Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:31

İran Parlamenti zəlzələdən ziyan görən bölgələrə yardım layihəsindən imtina edib


İran Parlamenti
İran Parlamenti
Fars xəbər agentliyinin verdiyi məlumata görə, sentyabrın 23-də İran parlamentində "Şərqi Azərbaycanda zəlzələdən zərər çəkmiş bölgələrin bərpasının sürətləndirilməsi" layihəsi iki dəfə səsə qoyulub amma heç birində lazım olan səsi - iclasda iştirak edən 237 deputatın üçdə ikisinin razılığını ala bilməyib.
Layihənin express prosedurla səsverməyə qoyulması zamanı 99 lehinə, 74 əleyhinə, 26 nəfər bitərəf qalıb. İkinci - normal prosedurla səsvermə zamanı layihənin lehinə səs verənlərin sayı daha artıq - 110 olsa da, 55 əleyhinə və 27 bitərəf səslə yardım layihəsi məclisin gündəliyindən birdəfəlik çıxarılıb. Layihənin əleyhinə çıxışlarda vurğulanıb ki, İran bu ölkədə yaşayanların ümumi evidir və ayrı-ayrı bölgələrdə yaşayanlara dair layihələrin parlamentdə müzakirəsinə ehtiyac yoxdur.
Kohkiluyə nümayəndəsi Seyid Məhəmməd Əli Bozorgvari layihənin əleyhdarlarından olub:
"İranın hər yeri mənim evimdir. Bütün qanunlar Konstitusiyaya uyğun olmalıdır.
İran Konstitusiyasının 9-cu maddəsində deyilir ki, gərək ölkənin hər yerinə ədalət bərqərar olsun və buna görə qanunlar elə yazılmalıdır ki, ölkənin hər yerinə şamil olunsun və hər yerdə işlənilsin".
Urmiyə millət vəkili Nadir Qazipur layihənin əleyhinə səs verən həmkarlarını insafsızlıqda suçlayıb. Urmiyə gölünün qurumasının qarşısının alınması üçün layihənin də İran parlamentində rədd olunduğunu yada salan Qazipur deyib:
"İstəyirsiniz, azərbaycanlıları avara edib, köçürdəsiniz? Axı bu insafdanmıdır ki, bizimlə belə davranırsınız?"
Avqustun 11-də Rixter şkalası üzrə 6,2 bal gücündə zəlzələ İranın Şərqi Azərbaycan ostanının bir neçə vilayətində, o cümlədən Əhər və Vərziqan vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ bölgəsində rəsmi məlumatlara əsasən, 400-dən çox adam ölüb, 5000-dən artıq yaralanıb. Əhər və Vərziqanın əksər kəndlərində evlər dağılıb, bölgədəki infrastruktur, o cümlədən səhiyyə və tədris müəssisələri məhv olub. Yerli əhali rəsmi məlumatlarda dağıntının miqyasının kiçildildiyini iddia edir.
XS
SM
MD
LG