Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:20

Elxan Zal. Meqa polisin şeirləri


-

Bu şeirlər son iki ayda "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb. Münsiflər hər dəfə tanınan yazıçılar və tənqidçilər arasından seçiləcək və ilin sonunda adları açıqlanacaq.


Elxan Zal


MEQA POLİSİN ŞEİRLƏRİ


biz ömür uzunu hoppanışdayıq

kambala buludlar üzgün üzürlər,
gəmimiz oturub mərcan rifinə.
tropik duyğuların çimərliyində,
sevişmək həvəsi üryan görünür.
içimdə macəra tərpəşməsi var,
düşüncə yüngüldü, uçuşlar azad.
uçuş zolağından ayrılıq baxır,
gəmi kayutunda yol yanğısı var.
biz, fəza yolçusu-komet kimiyik,
bir dəfə parladıq, söndük-kimə nə?
gizli görüşmələr xurma tamlıdır,
sonunda görüş var ayrılıqların.
sevda fontanları axıb tükənməz,
dolambac yolların sonunda timsah.
əzik günlərimiz kambalaşıbdır,
gündəlik qayğılar pressləyir bizi.
bizə məsləhət ver, hardasan quru?
ömür tısbağaymış, tale kenquru.
bədən iztirablı, düşüncə yayıq,
biz ömür uzunu hoppanışdayıq.


yalnızlıq qorxusu pıçıltısızdı

Tauz Paris deyil, mən qall deyiləm,
xəyalım fırlanır tonqal başına.
yarpaq qoxusunda əriyən külək,
druid duaları söyləyir mənə.
Ay işıq çiləyir, telefon susur,
yalnızlıq qorxusu pıçıltısızdı.
sevda ulduzunun bayatıları,
mələk günahına qarışır ertə.
qənirə ilahəm, qutlu ilahəm,
axşam düşüncəsi eşq tamındadır,
könül kafeləri gəl-gəl deyirlər,
reklam işıqları öpüş göndərir.
gəzməli günlərin balet çağıdır,
fontanlı parklara bilet var, gedək.
“Torqovı” Monmartr olmasa belə,
bizim də öz zəfər tağlarımız var.
sevgilər sığışmaz kainatlara,
“Yelisey çölü”nə yel qovur həvəs.
müqəddəs türkülər oxuduram mən,
saçlı söyüdlərin yarpaqlarına.
gözləmə ömürdən uzun olurmuş,
ilahi yanğılar qucağa sığmaz.
ulduz baxışları Elen kimidir,
Parisə bənzəyir yaşılgöz gecə.


duyğular çimişir ulduz odunda

səhərin sehrində, Zöhrə zikrində,
durub dinləyirəm mələk xorunu.
oyanan ağaclar heyran baxırlar,
seviş ritmindədir dalğa dansları.
eşq var dünya boyda, eşq var tanrısal,
duyğular çimişir ulduz odunda.
bizim sevişimiz ilahədəndi,
bizimdi şəhvətə bürünmüş şəhər.
səni gözləyirəm, sən harda varsan?
telefon eləsəm zəng çatarmı, gəl.
sığal şərqiləri istəyir bədən,
yaşam yaşıllanır dodaq dadında.
küçələr səhərin sehrində donuq,
araba seyrəkdi, gözləmə kövrək.
eşqin Qız qalası, yalnız qalası,
şumer ləhcəsiində şərqi oxuyur.
səhərin havası bumbuzdu, sən gəl,
acıqmış duyğular qunduzdu, sən gəl,
can yanıb əriyər gözləmələrdə,
eşqin dünyaları sonsuzdu, sən gəl.
səni gözləyirəm, sən harda varsan?
yalnızlıq sığışmaz kainatlara.
səhərin sehrində,Zöhrə zikrində,
dualar yollanır gizli qatlara.


Axşam dərin, Umay uzaq

pəncərə ardında axşam,
sərin sularda sərinlik,
ürkək bulud ilxıları didik-didik.
sıralanıb göy üzünə acılardan bir alay.
Ay, Ay,
can soyudan Ay
sap sallayır qaranlığa,
bir anlığa mürgü vurarkən şəhər.
kəhər kişnərtisi q ulaqlarda
və yzaqlarda bozqır kabusu karvan.
yollar gedir, dayanır an,
gizli səma qapıları açılırlar taybatay,
dilimdə dua var, duamda Umay.
necə məhrəmdir bu axşam,
şəfqət Ay sükutuna ilişik.
uyqu qaçışında buza, duyğu yerişində pişik.
həzin bir müəzzin ovqatı sokaklarda,
və uzaqlarda bozqır kabusu karvan.
mənim axşam dualarım girir gizli qapılardan.
eşit məni eşit Umay.
Ay, Ay,
Can soyudan Ay,
gizli qapılar üstündə fanar.
ulduz yanar acısında duların,
ulduz yanar səkkizqıraq,
axşam dərin, Umay uzaq.


xançallanmış sevginin soneti

ömür lotu gənəşidir,
hökm oxundu və uçdu qut.
göyərçinlər ölən gecə,
xançala oturdu sükut.
dar dalanlar qaray-qaray,
elliyi ürpətdi ləngər.
qara sevda davasında,
ard da səngər, ön də səngər.
düdük çalır ov həvəsi,
ər doğulan durarmı dinc?
dörd tərfdən şikar baxır,
qan iç, qan iç,qan iç, qan iç.
daş və beton meşəsində,
yırtıcılar gəl-gəl deyir.
cəngəlliyin yasası var-
zorlu basır, basan yeyir.
gün keçir, təkər fırlanır,
arxivə suç yığır karma.
Yumruğunu düyünləyib,
qayğıları qapan qarma.
gecəni şaman qamladı,
görünməzin bəyanı çin.
ruhlar qurban istəyirlər-
bir parç pivə və göyətçin.

******

əvvəl ağacları kəcdilər,
sonra evləri uçurdular,
xatirələri buldozerlə tapdadılar.
adamların əvvəl bir üzünü sildilər
sonra o biri üzünü.
sonra sifətinə tüpürdülər.
pul belə qazanılır bizim şəhərdə.

*****

ötən əsrin arxivinə yolladılar tramvayları,
vaxtı keçmiş binaların ruhu qaçdı.
Bakı meri insanlığa qəlb ağrısı boyda yükdü,
mən nədənsə tramvaylarla eşşəkləri xatırladım.
yol dağılır, ömür gedir,
yuxusuz qalıb Xırdalan.
dalan-dalan, küçə-küçə
ölür şəhər,
ölür insan.
neft iyində yavaş-yavaş şəhərləşir Azərbaycan.
XS
SM
MD
LG