Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 15:02

Əli Əkbər. Boşluq


Əli Əkbər
Əli Əkbər
-

Əli Əkbər


BOŞLUQ


Azərbaycanda yaşayırsınızsa, boşluğun nə olduğunu empirik olaraq bilirsiniz. Bilmirsinizsə, hiss etmirsinizsə, deməli, sadəcə mövcudsunuz, yaşamırsınız. Boşluğu duymadan, hiss etmədən nə Vasif Talıbovun metafizik mahiyyətini dərk etmək, nə də “Parlament siyasətlə məşğul olmaq yeri deyil!” kimi dərin, hikmətli koanın mənasına varmaq mümkün deyil.

Boşluğa dair bilik, məlumatlılıq adama nə qazandırır? Çətin sualdır. Bu suala birmənalı cavabın olmaması mənə əzab verir. Boşluq ciddi söhbət olduğundan, sadə, anlaşılan izahı yoxdur. Hərə öz boşluğunu, özü tapmalıdır.

Öz adıma danışım - mənə çox şey qazandırıb. Ən azından, “Əəəəəə, bir-bir” kimi müdhiş cığlığın altında yatan əsrarı, mənanı dərk etmişəm. Boşluqda olduğunun fərqinə varan, xüsusən yaradıcı şəxslər, şedevrlər yaradırlar. Versiyalardan birinə görə yeganə oğlunun ölümü, digər versiyaya görə isə cahan müharibəsi Kazimir Maleviçə elə ağır təsir edir ki, o, kədərini və itkinin boşluğunu “Qara kvadrat” əsərinə köçürür, qara boşluğu təsvir etməklə özünü ifadə edir. “Qara kvadrat”ı başa düşməyənlər, boşluğun acısını, ağrısını duymayan qafillərdir.

Söz boşluqdan düşmüşkən, Pelevini yada salmamaq insafsızlıq olardı. Onun “Çapayev i Pustota” (Çapayev və Boşluq) əsərini mən çox gec, 2004-2005-ci illərdə oxudum, halbuki roman 1996-da nəşr edilmişdi. Bütün hallarda on ilə yaxın gecikmişdim.

Mənə elə gəlir ki, bütün kitablar vaxtında, yəni yazıldıqları dövrdə oxunmalıdır (təbii ki, müasirlərimiz nəzərdə tutulur – Ə.Ə.). “Çapayev i Pustota” 1996-da nəşr olunanda, mənim 18 yaşım vardı. Bu kitabı o yaşda oxusaydım, bəlkə də həyatımı fərqli qurar, Avstraliyaya, ya da Tibetə köçər, intihar edər, ya da alpinist olardım. Bilmirəm.

Bircə onu bilirəm ki, hər halda bugünkü mən olmazdım. “Çapayev i Pustota`nı oxuyanda həyatım, məişətim artıq qurulmuşdu deyə, geriyə addım atmaq imkanım qalmamışdı. Peşmanlıqdan divara dırmaşırdım. Romanı bitirəndən sonra, belə qərara gəlmişdim ki, Pelevin Bulqakovdan sonra ikinci dahi Rus yazıçısıdır. Zatən Bulqakovun Pelevinin üzərində ciddi təsiri də hiss olunur. Hərçənd, Andrey Platonovun da Pelevinin bədii zövqünün formalaşmasında müstəsna xidmətləri olub. Hər ikisini diqqətlə və zövq alaraq oxuyanlar bunu asanlıqla duya bilərlər.

Pelevinin “Çapayev i Pustota” əsəri, Azərbaycan gerçəkliklərini anlamaq istəyənlər üçün əvəzolunmaz kitabdır. İzninizlə, süjet haqqında da qısa məlumat verim.

Ruhi xəstəxananın palatasında dörd dəli yatır. Bu dəlilər, növbə ilə bir-birlərinə öz həyatlarını danışır, daha doğrusu daxili aləmlərinə səyahətə çıxırlar. Şəxsiyyət ikiləşməsi olanların maraqlı əhvalatları başlayır.

Xəstələrdən biri xəyal aləmində Qərblə evlənir. Bu xəstənin adı Latın Amerikası serialından götürülüb - Prosto Mariya. Prosto Mariya Şvarsnegerin timsalında, Qərblə sevişir və onunla təyyarəyə minərək Rusiyadan qaçmaq istəyir. Lakin bu, onlara müyəssər olmur. Onlar, Ostankino teleqülləsinə çırpılırlar. Biz də Azərbaycandan heç yerə qaça bilmərik – AzTV qülləsi hər yerdə bizi təqib edir, izləyir. Vay o kəslərin halına ki, AzTV-nin necə ağır ocaq, kahin yuvası olduğunu dərk etməyiblər!

İkinci dəli Şərqlə evlənir, özü də Yaponla. Axırda bu Yapon ona qayıdıb deyir ki, əvvəl mənim başımı üzməlisən, sonra özün xarakiri eləməlisən. Yox, əgər mənim başımı kəsməyə ürəyin gəlmirsə, onda mən sənin başını kəsim, sonra xarakiri eləyim. İkimiz də bu gün ölməliyik, vəssəlam. Pelevin burada Yaponlarla o ki, var məzələnib...

Üçüncü xəstə isə dekadent şair Petka Pustotanın dünyasında yaşayır. O, Çapayevlə birlikdə Şərq cəbhəsində döyüşür. Petka Pustota hesab edir ki, reallıq inqilabi Rusiyadır, ruhi xəstəxana isə onun xəstə təxəyyülüdür. Lakin Pustotanın buddist müəllimi olan Çapayev, ona başa salmağa çalışır ki, bu dünyaların heç biri real deyil. Beləliklə Pustota “satori”yə çatır, yəni ona buta verilir.

Dördüncü dəli isə quldurdur. Bu quldur nəinki ikiləşmə, hətta dördləşmədən əziyyət çəkir. O, həm müttəhim, həm prokuror, həm vəkil, həm də əbədi “kayf”da olan abiddir. Yəni dörd aləmdə birdən yaşayır.

Sonda, onu da qeyd edim ki, Pelevinin özü də bir növ boşluqdur. Heç kəs onun gerçək kimliyini - real şəxs, yoxsa uydurma personajmı olduğunu - bilmir. O, TV-lərdə görünmür, kütləvi tədbirlərdə iştirak etmir. İnternetdəki çoxsaylı fotolarından başqa, üzünü görən olmayıb. Bu baxımdan, Pelevin ədəbiyyat tarixinin ən müəmmalı yazıçısıdır.

Azərbaycan buddalarına və botxisattvalarına eşq olsun!

Publika.Az
XS
SM
MD
LG