Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:43

Tanınmış alim və sənətkarlardan əlifba islahatı təklifinə reaksiyalar


-
Azərbaycan əlifbasındakı bəzi hərflərin ləğv olunaraq, yeniləri ilə əvəzlənməsi məsələsi gündəmə gəlib.

AMEA Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli informasiya texnologiyalarından istifadə zamanı problem yarandığına görə, əlifbada bəzi hərflərin dəyişdirilməsinin zəruri olduğunu bildirib. Alim «q», «ğ», «ə», «ç» hərflərinin daha münasib formada yazılmasını, «ç»nın almanların «tsch», yaxud ingilislərin «ch» qrafem birləşməsi, «ə»nin «a» üstündə iki nöqtə ilə əvəzlənməsini təklif edib. Ötən həftə ölkədə olmadığından hörmətli Fəxrəddin Veysəlli ilə danışa bilmədik. Amma digər tanınmış dilçilərin və dilçi olmayanların fikrini öyrənə bildik.

MƏN VAHİD ƏLİFBA TƏRƏFDARIYAM!

Dilçi alim Kamil Vəli Nərimanoğlu: Əlifba məsələsi əvvəldən elə korlanıb ki, düzəltmək çox çətindir. Xalq Mirzə Fətəli Axundovdan bu yana anlamayıb ki, gündə əlifba dəyişmək yaxşı şey deyil. Əlifba dəyişikliyi o xalqın geriliyini göstərir. Bu əlifbanı qəbul edəndə də ciddi səhvlərə yol verilib. Şəxs adları çəkmək istəmirəm. Bəllidir onlar. Hər halda işarələrin çoxluğu, «x», «ə», «q»nın iki cür yazılışı, Türkiyə əlifbasından fərqli qrafik işarələrin qoyulması kifayət qədər problem yaradıb. Kim ki, internetlə, Türkiyə ilə bağlı adamdır, onlar bu hərflərin əzabını çəkirlər. Əlifba ortaq olmalıdır. Əlifba milli məsələ deyil, texnikli məsələdir. Əlifbanı milli dəyər hesab etmək—bizim «x»mız, bizim «ə»miz deməyin necə dəyərləndiriləcəyini bilmirəm... Bu, mükəmməllik ifadə etmir. Çünki dünyada bütün səsləri ifadə edən əlifba yoxdur.
Kamil Vəli Nərimanoğlu
Kamil Vəli Nərimanoğlu
Bütün əlifbalar şərtidir. Lap 15-20 min heroqlifi olan Çin əlifbası da şərtidir. Ən inkişaf etmiş dil sayılan ingilis, rus, alman, fransız dilinin əlifbaları da müəyyən mənada şərtidir. Çünki hər işarə bəzən bir neçə səsi ifadə edir. Bizdə belə bir yanlış təsəvvür oyandı ki, «x»nı yazmasaq, məhv olacağıq... Nəticədə də, «x» işarəsi qəbul olundu. Bunu da çox yerdə anlamırlar. «Ə» dünyanın bəlasıdır. Çünki nə cür dəyişirsənsə, dünya əlifba tiplərində belə bir işarə yoxdur. «Q»nın yunan əlifbasından gətirilməsi də uğurlu addım deyil. Mən demək istəmirəm ki, Türkiyə əlifbası mükəmməldir, bütün səsləri ifadə edir. Vurğulamaq istədiyim odur ki, inteqrasiya prosesi gedir—mədəniyyətin, dilin inteqrasiyası-- həm də bizdən asılı olmadan gedir. Bu zaman xüsusən gənclər və elm adamları əlifbanın ortaq olmamağının əzabını yaşayırlar. Bu, əvvəllər rusların «Ayır-Buyur!» siyasətinin bir parçasıydı, indi də ziyalıların qurbanı oldu. «Biz Azərbaycanlıyıq, Azərbaycançıyıq» deyə-deyə bu işarələri qəbul etdilər... Mən onsuz da, türk əlifbasından istifadə edirəm. Müstəsna hallarda Azərbaycan əlifbasına müraciət edirəm. Kim məni qınayır-qınasın, mən vahid əlifba tərəfdarıyam. Vahid əlifba olmalıdır! Yayqın (populyar—S.İ.) əlifba olmalıdır! Ortaqlıq tələb edən əlifba olmalıdır! Mənim indi nə Akademiya ilə, nə universitetlərlə əlaqəm var. Qarışmıram. Arzu edirəm ki, elə bir əlifba olsun ki, heç olmasa bundan sonra ortaqlığı təmin edə bilsin.

BU, ORTAQ TÜRK ƏLİFBASINI POZMAQ DEMƏKDİR!

Dilçi alim Firudin Cəlilov: Mən bilmirəm əlifbaya dəyişiklik məsələsini gündəmə kim gətirib, amma əlifba məsələsi sıradan bir məsələ deyil ki, hər adam ora burnunu soxsun... Bu, dövlət, parlament səviyyəsində qəbul olunan bir məsələdir...

- Firudin bəy, xatırladım ki, bu məsələni MEA-nın Dilçilik İnstitutunun direktor əvəzi, dilçi alim Fəxrəddin Veysəlli gündəmə gətirib...

-- Hə, Dilçilik İnstitutunda təbii ki, uzmanlar var... Amma bu gün işlənən əlifbanın tarixini öyrənmək lazımdır. Nə yazıq ki, başqa xalqlar 20 min öncəki tarixini bilir, amma bizim 20 il öncəki tariximiz artıq unudulub. Bu gün işlətdiyimiz əlifba 1939-cu ilə qədər işlətdiyimiz latın qrafikalı əlifbanın bərpasıdır. İkincisi, bu əlifbanı bərpa edəndə, bütün türk respublikalarından alimlər toplandı İstanbula. Ortaq türk əlifbası simpoziumunda bu qəbul olundu. Yəni, bu gün bizim işlətdiyimiz əlifba təkcə Azərbaycan əlifbası deyil ki, ora əl atıb nəyisə dəyişdirək. Bu, bütün türk xalqları üçün ortaq türk əlifbasıdır. Krım tatarları da işlədir, qazan tatarları iki il işlətdi—indi Rusiya hökuməti qadağan elədi. Bu gün-sabah Qazaxıstan keçəcək. Demək istəyirəm ki, bu təkcə Azərbaycanın problemi deyil. 20 il öncə türk xalqlarının ortaq əlifbası qəbul edilib! Bu tarixi öyrənsinlər! Əlifbanı parlament 1991-in son aylarında qəbul elədi. O vaxt prezident Ayaz Mütəllibov idi. Prezident parlamentin qərarını imzaladı. O gündən bu, bizim rəsmi dövlət əlifbamızdır. Növbəti ildən dərsliklər artıq bu əlifbayla yazıldı.
İsmayıl Məmmədov
İsmayıl Məmmədov
Yəni, bu əlifbayla bir nəsil yetişib. Hansı əlifbayla? Ortaq türk əlifbasıyla! Burada bir hərf mənim xoşuma gəlmir—onu dəyişək—nə deməkdir? Bu, ortaq türk əlifbasını pozmaq deməkdir! Ona görə deyirəm ki, başı çıxmayan adamlar bu işə əl qatmasınlar!

«Ç» İLƏ «Ş»NIN QUYRUĞU O VAXTDAN ÜRƏYİMƏ YATMAMIŞDI

Rəssam İsmayıl Məmmədov: 20 il əvvəl qəbul olunan əlifbada «ə»nin yerinə «a» - iki nöqtə ilə idi. Bu xoşuma gəlmişdi. Amma «ç» ilə «ş»nın quyruğu o vaxtdan ürəyimə yatmamışdı... Mən rəssamam və çox vaxt latın əlifbasına müraciət edirəm. «Ə» hərfində çətinlik çəkirəm. Məncə, dəyişmək istədikləri o biri hərflər də ağlabatandır. Bu, bizi latın qrafikası ilə yazan ölkələrlə yaxınlaşdırar. Əlifbanı dəyişəndə, bunu gərək fikirləşəydilər. Əsr yarımda dörd dəfə əlifba dəyişilib. Bizə yazığınız gəlsin də! Gəlin indi elə edək ki, bir də dəyişiklik olmasın. İki nöqtə qoy «a»nın üstündə də olsun. Məsələn, alman dilində belədir. Kompyuterlə yazanda da asan olar. Bir dəfə də bu işi görmək lazımdır ki, gələcəkdə bir də ona qayıtmayaq.

İDEOLOGİYA İLƏ YÜKLƏMƏYİN!

Kulturoloq Rəhman Bədəlov: Mən nə «hə», nə «yox» deyə bilərəm. Mən onu deyə bilərəm ki, bu məsələni ideologiya ilə, mirasla, özəlliklə yükləmək olmaz! Bu, texniki məsələdir. İnformasiya dövrüdür. Ona keçmək məsləhətdirsə, keçmək lazımdır. İdeologiyadan kənar olsun. Əsas odur. Mən şəxsən öz təcrübəmdən deyirəm ki, müəyyən islahata ehtiyac var. Bəzi işarələrdən imtina etmək olar. Müzakirə etmək lazımdır. Millətçilərin sözünü eşitmək lazım deyil. Biz hamımız kompyuterin qarşısında oturmuşuq. Elə etmək lazımdır ki, vaxtımıza qənaət edək. Əlimiz daha tez yatsın.

GƏLİN, «XƏZƏR» UNİVERSİTETİNDƏ BİR KONFRANS ÇAĞIRAQ!

Riyaziyyatçı alim Hamlet İsaxanlı: Birincisi, əlifba çox konservativ bir şeydir. Nə qədər az dəyişsə, o qədər yaxşıdır. Çünki o, varisliyi təmin edir. Məsələn, dünyanın ən uzun sivilizasiyalarından olan Çin öz əlifbasını dəyişdirmək yerinə bir az sadələşdirmək, işlək etmək, islahat aparmaq haqqında düşünüb. Onlar dəyişməyiblər və bu da imkan verir ki, 4-5 min əvvəlki yazını oxuya biləsən. Eyni şeyi yaponlara da aid etmək olar. Çünki yazını çinlilərdən götürüblər. Əlifbanın mürəkkəbliyinin sivilizasiyaya mane olması fikri ilə də razı deyiləm. Yaponlar dünyanın ən inkişaf etmiş millətlərindən biridir. Digər tərəfdən, ingilis əlifbası ideal əlifba deyil.
Hamlet İsaxanlı
Hamlet İsaxanlı
Səslə hərf arasındakı uyğunluq fərqlidir. Deyilişlə yazılış arasında böyük fərq var. Bütün bunlara baxmayaraq, orta əsrlərdən bəri İngiltərədə məsələ qalxır ki, bəlkə biz islahat aparaq? Onun əleyhinə olublar. Nəsillər arasındakı əlaqənin itməsindən çəkiniblər. Düşünürəm ki, əlifbanın dəyişdirilməsi, hətta tez-tez dəyişdirilməsi təhlükəli işdir. İkinci tərəfdən, bəlkə də ərəb əlifbasının latınla əvəzlənməsini mütərəqqi hadisə kimi qiymətləndirmək olar. Çünki ərəb əlifbası spesifikdir. Orda əsas rolu samitlər oynayır. Bizdə isə saitlər. Sual oluna bilər ki, indi işlətdiyimiz latın əlifbası idealdırmı? Qətiyyən, yox! Ümumiyyətlə, ideal əlifba yoxdur. Bizim əlifbamızda kirilin elementləri də qalıb. «ə» düzəltmişik. Kirildən latına keçəndə «x» hərfini. Dünyanın heç bir dilində «x» yazılan hərf «x» kimi oxunmur. 1924-cü ildə qəbul olunan latın əlifbası ilə indiki arasında fərqlər var. 20 il əvvəl əlifba qəbul edəndə, Türkiyə əlifbasına da baxdılar ki, bizimlə böyük fərqlər alınmasın. Qaldı indi mübahisə doğuran hərflərə, müxtəlif versiyalar ola bilər. Məsələn, başqa əlifbalardakı kimi, səs birləşmələrindən istifadə etmək olar. Fikrimcə, bunu uzun müzakirələrə çıxarmaq lazımdır. Çünki əlifba ciddi məsələdir. Hərənin öz istədiyini qəbul etdirməsi təhlükəlidir. Bunu geniş dairələrdə--elmi dairələrdə, təhsil müəssisələrində, xüsusilə mediada geniş müzakirə etmək lazımdır. Və dilçilər deməsinlər ki, bu təkcə bizim məsələdir. Əlifba ümumxalq işidir. Ola bilər ki, sadə bir müəllim böyük bir dilçidən daha fərqli və maraqlı fikir deyə bilsin. Ona görə də, «Əlifbamız daha təkmil ola bilərmi?», «Bunun haqqında düşünmək lazımdırmı?» – bax, bu tipli müzakirələrin getməsinin tərəfdarıyam. Biz hətta təşəbbüs də göstərə bilərik ki, məsələn, gəlin «Xəzər» Universitetində belə bir konfrans çağıraq. Amma qərarda xeyli ehtiyatlı olmaq lazımdıq!
XS
SM
MD
LG