Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:52

Azərbaycanın 1918-ci ildə yazılmış ilk ordu marşı tapılıb


Qafqaz İslam Ordusu Bakıda, 1918
Qafqaz İslam Ordusu Bakıda, 1918
-
«İlk ordu marşımızı oxuyanlar arasında böyük müğənnimiz Bülbül də olub».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına gəncəli jurnalist Zakir Muradov söylədi.

16 YAŞLI SALMAN NURU PAŞANIN ŞƏRƏFİNƏ ŞEİR YAZDI

Azərbaycanın ilk ordu marşının izinə düşən Zakir Muradovun dediyinə görə, hələ 2008-ci ildə cümhuriyyətçilərlə bağlı televeriliş hazırlayarkən Gəncədə tanınmış ziyalılar nəsli olan Əhmədlilərlə görüşüb:

«O nəslin davamçısı olan Bəşir Əhmədli atası Salman Əhmədlinin başına gələn maraqlı bir əhvalat danışdı. Nuru paşa Gəncədə Şeyxzamanlıların evində qonaq olub. Salman Əhmədli də Şeyxzamanlıların bacısı oğlu imiş. 16 yaşı varmış, ara-sıra şeirlər yazırmış. Və Salman Nuru paşanın qarşısında öz şeirini oxuyur. O zaman tarzən və xeyriyyəçi Məşədi Cəmil Əmirov (böyük bəstəkar Fikrət Əmirovun atası—S.İ.) Gəncədə uşaq xoru yaratmışdı. Bu şeir onun diqqətini çəkir. Məşədi Cəmil şeiri marş şəklinə salır və marşı Bakıya yollanan Nuru paşanın əsgərləri qarşısında ifa edirlər. Həmin marş 1919-cu il mayın 28-də Cümhuriyyətin bir illiyi münasibətilə təşkil olunmuş şənliklərdə də səslənir».

İlk Ordu marşının mətni

İlk Ordu marşının mətni:

Gəncədə çalındı Azadlıq suru,
Qovdun ürəklərdən zülməti, qoru.
Dağıt düşmən quran məkrli toru,
İrəli! İrəli! Ər paşam Nuru!

Çanaqqala nurlu şəhidlik yolu,
Türk aslanlarının bükülməz qolu.
Allahım! Sən özün onları qoru!
İrəli! İrəıli! Ər paşam Nuru!

İstanbuldan gəldin Gəncəyə doğru,
Haydı gavurlara anlat bu zoru.
Gəncədən Bakıya zəfərdir yolu!
İrəli!İrəli! Ər paşam Nuur!

Ər paşam Nuru! Ər paşam Nuru!
Turanın aslanı nər Paşam Nuru!
MARŞI BÜLBÜLƏ OXU, AMMA YANINIZDA HEÇ KƏS OLMASIN!

Elə marşın tarixçəsini də Zakir Muradova Mobil müəllim danışır:

«Salman Əhmədlinin oğlu Mobil Əhmədov 50-ci illərin ortalarında Konservatoriyada oxuyurmuş. Yay tətilində atası ona bir marş öyrədir və deyir ki, bunu müəllimin Bülbülün yanında oxu. Amma yanınızda heç kim olmasın. Sən demə, Bülbül həmin marşın ilk ifaçıları sırasındaymış (Şuşada doğulan Bülbül o vaxt Gəncədə yaşayırdı—S.İ.). Mobil Əhmədov Bülbülə marşı zümzümə edəndə, o, marşı onunla birgə oxumağa başlayır... Və Mobilə deyir ki, bu marşı nota köçürüb saxlamaq və Fikrət Əmirova atasından yadigar kimi vermək lazımdır. Mobil müəllim tələbə yoldaşı Firudin Mehdiyevlə birlikdə gizlicə onun bir bəndini nota köçürüb və not yazısını Fikrət Əmirova verib».

MOBİL ƏHMƏDOV O MARŞI HƏR ZAMAN ZÜMÜZÜMƏ EDİRDİ

Zakir Muxtarov deyir ki, Mobil müəllim o marşın bir bəndini həmişə zümzümə edirdi:

«Marşın mətninin digər bəndlərini biz Salman Əhmədlinin arxivini araşdırarkən tapdıq. Əski ərəb əlifbasıyla yazılmışdı. Marşı yenidən bərpa etdik və 2008-ci ildə (Cümhuriyyətin 80 illiyində--S.İ.) yenidən səsləndirdik. Atasının marşını kiçik oğlu Bəşir Əhmədli Gəncəli qocaman tarzən Hüseyn Verdiyevlə birgə ifa etdi. Həmin fraqmenti filmə də daxil etdim».

ATASI GƏNCƏ ÜSYANINDA ÖLDÜ, ÖZÜ YARALANDI...

Aparıcının: «Bəs «Ər paşam Nuru!» deyən gəncin sonrakı taleyi necə oldu» sualına Zakir Muradov belə cavab verdi:

«Salmanın atası İmamqulu Ziyadoğlular nəslindən idi. «Difai» təşkilatının üzvlərindəndi. Anası Münəvvər xanım da, dediyim kimi, Nağı bəy Şeyxzamanlının böyük bacısıydı. İmamqulu 1920-ci ildə bolşeviklərə qarşı olan Gəncə üsyanında həlak olub...
Azərbaycan ordusunun orkestri - 1918
Azərbaycan ordusunun orkestri - 1918
Özü də Gəncə üsyanında yaralanıb və ömrü boyu bədənində qəlpə gəzdirib. Salman Əhmədli Azərbaycan Dövlət Universitetinin ilk məzunlarından olub. Görkəmli türkoloq Bəkir Çobanzadə ona dərs deyib. Hətta Əli bəy Hüseynzadə 1-ci Türkoloji Qurultaya gələndə (1926-cı ildə--S.İ.) onlara mühazirə oxuyub. Salman özü də Türkoloji Qurultayın texniki heyətində iştirak edib».

70 İL ÖMÜR SÜRDÜ

Zakir Muradov deyir ki, 70 il yaşayan Salman Əhmədli çox sakit bir adam olub:

«Şərq ədəbiyyatını, ərəb-fars dilini dərindən bilirmiş. 30 il ərzində Füzulidən ilhamlanaraq gizlicə «Leyli və Məcnun» adlı mənzum roman yazıb. Heç çap etdirmək fikrində də olmayıb. Çox şükür ki, onun bu əsərini nəşr etdirmək mümkün oldu».

MÜŞFİQİ GÜLLƏLƏYƏNDƏ...

Zakir Muradlı Salman Əhmədlinin sürgündə olduğunu da bildirdi:

«Müşfiqi güllələyəndə, bu əhvalat onun qəlbini necə göynədibsə, bir şeir yazıb «Ədəbiyyat» qəzetinə yollayıb: Müşfiq! Nə qədər də mənalı, dərin! Adı şeiriyyət tək incə, nazənin» və s. O, Müşfiqlə, Əhməd Cavadla, Hüseyn Cavidlə dost olub. Səməd Vurğunla Gəncə Pedaqoji Texnikumda dərs deyib. Qəzetə yolladığı məktuba NKVD cavab verib. Həmin şeirin üstündə onu ailəsi—həyat yoldaşı və 7-8 yaşlı oğlu Mobillə birlikdə Krasnovodska sürgün ediblər. İki ildən sonra müharibə başlayıb və onlar Vətənə dönüblər...».

FİKRƏT ƏMİROVUN ƏSƏRLƏRİNDƏ HƏMİN LADLAR HİSS OLUNUR

Zakir Muradovun fikrincə, Fikrət Əmirovun bəzi əsərlərində həmin ladlar hiss olunur:

«Dediyim kimi, atasının bəstələdiyi marşı Fikrət Əmirova veriblər və təbii ki, o da gizlicə saxlayıb onu. Fikrət Əmirovun «Azərbaycan kapriççiosu» və «Bayatı-Şiraz»ında həmin ladlar hiss olunur».
XS
SM
MD
LG