Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:01

Avropa Şurasında Ramil Səfərov debatı olub



Oktyabrın 4-də Avropa Şurası Parlament Assambleyasında Ramil Səfərovun Macarıstandan Bakıya verilməsi və dərhal da azadlığa buraxılması ilə bağlı müzakirə keçirilib. Ermənistan nümayəndə heyətinin üzvü Levon Zourabyan müzakirədə bildirib ki, Azərbaycanın bu addımı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair sülh danışıqlarına ciddi maneə yaradır və tərəflər arasında qarşılıqlı etimad əldə olunmasına zərbə vurur.

Ermənistan nümayəndə heyətinin rəhbəri David Harutyunyan isə məsələnin həm də bir insan haqları problemi olduğunu iddia edib:

- Bu sadəcə Azərbaycanla Ermənistan arasında bir məsələ deyil. Bu, ədalət mühakiməsinin yarımçıq qalması, əsas insan azadlığının, yaşamaq hüququnun pozulması deməkdir.

Müzakirədə Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu hadisədən bəzi dairələrin öz siyasi məqsədləri üçün istifadə etdiklərini deyib: "Bu bir faciədir. Hesab edirəm ki, bəzi qüvvələr və dairələr bu faciəni daha çox siyasiləşdirərək, manipuliyasiya etməyə çalışırlar.

1992-ci ildə 3 erməni bir azərbaycanlı qadın jurnalisti amansızlıqla qətlə yetirirlər. Bu qadın Azərbaycanda tanınmış jurnalist Salatın Əsgərova idi. Azərbaycan hökuməti o vaxt, bu hadisədən iki il sonra bu qatilləri erməni tərəfinə təhvil verdi. Bəs Ermənistan neylədi? Dərhal onları azadlığa buraxdı.

1996-cı ildə Bakı metrosunda terror aktını həyata keçirdiyi üçün ölüm hökmünə məhkum olunmuş bir erməni terrorçusu da bizim tərəfimizdən erməni tərəfinə təhvil verildi və dərhal azad edildi.

2001-ci ildə Ermənistan Avropa Şurasının tamhüquqlu üzvü qəbul olunduğu bir vaxtda Fransadan Ermənistana terrorçu ekstradisiya olundu. Həmin terrorçu Parisin Orli aeroportunda terror aksiyası törətmişdi, dinc insanlar ölmüşdü. O da Ermənistana təhvil verildi, hökumət onu dərhal azad etdi, ona mənzil verdilər, qəhrəman kimi qarşıladılar və hətta dövlət rəsmiləri də onunla görüşdülər.

Azərbaycanla bağlı danışmamışdan əvvəl bui faktlara diqqət yetirmək lazımdır”.

Müzakirə zamanı Macarıstandan olan deputat İmre Vejkey deyib ki, Ramil Səfərov məsələsi tamamilə hüquqi bir addım olub, o, Ermənistana qarşı yönəlməyib və erməni xalqının təhqir olunması kimi yozula bilməz.

Azərbaycan ordusunun zabiti Ramil Səfərov 2004-cü ildə Macarıstanın paytaxtı Budapeştdə NATO-nun təlimləri zamanı Ermənistandan olan zabiti öldürüb. Ramil Səfərov onu Azərbaycan bayrağını təhqir etdiyi üçün öldürdüyünü deyir.

Buna görə ömürlük azadlıqdan məhrum edilmiş Ramil Səfərov bu il avqustun 31-də Azərbaycana təhvil verilib, Bakıya düşən kimi də prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
XS
SM
MD
LG