Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:44

Yeni orfoqrafiya lüğətində nələr dəyişəcək?


Fəxrəddin Veysəlli
Fəxrəddin Veysəlli
«Azərbaycan dilinin orfoqrafiya lüğətini avtoritarlıqdan çıxarmaq lazımdır».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına MEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktor əvəzi, Filologiya doktoru, prof. Fəxrəddin Veysəlli söylədi.

YENİ LÜĞƏT NƏŞRİ SADƏ İŞ DEYİL

Yeni orfoqrafiya lüğətinin çapından danışan F. Veysəlli bu işin çox ağır zəhmət tələb etdiyini dedi: «Bu, sadəcə sözlərin sıralanması, əlifba sırası deyil, bu, çox əziyyətli işdir. İndiyə qədər bizim lüğətlərimiz avtoritar olub - yəni, bir beynin məhsulu…İndi artıq dünya ayılıb. Bir adama inanmır. Lüğətləri avtoritarlıqdan çıxarmaq lazımdır. Xalqın istifadəsində olan sözləri biz lüğətlərimizdə əks etdirməliyik. Düzdür, çətin, böyük araşdırma tələb edən işdir. Bu sahədə bizdə indiyədək geniş iş aparılmayıb. Yalnız bir-iki nəfərin deyil, böyük bir toplumun arasında seçim etməliyik ki, o seçim bütün toplumu əhatə edə bilsin».

ORFOQRAFİYA LÜĞƏTİNİN TARİXİ…

Professor ölkədə orfoqrafiya lüğətlərinin tarixinin ötən əsrin əvvəllərindən başladığını bildirdi: «Kiçik həcmli lüğətlər olub. Üzeyir bəy də hazırlayıb, Sultan Məcid Qənizadə də, başqaları da. Əsl orfoqrafiya lüğəti 1960-cı ildə çıxıb. Cəmisi 40 min söz vardı. O dövr üçün bu, böyük sayılırdı. Bir də, lüğət 2004-cü ildə Nazirlər Kabinetinin qərarı ilə çapdan çıxdı. 80 min sözü əhatə edən yeni lüğətdə 36 orfoqrafiya qaydası müəyyənləşdirildi. Bu da, akademik Ağamusa Axundovun rəhbərliyi altında baş tutdu».

YENİ LÜĞƏTDƏ 100 MİN SÖZ OLACAQ!

Fəxrəddin Veysəlli 2004-cü ildən bəri bu sahədə güclü iş getdiyini bildirdi: «Bizim institutda lüğətçilik şöbəsi var. Lüğət məndən əvvəl Ağamusa müəllimin rəhbərliyi ilə işlənilib, xeyli söz əlavə olunub. 2004-cü ildə 80 min söz vardısa, bu dəfəki lüğətdə 100 min söz olacaq!».

DİLİN LEKSİK LAYI HƏR GÜN YENİ SÖZ GƏTİRİR

Qonağımız dilin leksik layının hər gün yeni söz gətirdiyini bildirdi:

«Müstəqillikdən sonra, təkcə Bakının küçələri ilə gəzin, görün nə qədər söz yaranıb?! Super market, dizayn, internet və s. Bu sözlər qaçılmazdır. Onları özümüzünkü ilə əvəz edə bilmərik. Bir məhsul kimdə istehsal olunursa, o adla da dünyada yayılır. Biz «internet» sözünü nə ilə əvəz edə bilərik ki?».

PİRAT ÜSULU İLƏ ÇIXAN LÜĞƏT…

Fəxrəddin müəllim pirat üsulu ilə yayılan «yeni» lüğətdən də danışdı: «Lüğəti çap edib yayıblar. Hamı da elə bilir biz çap etmişik. Orada bizim loqomuz da gedib. Amma bu orada yazıldığı kimi, lüğətin yenidən işlənmiş nəşri deyil, 2004-cü ildə çıxan nəşrinin yeni çapıdır. Diskini əldə ediblər, nəfis şəkildə çap edib 50 manata satırlar…Biz elan etdik ki, bu, qeyri-qanuni nəşrdir, oğurluqdur. Bunu Prezident Administrasiyasında da bilirlər».

DÜNYADA ALTERNATİV LÜĞƏTLƏR ÇOXDUR

Professor dünyada alternativ lüğətlərin olduğunu da diqqətə çatdırdı: «Amma nə qədər alternativ lüğətlər olsa da, müəyyən ortaq vəziyyət gözlənilməlidir. Məsələn, almanlarda bir neçə universal lüğətlər var - böyük həcmli - 600 min sözü əhatə edir. Yeni sözlərin əlavəsi də əsaslandırılandan sonra lüğətə düşə bilər. Hər institut lüğət tərtib edə bilər. Burada pis bir şey yoxdur. Əksinə, müqayisə imkanı yaranır. Almanların lüğəti 2 ildən bir dəyişdirilir. 1996-cı ildə almandilli dövlətlərdə islahatlar keçirildi, dilin orfoqrafiyasında dəyişiklik edildi (88 dəyişiklik) və bu yeni lüğətlərin yaranmasına səbəb oldu. Bu lüğətlərdə yeni yazılış formaları qırmızı xətlə göstərildi ki, oxucu düzəlişlərdən xəbər tutsun. Bizim bu lüğətdə qırmızı xətt olmasa da, gələcəkdə buraxacağımız lüğətlərdə qırmızı xətdən istifadəni nəzərdə tutmuşuq».

LÜĞƏT NƏ VAXT ÇIXACAQ?

Fəxrəddin Veysəlli bu məsələyə də aydınlıq gətirdi: «Biz ötən ayın ortalarında işimizi bitirib nəşriyyata təhvil verdik. Artıq çap texniki məsələdir. Onu da nəşriyyat həll edir. «Şərq-Qərb» nəşriyyatında çap olunur. Yəqin oktyabrın ortalarında hazır olar».

BU LÜĞƏT DƏ PİRAT KİMİ 50 MANAT OLACAQ?

Fəxrəddin Veysəlli aparıcının sualını belə cavabladı: «İnanmıram, inanmıram! Elə qiymət qoymaq lazımdır ki, hamı ala bilsin. Almanlarda, ingilislərdə, fransızlarda, hətta ruslarda lüğət çox bahadır. Bizim yaşayış şəraitimiz onlarınkı kimi deyil ki?!... Bir də, qiymət qoymaq bizim səlahiyyətlərimizə daxil deyil, nəşriyyatın işidir».

- Fəxrəddin Veysəlli sözlərin yazılışındakı dəyişikliklərdən daha nələr söylədi?

«İz» proqramını buradan dinləyin.

XS
SM
MD
LG