Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:18

Nilufər Muğantürk. Uşaq olanda...


-

Uşaq olanda...

Uşaq olanda hər şey,
daha rahat olur, dost.
Ağlamaqçün gecələri gözləməli,
gülməkçün bəhanə axtarmalı
olmursan...
Uşaq olanda hər şey
daha sadə olur, dost.
Danışanda düşünmürsən,
qalmaq istəyəndə ürəyini
qoyub getmirsən...
Uşaq olanda hər şey
daha çox olur, dost.
Ana, ata...
Nənə, baba: iki-iki...
Istədiklərin əllərin kimi
o qədər balaca ki, nə istəsən olur,
daha “YOX” nədir, bilmirsən...
Uşaq olanda hər şey
daha gözəl olur, dost.
Birini sevdinsə,
içində alışa-alışa
üzünə baxmadan yanından keçmirsən.
Gülümsəyib,
qucağına qaçırsan,
heç nə düşünmədən yanağından öpürsən.
Uşaq olanda hər şey
daha böyük olur, dost.
Gözündə insanlar, evlər...
Bir kəlməylə bütün dünya
gözündən düşmür.
Oynadığın hər həyət, hər küçə
sənin olur.
Ayağın hara başın ora...
Uşaq olanda hər şey
eynən belə olur, dost.
Kimsə xətrinə dəyəndə
gözlərin dolanda
başını sıxıb ananın sinəsinə
hönkür-hönkür ağlayırdınsa,
indi içini sulayırsan:
Sükut içində,
acı göz yaşlarıyla...
XS
SM
MD
LG