Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:22

Kim nə qədər maaş alır


Manat
Manat
-
Azərbaycanda prezidentin maaşı dövlət büdcəsində çalışanlara verilən ən yüksək məvacibdən 10 dəfə çoxdur. İlham Əliyevin maaşı illik 180 min, aylıq 15 min manatdır. Onun maaşı tibb bacısının maaşından 150 dəfə çoxdur.

Ali Məhkəmə sədrinin aylıq maaşı 1785 manatdır.

Dövlət Statistika Komitəsinin 2010-cu ilə dair rəsmi məlumatına əsasən, hava yolları sahəsində orta maaşlar ən yaxşı hesab edilə bilər. Azərbaycanda hava yolları xidmətində çalışan uçuş rəhbərləri aya orta hesabla 3987 manat alırlar.

Ən az əməkhaqqı isə xəstələrə xidmət edən kiçik tibb bacılarındadır. Onların orta aylıq əməkhaqqı 100 manat civarındadır.

YANLIŞ ƏMƏKHAQQI SİYASƏTİ

İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, büdcədən maliyyələşən təşkilatların əməkhaqqı siyasəti kökündən yanlışdır:

«Təhsil və səhiyyə sahəsində çalışan insanların orta əməkhaqqı həddən artıq aşağıdır. Bu isə cəmiyyətin özündə disbalans yaradır. Ümumiyyətlə, Azərbaycan hökuməti büdcə ştatlarının kəskin şəkildə şişirdilməsi ilə də işsizlik probleminin həllinə çalışır. Bu, səhv addımdır».

90 MİLYON MANAT QİYMƏT ARTIMINA NECƏ TƏSİR EDƏCƏK

N.Cəfərli deyir ki, işçilərin çoxluğu maaşların aşağı olmasına və ya aşağı templə artmasına gətirib çıxardır:
Natiq Cəfərli
Natiq Cəfərli

«Bakı şəhər Səhiyyə İdarəsində qeydiyyatdan keçmiş tibb işçilərinin sayı 10 minə yaxındır. Bir həkimin ortalama maaşı 116 manatdır, ümumi illik maaşı, büdcədən ayırmaları 30 milyon manata yaxındır. Təsəvvür edin ki, bu maaşlar birdən-birə 3 dəfə qalxsa, büdcədən 90 milyon manat çıxacaq. 90 milyon manatın birdən-birə çıxmasının qiymət artımına təsir edəcəyini düşünmək səhvdir. Və ya Azərbaycanda 270 minə yaxın müəllim qeydiyyatdadır, büdcədən maliyyələşir. Müəyyən ixtisarlara getməklə, dərs saatlarını artırmaqla onların da maaşlarını qaldırmaq olar».

NAZİRLƏRİN, ŞÖBƏ MÜDİRLƏRİNİN MAAŞLARI

Nazirlərin, komitə sədrlərinin aylıq vəzifə maaşı 1500-1250 manat arasında dəyişir. Nazir müavinləri, komitə sədrlərinin birinci müavinləri 1000, müavinlər 900-800, aparat rəhbərləri 800-775 manat maaş alırlar.

Nazirlik və komitələrdə şöbə müdirləri 700-650, şöbə müdirinin müavinləri 600-545 manat məvacib alırlar.

Katibələrə ayda 200-143, sürücülərə də bu qədər – 200-143 manat məvacib verilir.

PAKETDƏ MAAŞ

Bunlar rəsmi maaşlardır. Amma dövlət orqanlarında qeyri-leqal əməkhaqqı sistemi məsələsi var.
Nazim Məmmədov
Nazim Məmmədov
Bəzi nazirlik və komitələrdə buna «paket maaş» sistemi deyirlər.

İqtisadçı Nazim Məmmədov deyir ki, dövlət müəssisələrində ikili mühasibatlıq oradakı korrupsiyadan xəbər verir:

«Hesab edirəm ki, indiki durumda dövlət büdcəsindən maliyyələşən insanların maaşlarını artırmaq imkanı var. Bunun üçün təhsil, səhiyyə sahəsində müxtəlif islahatlar həyata keçirilməlidir».

DÖVLƏT QULLUQÇUSU OLMADAN DA

Bir müddət əvvəl Azərbaycanda müəllimlərin dövlət qulluqçusu statusu alması məsələsi ortaya çıxmışdı. Bu isə paralel olaraq yaş məhdudiyyəti ilə əlaqədar işdən çıxarılan müəllimlərin təqaüdlərinin artırılmasına yol açmalıdır.

N.Məmmədov deyir ki, müəllimlərə dövlət qulluqçusu statusu vermədən də onları yaxşı pensiya ilə təmin etmək olar:

«Əslində hamıya yaxşı pensiya vermək mümkündür. Ancaq bir şərtlə - statistika və «kölgə iqtisadiyyatı» düzgün hesablansın. Biz bəyan edirik ki, ölkədə 4.5 milyon iş qabiliyyəti olanlar var. Cənab prezident deyib ki, işsizlər 5.5 faizdir. Hesablama aparsaq, 4 milyon 300 min nəfər qalır. Rəsmi məlumata görə, ölkədə 1 milyon 800 min sosial sığortalanan var.
Hadı Rəcəbli
Hadı Rəcəbli
Bəs qalan 2 milyon 500 min nəfər haradadır? Deməli, onlar «kölgə iqtisadiyyatı»nda çalışırlar və vergi ödəmirlər. Onlar ödəmiş olsa, əminəm ki, insanlara ən azı 400 manat təqaüd vermiş olardıq».

MÜƏLLİMİN MAAŞINI NECƏ QALDIRMALI

Parlamentin Sosial siyasət komissiyasının sədri Hadı Rəcəbli də düşünür ki, müəllimlərin maaşları ilə məmur maaşları arasındakı bu uçurum aradan qalxmalıdır:

«Müəllimin, həkimin əməkhaqqı yüksəlməlidir. Amma bu, elə-belə boş sözlə olmamalıdır. Hazırda müəllimin dərs yükü 12 saatdır – onu qaldırmaqla olmalıdır. Özəl məktəblərin yaranmasıyla olmalıdır. Cəmiyyətdə müəllim orta təbəqə kimi yaşamalıdır. Bunun yolları var. Yaxşı müəllimimiz uşaq hazırlaşdırır, repetitorluq edir. Deməli, nə olmalıdır? Yaxşı müəllim yaxşı pul almalıdır, pis müəllim ixtisara düşüb çıxmalıdır».

Azərbaycanda orta məktəb müəlliməsi 245 manat maaş alır. Ali təhsil müəssisələrində isə bu rəqəm bir qədər fərqlidir: 342 manat.
XS
SM
MD
LG