Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:35

Paralimpiyaçılar 5 qızıla ümid edir - VİDEO


Paralimpiyaçıların London gözləntiləri
Gözlə

No media source currently available

0:00 0:04:02 0:00
Direct-ə keçid

Paralimpiyaçıların London gözləntiləri

Azərbaycan paralimpiyaçıları son məşqlərini yekunlaşdırıb Londona yola düşməyə hazırlaşırlar. Avqustun 29-dan Londonda 14-cü Paralimpiya Yay Oyunlarına start verilir. Azərbaycanı bu yarışlarda 6 idman növü üzrə 21 nəfər təmsil edəcək.

«HİSSLƏRİMİ ANLAMAQ ÜÇÜN BU ANI YAŞAMAQ LAZIMDIR»

Ölkəni nüvə itələmə üzrə təmsil edəcək Oloxan Musayev necə deyərlər yol üstədir. Deyir ki, vaxt daraldıqca həyəcanı daha da artır. Əlavə edir ki, heç 4 il əvvəl Pekinə yola düşəndə belə həyəcanlanmamışdı:

«Birinci dəfə gedəndə həyəcan az olur. İndi dostlar, qohumlar - hamı həyəcanla gözləyir. Tanışlar zəng vurur, gəlib-gedirlər. Ailə də çox həyəcan keçirir. İndi mənim fikrim-zikrim qızıl medaldadır. Gecə-gündüz fikirləşirəm. Çalışıram nəticələr yaxşı olsun. Hisslərim, təəssüratlarım çox qarışıqdır. Sözlə ifadə edə bilmirəm. Başqa hisslərdir, çox fərqlidir. Bunu anlamaq üçün yalnız bu anı yaşamaq lazımdır».

33 yaşlı Oloxan anadan əlil doğulub və həmişə əlil arabasından istifadə edib. Oloxan idman karyerasına ağırlıqqaldıran kimi başlayıb. Lakin 2007-ci ildə sol qolundan aldığı zədədən sonra nüvə itələmə ilə məşğul olmağa başlayıb. 2008-ci ildə Pekin Olimpiadasında dünya rekordunu yeniləyərək qızıl medal qazanıb. 2010-cu ildə Açıq İtaliya Çempionatının qalibi olub.

«MƏQSƏD 5 QIZIL MEDALDIR»

Afiq Süleymanov
Afiq Süleymanov
Milli Paralimpiya Komitəsinin baş katibi Afiq Süleymanov deyir ki, Oloxan qızıl medala iddialı idmançılardan biridir. Afiq Süleymanov bu ilki yarışlardan ən azı 5 qızıl medalla qayıtmağa ümidlidir:

«Arzu edirik ki, biz 155 ölkə arasında ilk 20-liyə düşə bilək. Bunun üçün biz ən azı 5 qızıl medal qazanmalıyıq. Biz ən çox atlet və cüdoçularımızdan qızıl medal gözləyirik. Cüdo komandamız top komandalar içərisindədir».

Pekin Paralimpiadasında Azərbaycanı 4 idman növü üzrə 18 idmançı təmsil etmişdi. İdmançılar 2 qızıl, 3 gümüş, 5 bürünc medalla geri qayıtmışdılar.

«ÇALIŞACAM Kİ, AZƏRBAYCANIN BAYRAĞINI ZİRVƏDƏ SAXLAYAQ»

Paralimpiya Oyunlarının açılışında Azərbaycanın bayrağını İlham Zəkiyev aparacaq. Pekin Paralimpiyadasının çempionu İlham Zəkiyev son hazırlıq məşqindədir. O, deyir ki, yenidən qələbə qazanmaq üçün əlindən gələni edir:

«Sentyabrın 1-də mən güləşirəm. Rəqiblərimin hamısını tanıyıram. Demək olar ki, rəqiblərimin 90 faizi ilə əvvəllər güləşmişəm. Çalışacam ki, Azərbaycanın bayrağını zirvədə saxlayaq».

İlham Zəkiyev
İlham Zəkiyev
32 yaşlı I qrup Qarabağ əlili İlham 15 yaşından cüdo ilə məşğul olub. O, 1999-cu ilin fevralında snayper atəşindən yaralanıb. Başından aldığı güllə sol gicgahından girərək sağ gicgahından çıxıb. 5 gün komada qalan İlhamın sağ qalacağına həkimlər də ümidini itiribmiş.

19 yaşında görmə qabiliyyətini itirən İlham 2002-ci ildə yenidən idmana qayıdır. İlham Zəkiyev 2 dəfə paralimpiya oyunları çempionu, 2 dəfə Dünya Çempionu, 3 dəfə Avropa Çempionu olub. Əməkdar idman ustası və «Şərəf» ordeni laureatıdır.

Azərbaycan London Paralimpiya Oyunlarına 21 idmançı ilə qatılır, onlardan 5-i qadındır. 2 idmançı ağırlıqqaldırma, 8 nəfər atletika, 1 nəfər üzgüçülük, 7 nəfər cüdo, 1 nəfər kaman və 2 nəfər atıcı yarışlarında mübarizə aparacaq.
XS
SM
MD
LG