Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:32

Amnesty “oxuma” dedi, Rihanna oxudu


Rihanna (solda) və Şakira
Rihanna (solda) və Şakira
.


AMNESTY “OXUMA” DEDİ, RİHANNA OXUDU

Maraqlıdır ki, Amnesty İnternational beynəlxalq insan haqlarını müdafiə təşkilatının Rihanna-nı və Shakira-nı Bakıda oxumamağa çağıran bəyanatı barədə Qərb, ələlxüsus da ABŞ və Britaniya mətbuatı geniş məlumat yaymışdı.

Lakin Amnesty kimi təşkilatın “sözünün yerə düşdüyü” barədə heç bir qəzet heç nə yazmayıb.

Amnesty İnternational əvvəllər təkcə müğənniləri yox, transmilli neft-qaz şirkətlərini də avtoritar rejimlərə malik ölkələrdə iş görməməyə çağırıb.

Onlara “iş görmə” demək, “qazanma” deməkdir. Çünki bu şirkətlər bütün planet boyunca milyardlarla dollar pul qazanırlar.

Nə isə bu, öz yerində. Mən Azərbaycanda iş görən transmilli şirkərlər barədə yazmaq fikrində deyiləm.

Lakin əgər sual edilsə ki, Rihanna-mı böyükdür, Amnesty İnternational təşkilatımı – cavab göz qabağındadır:

Amnesty-nin dünya boyunca 3 milyon üzvü və tərəfdarı var. Rihanna-nın təkcə Twitter-dəki tərəfdarlarının sayı 29 milyondur.

Bu iki rəqəmi müqayisə edəndə görürük ki, insan haqları kimi məsələlərlə dünyanın yalnız 10 faizi məşğuldur və ya bundan narahatdır.

RİHANNA SEVGİLİSİ İLƏ BARIŞACAQMI?

Təxmin etdiyim statistikanı davam etdirsəm, planet əhalisinin yerdə qalan 90 faizinı bir sual narahat edir:

“Rihanna onu döyüb əzişdirmiş və xəstəxanaya salmış keçmiş sevgilisi Chris Brown-la barışacaqmı?”

Hər halda, Britaniyada bulvar mətbuatı ilə ciddi mətbuat arasında ləngər vuran “The Daily Mail” qəzeti Rihanna-nın Bakı konsertindən sonra məqalə ilə çıxış edən yeganə qəzet olub.

Və bu məqalədə də söhbət Amnesty-nin çağırışından yox, müğənninin sevgi problemlərindən gedir.

Maraqlıdır ki, Azərbaycanda internet qəzetlərindən birində Rihanna-ya həsr olunmuş məqaləyə şərh yazanlardan biri məhz bu sualı vermişdi: “Görəsən Rihanna-nın keçmiş sevgilisi də Bakıya gəlibmi?”

İnanıram ki, Bakıda bu sual çoxları üçün, “görəsən anasının evinə qayıtmış qonşu qızı, “pyaniskə” əri ilə barışacaqmı” sualı qədər aktualdır.

“ARVAD XALÇA KİMİ ŞEYDİR”

İndi isə belə suallara cavab axtaranların təşnəsini həmin o “The Daily Mail” qəzetinin məqaləsi ilə söndürməyə çalışacağam.

Qəzet yazır ki, şaiyələrə görə müğənninin Chris-lə barışdığı söylənir.

Qəzet bunu da xəbər verir ki, Rihanna Bakının Crystal Hall konsert salonunda çıxış edərkən də keçmiş sevgilisinə bir növ acıq verməyə, və ya milli mentalitetimizə uyğun terminologiya ilə desək “naz etməyə” çalışıb.

Ulduz, Twitter tərəfdarlarının bu barədə suallarına belə cavab verib: “Heç kimə qalmayıb, mən bilərəm, mənim can-ciyərim bilər”...

Rihanna və Chris-in təkararən bir araya gəlməsinin xeyir-duasını həmçinin müğənni və televiziya aparıcısı Oprah Winfrey də verib.

Oprah-ın verilişindəki müsahibəsində Rihanna atası Ronald Fenty-nin də ona qarşı fiziki zorakılıq tətbiq etdiyini və artıq atasını bağışladığöını bildirmişdi.

Oprah inanır ki, atasının zorakılğını bağışlayan qızcığaz, sevgilisinin də zorakılığını bağışlaya bilər.

Mənimsə, bir ləzgi dostumun dediyi bir kəlam yadıma düşür: “Arvad xalça kimi şeydir, çırpdıqca rəngi açılır”.

Mən bu deyimi qətiyyən bölüşməsəm də, görünür, “The Daily Mail” bölüşür.
Qəzet yazır ki, Rihanna-nın Bakı səfəri zamanı üzündəki böyük təbəssüm onun keçmiş sevgilisi üçün imiş.

AMNESTY “OXUMA” DESƏ DƏ, SHAKİRA DA OXUYACAQ

“The Daily Mail” qəzetinə inansaq, hətta altı aylıq hamilə olaraq oxuyacaq.

Müğənni elan edib ki, sevgilisi Gerard Pique-lə iki il bir yastığa baş qoyduqdan sonra, nəhayət dünyaya övlad gətirməyə hazırlaşır.

Müğənni hamilə olduğunu göstərən fotolarını Facebook vasitəsilə yayıb və 400 min nəfər onu dərhal təbrik edib.

Qəzet hamiləliyin kifayərt qədər irəliləmiş müddətində Bakıya necə uçacağı barədə heç nə yazmayıb.

Qərb avisasiya şirkətləri adətən belə hallarda sərnişinin uçması üçün problem yaradırlar.
O başqa sözdür ki, Shakira AZAL şirkəti ilə uçmağı qərara alsın.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG