Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:37

«2013-cü ildən sonra məmurlar gəlirlərini gizlədə bilməyəcəklər»


Foto: Arxiv
Foto: Arxiv
-
Prezident İlham Əliyev «Açıq hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üzrə Fəaliyyət Planı»nı təsdiqləyib.

Sentyabrın 5-də təsdiq edilən Fəaliyyət Planında 9 bənddən ibarət təkliflər verilir. 3 illik dövrü əhatə edəcək Fəaliyyət Planında vəzifəli şəxslərin gəlir bəyannaməsi verməsindən tutmuş, dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyəti müntəzəm məlumatlandırmasına qədər bir çox tələblər var.

Bundan başqa, sənəddə rüsumların, vergilərin, inzibati cərimələrin, kommunal xərclərin elektron qaydada ödənilməsinin təkmilləşdirilməsi ilə bağlı bəndlər də yer alır.

SONUNCU DAYANACAQ

Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev 2012-2015-ci illəri əhatə edən Fəaliyyət Planından ciddi nəticələr gözləyir. Onun fikrincə, həmin sənəd konkretliyi və nəticə tələb etməsi ilə fərqlənir.
Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev
Əliməmməd Nuriyevə görə, indiyə qədər dövlət qurumlarının hazırladıqları hesabatlar yuxarılara təqdim olunurdusa, yeni Fəaliyyət Planı həmin məlumatların ictimaiyyət üçün açıq olmasını tələb edir:

«Yəni sənə, mənə çatdırılmalıdır. İndiyə qədər yalnız yuxarıya hesabatlılıq var idi, amma bundan sonra deyir xeyr, zəhmət çək, nəticələri təhlil et və ictimaiyyətə açıqla. Hesab edirəm ki, bu sənəd doğru-düzgün yerinə yetiriləcəksə, bu, korrupsiya ilə mübarizədə çox ciddi nəticələr verəcək».

Əliməmməd Nuriyev sənəddə məmurların gəlir bəyannaməsi verməsinin son həddinin göstərildiyini bildirir. Deyir ki, 2013-cü ildən sonra məmurlar heç cür öz gəlirlərini gizlədə bilməyəcəklər. Bu baxımdan, o, yeni Fəaliyyət Planını korrupsiyaya qarşı mübarizədə «sonuncu dayanacaq» adlandırır.
Zöhrab İsmayıl
Zöhrab İsmayıl

İNFORMASİYA AZADLIĞI

«Azad İqtisadiyyata Yardım» İctimai Birliyinin rəhbəri Zöhrab İsmayıl da yeni sənədin qəbulunu müsbət addım sayır. Amma o, indiyədək qəbul edilib icra olunmayan proqram və sənədləri də yada salır. Zöhrab İsmayıl bəzi ziddiyyətli məqamlara da diqqət çəkir. Deyir ki, bu ilin iyununda «İnformasiya əldə etmək haqqında» qanuna məhdudlaşdırıcı dəyişikliklər edildiyi halda, Fəaliyyət Planına informasiyaların açıq olması barədə tələbin salınması başadüşülən deyil:

«Yaxşı olmayan bu cür təcrübələrin sonunda insanların bu məsələlərə güvəni, etibarı itir. Amma hər halda biz yaxşıya ümid edək».

MƏMUR ƏLİƏYRİLİYİ VƏ MƏDƏ MARAQLARINA QARŞI
Zahid Oruc
Zahid Oruc

Deputat Zahid Oruc isə yeni sənədin qəbulunu indiyə qədər mövcud olan bürokratik sistemin tamamilə aradan qaldırılması kimi qiymətləndirir:

«İndiyə qədər müxtəlif qanun və sənədlər qəbul olunsa da, məmur əliəyriliyi də, mədə maraqları da qalmaqda idi. Amma yeni sənəd bunun qarşısını alacaq».

Qaldı informasiya əldə etmək haqqında qanuna edilən dəyişikliklə yeni Fəaliyyət Planındakı ziddiyyətlərə, Zahid Oruc bu yanaşmanı qəbul etmir. Deyir ki, indiyə qədər irəliyə sürülən sənədlərlə ziddiyyət təşkil etdiyini deyib bu sənədə inamsızlıq yaratmaq yanlış addımdır.

Hüquqşünas Ənnağı Hacıbəyli isə korrupsiyaya qarşı mübarizədə indiyə qədər ciddi addımların atılmadığını bildirir və yeni Fəaliyyət Planının da nəyi isə dəyişəcəyinə inanmır.
XS
SM
MD
LG