Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:43

Tağı Şahbazi (Simurğ). Aldanmış ümid


-

Tağı Şahbazi (Simurğ)


ALDANMIŞ UMİD

Kərbəlayı Fərzəlini çox adam tanıyır. Tamam ömrünü atasından qalma dükanda alver etməklə keçirmişdir. Sübh tezdən axşam azanınadək alver edər.
Kərbəlayı Fərzəli özü alar, özü satar. Bir kəs onun ticarətindən bir şey anlamaz. Heç bir kəs onun mənfəətini bilməz, bir kəs sorarsa:
- Kərbəlayı Fərzəli, bu il nə qazanmısan? - bilməz, deməz, bu barədə heç də fıkir etmək istəməz; çünki bilir ki, hər bir satdığı şeydə qazanır. Kərbəlayı Fərzəli kitabsız-dəftərsiz bilir ki, düyünü neçədən satarsa, nə qədər mənfəət verər.
Yainki yağ nə üçün az mənfəət gətirdi.
Alverdə də Kərbəlayı Fərzəli aciz deyildi. Kərbəlayı şirin alver edər.
- Yaxşı yağ varmı?..
- Çox əla yağ var, aparın! Nə qədər aparacaqsınız? - Kərbəlayı Fərzəli müştərini tanıyır, bilir; kiminə qiymət söyləyir, kiminə heç də qiymət deməz.
- Düyü neçəyədir?
- Nə qədər aparacaqsınız?
- Kərbəlayı, onun qiyməti nədir?
- Canım, qiyamət deyil ki!.. Nə olacaq?.. Qiymətdə nə işiniz var! Heyifdir, yaxşı düyüdür, aparın.
Görürsən ki, çəkdi, verdi. Müştərini yola saldı. Sonra əllərini ovuşdurub əyləşdi.
Kərbəlayı Fərzəlinin dükanda məxsusi səliqəsi vardı. Tamam kisələr bir qatar düzülmüş, hamısı bir boyda. Əgər bir kisənin malı azalarsa, haman saat o kisənin altına bir qutu qoyar, yenə qeyrilərilə bərabər edər; yainki bir zənbildəki yemiş qurtarmaq üzrə olarsa, zənbilin içinə qoz tökər, üstündən yemiş düzər. Mal, gərək göz qabağında olsun... görünsün.
Kərbəlayının tərəzisi işıldar, çünki tez-tez tərəzisini silər. Özü də düz işlər. Birdən bir müştəri Kərbəlayı Fərzəliyə:
- Kərbəlayı, bir az artıq çəksəniz, - deyərsə, Fərzəli cavabında:
- Nə az, nə çox; nə artıq, nə əskik. Tərəzidir, gərək düz, doğru olsun, - söylər.
İnqilab nəticəsində Şuralar hökuməti vücudə gəldi.
Hökumət başında işçi və əkinçi nümayəndələri oturdular. Bu əhvalatdan sonra Kərbəlayı Fərzəlinin işi yavaş-yavaş fənalaşdı.
Doğrudan da, Kərbəlayı Fərzəli varlı sinifdən idi. Dükanı, malı, iki mülkü, nəqd pulu var idi.
Sərvətdarlara "qulaq burması" gələndə Kərbəlayı Fərzəli də ələ keçmişdi: onun dükanındakı malını arabalar dolusu hökumət anbarlarına aparmışdılar.
Bu işdən Kərbəlayı Fərzəli çox dilgir olmuşdu.
- Bu ədalətsizlikdir... Bu zülmdür. Zəhmət çəkən sən, qan tərlə işləyən sən, alver edən sən, qazanan sən, birdən-birə fəhlələr gəlib sənin malını aparsınlar. Öl, Kərbəlayı Fərzəli!..
Bu əhvalatdan sonra yeni hökumət Kərbəlayı Fərzəlinin xoşuna gəlmədi. Əvvəlcə, doğrudan da, bitərəf idi.
İndi tanıdı, bildi. Bu vaxtacan heç bir firqənin məramnaməsindən xəbərdar olmayan və siyasətə qarışmayan Kərbəlayı Fərzəli indi bildi ki, inqilab deyilən şey yaxşı iş deyilmiş və bolşevik hökumətinin xeyri yox imiş!
Kərbəlayı Fərzəlinin fıkrincə:
- Hökumət içində gərək tacir olsun.
Bunu hər kəsə söylərdi. Amma qorxa-qorxa söylərdi. Kərbəlayı Fərzəli inanmışdı ki, hərgah hökumət içində tacirlər olsa idi, heç vaxt alverçilərin malını yığıb aparmazlardı.
- Fəhləyə "payok" vermək istəyirsən, mənə nə? Fəhlədir, canı çıxsın, o da işləsin, qazansm; necə ki, mən qazanmışam.
Bir müddət Kərbəlayı Fərzəli ancaq malının əlindən getməsi barəsində fıkir edirdi.
Hər yerdə düyü, çay, qənd, papiros görürdüsə, zənn edirdi ki, onun dükanından aparılan mallardandır.
Kim bilir, bəlkə, doğrudan da, qonşuluğundakı qoca Salmanın oğlunun zavoddan aldığı payok Kərbəlayı Fərzəlinin dükanından alınan mallardandır?
İşə bax ki, Kərbəlayı Fərzəlinin qızını indi bolşevik Heydər istəyir. Heydəri tanıyırlar. Bir yaxşı cavan oğlan. Amma ona qız vermək olarmı?
- Heydər cavan oğlan da olsa, hünərli də olsa, diribaş da olsa, zəhmətsevən də olsa - bir söz, nə sayaq yaxşı adam da olsa bolşevikdir. Bolşevikə qız vermək, onunla qohum olmaq olmaz! Zira Kərbəlayı Fərzəli bunu gözəlcəsinə bilirdi ki, o, qızını bolşevik Heydərə verib onunla qohum olarsa, sabah tamam bazar deyər ki, "Kərbəlayı Fərzəli bolşevik olubdur".
- Uzaq, uzaq... Desinlər ki: - Kərbəlayı Fərzəli də bolşevik oldu? -yox, yox, vermərəm.
Amma Kərbəlayı Fərzəlinin arvadı, qızı Heydərə vermək tərəfdarı idi.
- Qızdır, evdə saxlamaq lazım deyil; istəyirlər, ver getsin, Allah xeyir versin.
Hər gün bu barədə evdə mübahisə açılırdı; lakin məsələni həll edə bilməyirdilər.
Axırda Kərbəlayı Fərzəli belə qərar qoydu ki, gedib axundla da məsləhətləşsin.
- Axund alim adamdır, dünya və axirət işindən xəbərdardır -o bilər! Məsləhət lazımdır.
Bir gün Kərbəlayı Fərzəli axundun yanına getdi. İttifaqən axundun yanında da söhbət bolşeviklərdən düşmüşdü. Kərbəlayı Fərzəli qulaq verdi. Hamısı deyir:
- Bu bolşevik deyilən camaat, tamamən laməzhəbdir. Onların dini, imanı yoxdur.
Hətta mollalardan biri:
- Müşrik, bolşevikdən yaxşıdır, - dedi.
Bunu eşitcək, Kərbəlayı Fərzəli öz məsələsinin üstünü açmadı:
- Aşkardır, yaramaz!.. Bu fəqərədən sonra Kərbəlayı Fərzəli məsələni həll etdi:
- Bolşevikə qız vermək olmaz.
Çünki:
- Bütün üləmalar, bütün "nəcib" adamlar, axundlar bolşevikə lənət oxuyur.
Arvad bu fıkirlə razı ola bilmədi.
- Hər nədir, özü bilər. İşləyir, qazanır, arvadını saxlaya bilir, -daha nə lazımdır?
Bir gün Kərbəlayı Fərzəlinin əziz dostu Məşədi Nəcəfqulu gəlmişdi. Çoxdan görüşməmişdilər. Məşədi naxoş imiş. Məşədi Nəcəfqulu dünyadan, həyatdan şikayət edirdi:
- Dünya xarab olub, ömürlər azalıb, dirilik çətinləşibdir. Kərbəlayı Fərzəli təəccüb etdi ki, nə əcəb məşədi xəbər verməmişdir.
- İstədim çağırtdırım, halallaşaq, sonra yaxşılaşdım; bir də zəhmət vermək istəmədim.
Kərbəlayı Fərzəli də öz tərəfındən üzr istədi:
- Mənim də başım qarışıq idi.
- Xeyir olsun! Olmaya qızını ərə vermək fıkrin var?
- Bir hələ söhbət var idi.
- Allah xeyir...
- Yox, düzəlmədi.
Burada Kərbəlayı Fərzəli əhvalatı nağıl etdi.
- Əbəs yerə verməyirsən, ver getsin. Xeyir olsun. Bolşeviklər nədir, onun sənə ziyanı yoxdur. Xeyri var. Bolşevik sənin qohumun olarsa, bir daha malım aparmazlar. Bəlkə, o, hələ sənin aparılan malını qaytara bilər.
Kərbəlayı Fərzəli deyəsən ayıldı; bu fıkir onun beynini işğal etdi.
- Doğrudan, gedən mal və dövlətimi qaytararlar - yenə özüm dövlətimə sahib olaram - deyə düşünməyə başladı.
Ağıllı sözə kimin nə deyəcəyi ola bilər? Məşədi Nəcəfqulu, doğrudan, bir ağıllı kişidir. Dünya görmüş-dür. İş biləndir.
İndi Kərbəlayı Fərzəli bu işə razı oldu. Kərbəlayının arvadı bunu bilcək çox sevindi.
Toy oldu. Heydər qızı apardı. Kərbəlayı Fərzəli malından nigaran idi.
Dövlət anbarlarında mal çox idi. Bir neçə dəfə Kərbəlayı gedib soruşub bilmişdi:
- Qurtaran deyil.
Bir axşam Heydəri çağırıb mətləbi açdı.
- Yox, Kərbəlayı: mən bu işə qanşmaram və qarışa bilmərəm. Sən varlısan, varlının malı alınıb zəhmətkeşlərə verilməlidir. Bu, inqila-bın tələbidir; fəhlə və kəndçi inqilabı.
- Bəs mən zəhmətkeş deyildim? Heydər güldü.
Kərbəlayı Fərzəlinin ümidi kəsildi, bütün zəhməti zaye oldu. Yəqin oldu ki, özü əvvəldən bu bolşevikləri yaxşı tanıyırmış.
- Heyif öz sözümə baxmadım! - deyə heyifsiləndi.
- Qoy Məşədi Nəcəfqulu bir mənim əlimə keçsin, mən bilirəm ki, ona nə deyəcəm.

1923
XS
SM
MD
LG