Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:49

Tofiq Abdin. Qürbətdə bir ölüm havasında


-

Tofiq Abdin


QÜRBƏTDƏ BİR ÖLÜM HAVASINDA

(povest)

1.

Cərrahiyə otağından çıxandan neçə gün sonraydı bilmir, amma həyat yoldaşı, ya bilərəkdən ya bilməyərəkdən zarafatla dedi: «Amma mənə heç bir şey söyləmədin əməliyyata götürüləndə».
Baxdı və gülümsədi.
Doğurdan da heç bir şey söyləməmişdi. Heç bilmirdi də bir şeylər söyləmək lazımdı ya yox. Əslində bu «bir şeylər» söyləməyin özü onu qorxudurdu. Və bu sadəcə «nəyisə söyləmək» demək deyildi. Və düşünürdü ki, insanlar ən son məqamda nələri söyləyirlərsə, bu da onun kimi bir şey idi, bu nəsə söyləmək istəyi.İnsanlar son anlarında nələri deyirlər. Yazar da bunu gözəl bilirdi və həmin o son sözləri Yazar ağlına belə gətirmirdi. Baxmayaraq ki, yaşı artıq əllinin üstündəydi. Və baxmayaraq ki, heç kəs bu yaşı ona vermirdi. Hətta həkimlər və tibb bacıları özlərini bir az itirən kimi oldular. Bu yaşda bu görümdə insan çox az təsədüf olunan bir şeydir.
Son sözlər sözündən çox qorxurdu Yazar. Şübhəsiz, bax elə bu sətirləri yazdığı anda o bu Son sözlərin nə olduğunu bir də təkrar düşünür, onun mənasını anlayır və qorxduğundan bu sözü olduğu kimi yazmağa cürət eləmirdi. Baxmayaraq ki, tay-tuşlarından çoxu bu «Son söz» barədə asanlıqla, qorxmadan, çəkinmədən danışa bilirdilər. Və yazara elə gəlirdi ki, hələlik bu adamlar bu «Son söz» deyilən şeyin nə olduğunu ya bilmirlər, ya da özlərini o yerə qoymurlar.
Bəlkə də Yazar səhv eləyirdi.Bəlkə də bu adamlar bu dünyaya torpaq gözlərlə baxmaqdan qorxmurdular…
Yazar düşünürdü : nə deyəcəkdi.Bir ömür yaşamışdı. Daha doğrusu yaşamağa davam edəcək. Çünki təhlükə sovuşmuşdu.Yazar evinə dönmüşdü, balalarının yanındaydı və bu sətirləri yazırdı…
Bura qədər bir ömür yaşamışdı. Buna onun özü necə qiymət verə bilərdi. Allah bilir. Amma kənardan baxanda bu ömür bir o qədər də bəyaz, yəni bir rəngli görünmürdü.Və yaşadığı ömrün əyər-əksiklərini onun bu vaxta qədər yazdığı kitablarında və şerlərində axtarıb tapmaq mümkündü. Amma bir az həssas olmaq gərəkdi. Bir az onun özü kimi sözlərə qayğı ilə baxmaq gərəkdi. Ona görə də bu ömürdən təzədən roman yazmaq gərək deyildi. Sadəcə onun bu vaxta qədər min bir əziyyətlə və əzabla yazıb çap etdirdiyi kitablardan anlamaq olardı bu ömrün nə olduğunu.
Yazar nə deyə bilərdi həyat yoldaşına?
Nə deyə biləcəkdi?
Lap elə deyək ki, söylədi də. Deyilənlərə nə vaxtdan tam əməl olunub ki, eyni şeyləri də o, həyat yoldaşından tələb eləyəydi. Tələb eləməyə haqqı da olmayacaqdı. Ona görə ki, həyat yoldaşı hardasa öz yeni ömrünü yaşayacaqdı, ya da bəlkə də balalarının xatiri üçün arada bir əski günlərə dönəcəkdi, bir az kövrələcəkdi, lənət şeytana deyib, arzularının əlehinə gedərək yaşayacaqdı.
Amma bunun da bir rahatsızlıq olduğunu da anlayacaqdı. Və bəzən də nə edəcəyini bilməyib, Allah bilir necə edəcəydi.
Dünya belə şeylə ilk dəfə deyil ki, baş-başa qalırdı. Və dünyada bunun çeşit-çeşit növləri vardı. Həyat davam edəcəydi və bu da həyatın özünün aşılmaz qanunlarından biri idi.
Amma bu davamın özü heyrət içində yaşamaq demək olacaqdı bəlkə də. Bu yaşamın bütün tərəfləri heyrət doğuracaqdı…
Yazar beləcə düşünürdü.

2.

…Cərrahiyyə otağından çıxandan neçə gün sonraydı bilmir, amma həyat yoldaşı da bilərəkdən, ya bilməyərəkdən bəlkə də zarafatla dedi:
«Amma mənə heç bir şey söyləmədin əməliyyata götürüləndə».
Doğurdan da heç nə söyləməmişdi. Və bu məqamda nəsə söyləməkdən çox qorxurdu.Əslində söyləniləcək elə bir şey də yoxdu. Bütün bunlara baxmayaraq,Yazar hələ son günün gəlmədiyi inamı ilə bu gözlənilməyən, bu qəfil əməliyata götürülmüşdü.
Əgər bura başqa bir yer olsaydı və başqa bir məmləkət olsaydı, (baxmayaraq ki, bura da bir qəriblik idi) Yazar doğurdan da əllərini bu əməliyyatdan üzə bilərdi. Ancaq açığını deyək ki, yenə də dili dönməzdi nəsə deməyə. Bunu düşünmək belə çox çətindi. Bir Allah bilir, necə çətindi.
Yazar gözəl bilirdi ki, o gün nə zamansa gələcək. Bu qaçınılmaz bir şeydir. Amma Yazar ona da inanırdı ki, deyəsən hələ son gün deyil, hələ bir az yaşamaq üçün Allah ona imkan verəcəydi. Və inanın, həkim onun başının kəsdirib əlini Yazarın qarın bolşuğuna aparanda narkozun təsiri ilə tam eşitməsə də, amma həkimin VİSMİLLAH dediyini eşidəndə hər şeyin yaxşı olacağına inandı. Və bir də necə olursa-olsun bura inkişaf eləmiş bir məmləkət idi. Və içində bu məmləkətə (bu məmləkət deyəndə ki, Yazar bütün ögeyliklərə,bütün ağrılara,bütün təhqirlərə baxmayaraq buranı öz doğma ölkəsi bilirdi və Yazar bununla da ən böyük səhvini eləmişdi. Yazar qərib idi. İliyinədək qərib idi. Yazar buralarla doğmalaşa bilmirdi və bunun əzabını yaşayırdı) böyük bir inamı vardı. Həmin inam idi onu, bu həddən artıq ölümdən qorxan adamı cürətləndirən. O , bəlkə də inamın bu qədər güclü olduğunu indi-indi anlayırdı.Və bu inam olmasaydı, bəlkə də başqa sonuc ola bilərdi bu əməliyyat zamanı. O zaman həyat yoldaşı haqlı çıxardı.
Amma Yazar yenə də baxa-baxa qalmışdı: nə deyə bilərdi? Nə vardı deyiləsi ?

3.

İki uşağı vardı Yazarın. Biri oğlan, biri qız. Artıq özlərini idarə edəcək, başlarını dolandıra biləcək bir yaşa gəlib çatmışdılar. Baxmayaraq ki, hələ də onlara qayğı lazımdı. Qayğı kimə lazım olmur ki… Ancaq bu həqiqət idi ki, uşaqlar artıq bir yerə çıxa bilərdilər. Analarına böyük məhəbbəti olan bu uşaqlar bir o qədər də qudurğan deyildilər. Sözə baxan idilər.Hər halda bunu Yazarın evinə gələn dostları və tanışları da deyirdi.
Yazar düşündü, düşündü və yenə də bilmədi ki, nə demək gərəkmiş? Onun elə bir dövləti, var da yoxdu bölüşməyə.Amma insana, insan həyatına lazım olan şeyləri o hələ evlənməmişdən çox-çox qabaq əldə etmişdi.
Evi vardı, maşını vardı. Evində çox da məşhur olmayan ədəbiyat adamı üçün yetər dərəcədə şeyləri o hələ gəncliyindən əldə edə bilmişdi. Bu şeylər də elə şeylər idi ki, onların bölünməsi haqda söz ola bilməzdi. Çünki artıq bu əşyalar da o dünyalıq idi… Sökülüb-tökülürdü, hayı getmişdi, vayı qalmışdı. Arvadı da hey deyinirdi:yaxamızı bunlardan nə zaman qurtaracağıq, Allah… Və bir də Yazarın uşaqları olduğu üçün bu haqda başqa söz də ola bilməzdi.Həyat yoldaşı da yaxşı bilirdi ki, Yazarın qardaşları onun özündən də gözü-könlü tox adamlardı və heç bir şeyə təmanna etməyən biriləridi.
Və yazara elə gəlirdi ki, arvadı onun qohumlarından razı olmalıydı. Çünki Yazarın qohumları onu həmişə QƏRİB deyib yuxarı başda oturdar və onu çox sevərdilər. İnsafən, bu qadın da hörmətə layiq idi. Xırda-mırda dedi qodular nəzərə alınmazsa, bu həqiqət idi. Amma bu dedi-qodular da hansı ailədə olmur ki…
Yazarın pulu-mulu da yoxdu. Son illərdə topladığı bir az pulları vardı ki,onu da həyat yoldaşı son köpüyünə qədər bilirdi.
Və bilməyə də bilməzdi. Çünki Yazar son illərdə heç bir yerdə işləmirdi. Bir köpük də olsun maaş almırdı. Dəhşətli stress içində bir həyat yaşayırdı.Bu illərdə yaşanan həyatın ən gözəl tərəfi və ən təsəlliverici tərəfi Yazarın son illərdə yazdığı və yaşadığı bu qərib ölkədə çap etdirdiyi şerləri və yazıları idi.

4.

Bəli, əgər doğurdan da Son söz deyilməsi ortaya düşsəydi, deyəcəyi şeylər də elə bu Yazarın özünə aid olan şeylərdi. Bunlar da onun yazıları və çox da böyük olmayan arxivi haqqında deyəcəyi son sözlər ola bilərdi.
Yazar bunları düşünəndə,onu da gözəl bilirdi ki, elə bir ölkədə döğulubdu ki, onun arxivi ilə heç şübhəsiz kimsə maraqlanan deyildi. Amma Yazar özü həmişə itib-batmış, gözdən-könüldən uzaq qalan adamları axtarıb, onların haqqında yazdığından içində bir kıpırdama vardı.İçində olan bu qəribə duyğunu, yəni ölən insanların həyatını araşdırmağı içindən çıxarıb ata bilmirdi. Başqaları günün adamlarından yazıb milyonlar qazandığı halda, Yazar işini-gücünü buraxıb düşmüşdü bu ölülərin dalınca. Hardasa unudulmuş ölkə oğullarını tapır və onları tanıdırdı Yazar.
Bütün bunlara baxmayaraq,Yazarın kiçik də olsa diqqətçəkən bir arxivi vardı. Bəlkə də başqaları üçün bu heç bir maraq oyatmazdı. Ancaq ədəbiyatı və xalqını sevən, millətini sevən (bu sözləri yazanda Yazar bir az gülümsündü) adamlar üçün bunların bir əhəmiyəti ola bilərdi. Ona görə də bunlar haqqında həyat yoldaşına bir şeylər deməyi düşünən Yazar, eyni zamanda bacısının da bu sözləri eşitməsini istəyirdi. Ona görə ki, evlənənə qədər, gənclik illəri ilə bağlı bəzi şeylərin hələ də bacısında olduğunu yalnız yazar və bacısı bilirdi. Və böyük bacısının ixtisası da kitabxanaçılıq olduğundan ona etibarı bir qədər çox idi.
Amma fərqi yoxdu. Öz ölkəsini xatırlayanda və bu ölkədə arxivə münasibəti düşünəndə Yazar bilirdi ki,ölkəsindəki dəyərlər kimsə tərəfindən qiymətləndirilmir. Və xüsusilə Yazar bu yazını yazdığı illərdə onun vətəni qarmaqarışıq və ağılalmaz bir dövr yaşayırdı. Hər şey alt-üst olmuşdu. Yenə də düşünürdü Yazar : onun arxivində elə şeylər var ki, onlar gələcək nəsillərə lazım ola bilər. Yəni bu kimi şeylər bütün yazı pozu adamlarının arxivində də ola bilər. Yazar indilərdə yaşadığı ölkədə bir çox yazılar yazmış və bir çox şeylər çap etdirmiş və bu ölkədə olan bəzi şeyləri də öz ölkəsinə yazdığından onun arxivində gərəkli şeylər tapmaq olardı. Ona görə də evində olan yazıların qədrinin bilinməsini, bir küncə atılıb unudulmamasını çox arzu eləyirdi Yazar. Təbii, onun düşüncəsinə görə bu həm də insani haqqı idi. Baxmayaraq ki, bu haqq məsələsində Yazar bir az şişirdilmiş düşünürdü: ömrü boyu küskün bir ovqat üstündə yazılar yazanda, düşüncələrində də major ovqat özünü göstərirdi. Görünür belə şeylər onun vətənində hələlik dəyər daşımırdı.
Əslində onun arxivi bir o qədər də səliqəsiz deyildi. Özü zaman-zaman bəzi şeyləri yerbəyer eləmişdi. Hələ bu Son söz məsələsi ortaya çıxmamışdan əvvəl. Ona görə də bu işdə bir o qədər də çətinlik olmayacaqdı. Və bir də əgər övladları da bir az həssas olsaydılar, heç şübhəsiz, Yazar içində bir rahatlıq duya bilərdi. Əlbəttə, ola bilər ki, bu yazılar arasında pul qazandıran bir şeylər də yox deyildi.
Amma bütün həyatı boyu çox maraqlı, çox tanınmış, şöhrətli insanlarla işlədiyindən və onlarla görüşdüyündən, ailə üzvlərinin də onlardan bir çoxunu şəxsən görüb tanıdıqlarından bəlkə də, o tarixi şəxsiyyətlərə görə onlara müraciət edə bilərdilər və Yazar istəyirdi ki, onun olmadığı günlərdə onun ailəsi deyəcəyi şeylərin fərqinə varsınlar, hətərən- pətərən danışmasınlar.
Mədəniyyətlərini və insanlıqlarını göstərsinlər.
Bütün bu əcaib şeylər olacaqdı, ya olmayacaqdı bu tarixin işiydi.
… Bu arxivdə bəzi çox gizli şeylər də vardı. Yazar həmişə çox sərbəst və azad yaşadığından onun arxivindən elə şeylər və elə sənədlər peyda ola bilərdi ki, bütün bünlar bir az heyrət doğura bilərdi. Necə olursa-olsun, onlar müsəlman ölkəsində yaşayırdılar. Və belə olduğu halda müsəlman adəti və ənənələrinə riayət edərək yaşamalı idilər. Həyatı həyat kimi yaşamaq istəyən bu Yazar öz ailəsinə tam bir sərbəstlik və azadlıq versə də, heç zaman CIZIĞINDAN çıxmamağı və bir ailə sərbəstliyi içində yaşamağı da gözləmişdi həmişə. Onun həyatı fenomen bir azadlıq içində idi. Oğlu ilə qardaş olmaq istəyirdi, qızı ilə sərbət davranmağı, sıxıntı içində olmamağı arzulayırdı. İstəyirdi qızı da gözü açıq olsun, dünyanı və adamları tanısın.

5.

Yazar bunları istəyirdi və bilməyirdi ki, bütün bunlar vardı, ya yoxdu və ya bütün bunlar olmalıydı və olmamalıydı. Amma Yazar belə olmağa çalışırdı. Ona görə də arxivindən çıxa biləcək bəzi şeylər təəccüb də doğura bilərdi. Amma əslində burada təəssüb doğura biləcək bir şeylər də yoxdur.
Yazar düşünürdü ki, təsəvvürlə həyat, yaşam sıx bağlı olmalıdır. Ancaq təsəvvür olunan bir çox şey vardı ki, Yazar özü də bunların ola biləcəyini düşünəndə bir az ehtiyat edirdi.Və bu ehtiyatın da əsas səbəbi Yazarın müsəlman olması idi.
Yazar necə olursa-olsun bu gözəl dinə aid bir çox şeyləri tərk edə bilməzdi və bunların əlehinə də gedə bilməzdi. Və heç istəmirdi də…Amma şəxsi həyatında onun üçün sərhəd deyilən bir şey ortaya gələn kimi Yazar az qalırdı ki, dəli olsun. O hətta öz-özünə rəva görmədiyi şeyləri belə, başqaları tərəfindən yaşanmasını alqışlayırdı. Gücü yalnız buna çatırdı…

6.

Əməliyyat otağından çıxan doktor Yazarın arvadına «keçmiş olsun» deyəndə Yazarın arvadı öncə bir az tutulub, qorxub, iki saadatək çəkən bu çox da qorxulu olmayan və vətənində tam başqa mənada olan bu sözlərdən sonra özünü saxlaya bilməyib ağlayıb.Ağlayan qadına doktorlar təəcüblə baxıb və məsələnin nə yerdə olduğunu biləndən sonra hətta bir az da zarafatla gülüblər. Və bəziləri əməlliyat getdikcə onun ağladığının da şahidi olmuşlar. Və indi…
« Amma mənə heç bir şey söyləmədin əməliyata gedəndə»- deməsi bir az zarafatla da olsa, həqiqət idi. Doğrudan da nə bilmək olardı; insan quş kimi bir şeydir,-deyirlər. Hər şey ola bilərdi. Vaxmayaraq ki, onun qadını həm belə bir əməliyyat keçirmişdi, həm də daha ağır əməliyyat olmuşdu vətənində…
Ola bilsin ki, bu sözlərdə bir az zarafat vardı, amma həqiqət də vardı bu sözlərdə. Yazar fikirləşdi ki, nə deyə bilərdi?
Deyəcəyi önəmli bir neçə söz vardı ki, onlardan üçünə Yazar daha çox üstünlük verirdi və bunlardan ən əsası elə həyat yoldaşına aid idi.
«Əgər hadisənin pis tərəfini düşünmüş olsaq»-deyə yazar yazmağına davam edti, «pis tərəfini düşünmüş olsaq» o zaman onun arvadı hansı yolu seçməlidi? Hər şeyi yarımçıq qoyub vətənə qayıtmaqmı, yoxsa, əgər varsa, xatirələr içində boğula- boğula bu qərib məmləkətdə yaşamaqmı?
Bu məsələnin ən dəhşətli tərəfi bu idi ki, Yazar özü də bu yolda ağıllı və yaxşı olanı düşünə bilmirdi? Və düşündükcə canına isti bir ilğım yayılırdı.
Bu heç şübhəsiz qorxu ilğımı idi. O gecə əməliyata gedəndə də birdən-bir onu dəhşətli bir titrəmə tutdu. Bu titrəmə bir Allah bilir hardan peyda oldu.Bu qorxudan idimi? Bilmir Yazar və hətta əməliyyatdan çıxdıqdan sonra da bu barədə çox fikirləşdi, amma bunun səbəbinin tapa bilmirdi...
O bu əməliyyatdan salamat çıxacağına inanırdı. Bəs onda nə idi bu titrəmə?Canına yayılan istidən rahatlıq tapmayan Yazar ondan sonra arvadının hansı yolu seçəcəyini düşünürdü. Düşünürdü və yenə də öz-özünə deyirdi: bu yolların heç biri onun üçün olmayacaqdı, amma bir yol seçilməliydi, yəni Yazarın düşündüyü bir neçə yoldan biri seçilməliydi.
Və Yazar yarı-zarafat, bələkə də yarı ciddi deyilən o sözlərdən sonra düşünürdü ki, o yoxdur. Və təsəvvür edirdi ki, iyrənc və ağılalmaz söhbətlər başlayıb. Bu söhbətlərdə heç şübhəsiz onun arvadının dedikləri əsas olacaqdır.
Nə olacaqdı onun dediyi Son söz? Nə olacaqdı yarəb? Nə olacaqdı yarəb?" Sənə qurban olum, Yarəb", - deyə Yazar yazmağa ara verdi və durdu.Və bir də dua etdi: «Sənə qurban olum, Yarəb!»Nə yaxşı o son söz deyilmək məqamı gəlmədi.

7.

Amma Yazar yenə də düşündü: gələcəksə necə ola bilər? Bundan sonra gələndə necə olacaq? Onun arvadının başına bu iş gələrsə necə ola bilər?(Yazar bu yerdə tam qorxu içində dayandı və yazmağa davam edə bilmədi...)
Amma fərqi yox idi, Yazar bu haqda həmişə düşünürdü. Və yazmağa davam eləmədiyi günlərdə də belə düşündü bu barədə. Bu gün isə canına yayılan istidən qurtarmaq və bir az yüngülləşmək üçün yazmamağa qərar verdi
...Bəs Yazarın özünün düşüncəsi nə idi bu barədə?
Əlbəttə, Yazar onu da yaxşı bilirdi ki, deyilən bütün şeylərə onsuz da heç zaman tam əməl olunmur. Ancaq hər halda bu məsələdə ümumi bir düşüncə tərzi və müsəlman dünyası üçün müqəddəs olan bir şey vardı ki, nə olursa-olsun deyilən son sözlərə bütünlüklə də olmasa, çox zaman əməl olunurdu. Ancaq unudulan o qədər şeylər də vardı ki, Yazar bunları da gözəl bilirdi.
Bu məsələdə Yazarın şəxsi qənaəti nə idi?
Doğrudur, Yazar şəxsi qənaətinin bir az insafsız ola biləcəyinin də fərqindəydi və bilirdi ki, bu əcaib düşünclərdir, amma yenə də düşüncələrinin əksinə gedə bilmirdi. Yazar üçün yalnız bir yol vardı və bunu da onun uşaqları necə qarşılayacaqdı, Yazar bunu hələ bilmirdi. Yazar yalnız onun düşündüyü kimi edilsəydi rahat ola bilərdi.
Nə istəyirdi Yazar?
Vətənə qayıtmaq. Bütün işi-gücü buraxıb, uşaqların arzu və istəklərinə də heç bir əhəmiyyət verməyib Vətənə dönmək. Qayıdıb Vətən də dərd çəkmək. Vətəndə çürümək. Vətəndə böyütmək uşaqları.
Nə cür çətinlik olursa-olsun Yazarı rahatladacaq cavab yalnız və yalnız Vətənə qayıtmaq idi. Arvadı uşaqlarını da götürüb müzakirəsiz-filansız Vətənə getməliydi.
Yazar belə düşünəndə arvadının gələcək həyatını da göz önünə gətirib, Vətənə qayıtmağı üstün tuturdu. Gec-tez onsuz onlar Vətənə qayıtmalıydılar. Amma o zaman gec ola bilərdi.
Bir acı həqiqət var idi: Yazar özü olmadan uşaqlarını bu qərib məmləkətdə təsəvvür edə bilmirdi. Qadınını isə heç təsəvvür edə bilmirdi.
Yazar bəzi şeylərdə çox gerici birisiydi və arvadı ilə birlikdə çalışan ərsiz bir qadın haqqında danışılanları eşitdiyində dəli olurdu. Adamlar oldu-olmadı elə hey nəsə uydurdular və bu cür dediqodular da heç şübhəsiz Yazarın olmadığı günlərdə onun da arvadı haqqında söylənə bilərdi bu qərib məmləkətdə. Ona görə də qəti düşünürdü: işini-gücünü buraxıb, uşaqların oxuduğu məktəblərini də dəyişdirib Vətənə qayıtmaq.
Yazar bilmirdi ki, onun arvadı bu haqda necə düşünür. Bilmirdi və ancaq onu bilirdi ki, arvadı onunla razılaşmalıydı. Yalnız bu razılıq zorlamı olacaqdı yoxsa, xoşlamı olacaqdı bunu Yazar bilə-bilməzdi.
Ancaq Yazar düşünür ki, onun üçün bu razılığın da, bu etirazın da heç bir əhəmiyyəti olmayacaq. Çünki pul qazanan da, bu ailənin güzəranını saxlayan da bu günlər üçün Yazarın arvadı idi.

8.

Əslində Yazarın yoxluğu ilə çox şeylər dəyişməyəcəydi. Əgər tarixin bir az insafı olsaydı sonralar, çox sonralar bilinəcəkdi ki, kimin yeri nə idi.Amma tarix hər zaman kor və kar olub.Bəziləri özlərinə təsəlli vermək üçün bu tarix deyilən şeyi uydurmuşlar və bu Yazar da həmin o adamlardan biri idi.Təbii bütün bunları düşündükcə Yazar canını qoymağa yer axtarır, təsəlli arayırdı və arvadını, uşaqlarını da düşünərək bir nəticə çıxarmaq istəyirdi.
Düşünürdü Yazar: əgər Vətənə qayıtmaq məsələsi bir hüzursuzluq gətirsə necə olacaq? Yazarın ailəsinə kim hayan ola bilərdi. Var idimi belə adam?
...Bu hadisələri və bundan daha dəhşətli şeyləri xatırladıqca Yazar özündən sonra onun ailəsinin buralarda nələr çəkəcəyini düşünürdü və Vətənə qayıtmaq məsələsini ən doğru seçim yolu bilirdi.Amma uşaqları tamamilə başqa şeylər düşünə bilərdilər. Onların da başqa şeylər düşünməyə haqları vardı. Ancaq Yazrın da haqqı vardı belə düşünməyə və bəlkə də uşaqlarınkından daha çox idi bu haqq.
Bütün məsələlər beləcə qarmaqarışıq idi. Və əməliyyatın uğurlu keçməsi bütün bu düşüncələri alt-üst etsə də, bütün bunlar olacaq şeylər idi və nə vaxtsa olacaqdı...
Yazar bütün bunları və buna bənzər neçə-neçə acını yaşamağa və çəkməyə məcbur idi...
Yazarı uşaqlarının gələcəyi də dəhşətli, rahatsız eləyirdi. Əslində uşaqları artıq böyümüşdülər. Özlərini idarə edəcək bir vəziyyətdə idilər. Acaq əlləri hələ də bi yerə çatmaq məsələsində uşaqdılar və Yazar arvadının fədakarlığına sığınıb bir az sakit gedə bilərdi bu dünyadan. Təbii, necə olursa olsun uşaqlar böyüyəcəkdilər, öz həyatlarını quracaqdılar və Yazar özü gec evləndiyindən, oğlunun daha tez evlənməsini istəyirdi, həyata daha tez atılmasını istəyirdi. Ancaq istəmək azdır.Yazar xatırladı ki, onun atası da nəvə görmək istəyirdi. Ancaq Yazarın günahı ucundan bu o ataya qismət olmadı. Nə eləmək olar.Alına nə yazılıbsa o da olur.
Yazar oğlundan arxayın olsa da, qızının həyatı onu daha çox məşğul edirdi, ona görə ki, ailədə əziyyət çəkən, döyülən, söyülən və danlanılan qadınları az görməmişdi Yazar. Və heç istəməzdi ki, onun doğma balasının da başında bu işlər olsun. Amma nə yazıq, yenə də istəməklə deyildi bu. Yalnız buna inanırdı ki, arvadı ağıllıdır və uşaqlarının da böyüdülməsində ehtiyatlı olacaqdı...
Yazar çox istəyirdi ki, uşaqları öz həyatlarını öz istədikləri kimi və ağılla qursunlar, sərbəst olsunlar seçimlərində.

9.

Bütün bunları düşünən Yazar bilirdi ki, bir gün yaranan bir gün də getməlidir. Bu həyatın ən əcaib qanunu və ən haqsız nəticəsi idi. Yazar qabaqlar da çox fikirləşmişdi: hər doğulan uşaqla (öz övladları da daxil olmaqla əslində Yazarın gec evlənməsində bu düşüncənin də bir az yeri vardı) bir ÖLÜM doğulursa, bir ölüm zəncirinin uzadılmasının nə mənası vardı?Və bəzən gecələr bu əcaib düşüncələr onu qoynuna alanda yanında uzanan arvadına baxıb fikirləşirdi: bir az yaşaya bilsək, bir az da yaşaya bilsək, bir az da yaşaya bilsək... əbədi sakitliyə çox rahat getmək olardı...
Yazar bunları düşünəndə nədənsə ona elə gəlirdi ki, arvadından daha tez öləcək. O bir az da yaşamaq istəyirdi, amma bu bir az da yaşamaq onun əlində deyildi ki... Uca Allahın əlində idi. Və heç ağlına da belə gətirməmişdi ki, Vətəndən uzaqda günün birində başına bu işlər gələcək, o cərrahiyə otağında ölümlə üz-üzə qalacaq və həyat yoldaşı ona deyəcək: "Amma mənə heç bir şey söyləmədin əməliyyata götürüləndə".
Həyat yoldaşı niyə belə dedi? Yazar bunu başa düşmək istəyirdi və öz-özünə düşünürdü ki, əməliyyat sağ-salamat bitdiyindən arvadı sevindiyindən zarafatla belə deyib.
Amma doğrudanmı nəsə demək gərəkmiş? Bilmirdi və bir də ona görə bilmirdi ki, o ölümə hazır deyildi, nəyinki hazır deyildi, ölümü gözləmirdi.Nəiki gözləmirdi, ölümü ağlının ucundan belə keçirmirdi. Güman ki, ölümün belə bir asanlıqla gələcəyini Yazar ağlına sığışdırmırdı və yaxşı ki, də belə düşünürdü.
Yazar ölümü yaxın buraxmırdı. Otuz, otuz beş il üst-üstə bir gün də olsun xəstəxanaya düşməyən və heç xəstələnməyən Yazar qəfil gələn bir əməliyyatda da çox ehtiyatlı oldu və demək olar ki, öz-özünü xilas etdi. Bir az gec qalsaydı həkimlərin dediyinə görə onun bütün qanı zəhərlənib ölə də bilərdi.
"Amma sənə qurban olum Allah demək yaşamaq haqqı hələ bitməmişdi. Demək allahın əmrində onun yaşamaq yeri vardı. Yaşayacaqdı. Hələ bir az yaşayacaqdı."
İndi bir az daha da ehtiyatlı olmağa çalışacağdı. Ömrünün böyük bir qismi getdiyindən daha ehtiyatlı olacaqdı hadisələrdə.
Yazar düşünürdü: dünyada ondan yaşlılar var. Bir zamanlar tərcümə etdiyi bir hekayəni xatırladı Yazar. Böyük Fransız aktyoru Burvil ağır xəstə olanda, küçəyə gəzməyə çıxanda, həmişə özündən yaşlıları görüb düşünərmiş : mən ki, heç kəsə bir pislik, bir yamanlıq etmədim, mən nədən onlardan biri olmamalıyam?
Belə düşünürmüş böyük aktyor Birvil.
Bu qərib ölkədə xəstəxananın pəncərəsindən baxanda belə düşünürdü Yazar. Amma deyirlər ki, hər kəsin saylı günü var.Bunu da danmaq olmaz.
İndi bu Yazarın hər günkü dualarından biri də bu idi: Yarəbbim, səni tanımayana lənət. Bu qərib ölkəyə balalarımla, arvadımla birlikdə gəldiyim kimi, buradan da onlarla birlikdə öz ayaqlarımla getməyə mənə yardım et. Məni bir az da qoru.Bu sözləri yazırdısa demək Allah onun səsini eşitmişdi...

10.

Yazar bir məsələ ətrafında da zaman-zaman düşünmüşdü. Bu məsələ onun ailəsindən və özündən daha çox cəmiyyəti maraqlandıran məsələ idi. Yazar bu barədə fikirlərini açıq-açığına söyləməyə qorxurdu. Çünki bir dəfə bir yas yerində bu barədə danışmış və heç bir nəticə əldə edə bilməmişdi.
Yazarın düşüncəsinə görə insan ya çox gənc ölməli, ya da çox yaşamalı idi. Onun fikrincə baş daşlarına baxan adamlar heç olmasa gənc ölən bir adam üçün heyfsilənə bilərdilər. O düşünürdü ki, 50 yaşın üstündə ölən hər bir adam üçün kimsələr yanmaz. Baxıb deyəcəklər: bir az yaşayıb demək.
Yazar bu sözlərin dərdindən əvvəllər çox gənc ölmək istəyirdi. Ancaq bu onun əlində deyilmiş. Və Yazara görə onun yaşında ölməyin bir əzabı da bax bu idi. Bu yaş tez unudulmaq üçün ən münasib yaşlardan biri idi. Ona görə də Yazar yaşamaq üçün mübarizə eləməli idi. Artıq başqa yol yox idi. Bir az da yaşamalı idi. Və hətta yaşamaq üçün gecə-gündüz Allaha dua eləməli idi, necə ki, də eləyirdi...
Yazarı həmişə məşğul edən məsələ öləndən sonra keçirilən matəm və yas günləri idi. Yazar bir çox yas yerlərində olmuşdu. Və belə bir yas saxlanmasının tərəfdarı deyildi. Təbii elə şeylər də vardı ki, onlara mütləq əməl olunmalı idi. Ancaq torpağa tapşırılan - Yazar bu tapşırılan sözünü yazanda ona yeni bir dəyər verməyə başladı: əcaba, bir insan ki, torpağa tapşırılır o zaman nədən onunla 40 gün, 40 gecə məşğul olunmalıydı. O artıq torpağın olmuşdu. Torpaq bilərdi onun dərdlərini, yox ancaq belə olmurdu. Çadırlar qurulur, heyvanlar kəsilir, yeməklər bişirilir, hətta çay əvəzinə ayrandan tutmuş qatığına qədər daha nələr verilmir.
Və Yazar üçün ən dəhşətlisi də bu işin 7 gün təkrar olunması idi. Ölü sahibi nələr çəkir bir Allah bilir. Gələn gəlir. Yeyir-içir və məclisin o biri başında bütün ölülər üçün söylənilən şeyləri söyləyən mollaya bir az qulaq asdıqdan sonra, dünya politikasından tutmuş bütün dərdləri müzakirə edən bir mərəkə başlayır. 7 gün davam edən və sonra 40-cı gün təkrar olunan müsibət və mərəkə.
Yazar nə istəyirdi: həyat adi qayda da davam etsin. Hər kəs öz iş-gücündə olsun. Kimsə əziyyət çəkməsin.Şivən qoparılmasın ölən üçün, xüsusi ilə yaşlı ölən birisi üçün. Və hətta molla da quran və yasin oxumaq üçün haqqını alsın, gedib onu öz evində oxusun. Sadəcə bir çay süfrəsi açılsın və məzar başından qayıdanlara çay verilsin.
Yazar bunları arzulayırdı. Və ona elə gəlirdi ki, çoxları bunu istəyir, amma kimsə birinci olmaq, yəni pis adam olmaq istəmir. Amma Yazar gözəl bilirdi ki, belə olsa Allaha da xoş gedər.

İstanbul,1995
XS
SM
MD
LG