı. O, yazıçılıqla yanaşı həkim kimi fəaliyyət göstərirdi.
XS
SM
MD
LG