Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:46

Sərgiyə gəl, həm də özünlə albom apar


Səttar Bəhlulzadə
Səttar Bəhlulzadə
-
«İndiyə qədər nəşr etdirdiyimiz kitablar hər bir evin kitab rəfini bəzəməyə layiqdir!».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına Xalq Bankın «Xalq Əmanəti» layihəsinin növbəti—altıncı təqdimatında bankın mətbuat katibi Elşən Eynullayev dilə gətirdi.

SƏTTAR BƏHLULZADƏNİN YERİ GÖRÜNÜRDÜ

Onun dediyinə görə, bu kitabların arasında Səttar Bəhlulzadənin yeri görünürdü:

«İndiyədək xalq şairləri Hüseyn Arif və Məmməd Arazın şeir topluları çox nəfis şəkildə çap edilib. Xalq rəssamları Maral Rəhmanzadənin, Böyükağa Mirzəzadənin, istedadlı rəssamlar Validə Səfərovanın, Mahmud Tağıyevin albomlarını nəşr etmişik. Odur ki, bu dəfə dahi rəssamımız Səttar Bəhlulzadənin yaradıcılığına müraciət etdik».

HƏR BİR NƏŞR ÜZƏRİNDƏ PEŞƏKARLAR ÇALIŞIR

Elşən Eynullayev «Xalq əmanəti» layihəsində həmişə peşəkarların çalışdığına diqqətə yetirdi:

«Azərbaycanın ən məşhur mətn yazarları, fotoqrafları, kitab çapı üzrə mütəxəssislər bu layihəyə cəlb olunub. Layihə üzrə çap olunan kitablar da biryönümlü deyil. Söz, musiqi, incəsənət sahələrini əhatə edir. Ona görə də, hər bir nəşr üzrə geniş kollektiv çalışır».

SƏTTARIN GÜNDƏLİKLƏRİ, ESKİZLƏRİ, ƏLYAZMALARI ...

Mətbuat sözçüsü alboma daxil olan rəsmlərin hətta şəxsi saxlancları da əhatə etdiyini dedi:

«Bu, həm Azərbaycanda, həm də ölkə xaricində qorunan əsərlərdir. Səttar Bəhlulzadənin bütün yaradıcılıq dönəmlərini əks etdirən əsərləri, eskizləri, hətta indiyədək çap olunmayan əlyazmaları, şəxsi gündəliklərindən faydalanmışıq».

ALBOM KİMLƏRƏ PAYLANACAQ?

Elşən Eynullayevin fikrincə, bu layihə xalqın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərin dünyaya tanıdılması məqsədini güdür:

«Bu seriyadan olan kitablar hədiyyəlikdir və üç dildə--Azərbaycan, rus, ingilis dillərində çap olunub. Ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarına, eləcə də sənətsevərlərə hədiyyə olunacaq».

NÖVBƏDƏ «AZƏRBAYCAN SİKKƏLƏRİ» ALBOMUDUR

Elşən Eynullayev 7-ci—növbəti nəşrin nə olacağını da «İz» proqramından gizlətmədi:

«Azərbaycanın müstəqilliyin 20 illiyinə həsr olunmuş toplu olacaq. İki minillik dövlətçilik tariximizin bütün mərhələlərində Azərbaycanda zərb edilən sikkələr bir albomda toplanacaq. «Azərbaycan sikkələri» adlanacaq albom çox maraqlı olacaq».

SƏRGİYƏ GƏLİN, HƏM DƏ BU NƏFİS ALBOMU APARIN!

Müsahibimiz sərginin ekspozisiyasının oktyabrın 13-dən dekabrın 18-dək davam edəcəyini bildirdi:

«Səttar Bəhlulzadənin əsərləri «Xalq Bank»ın İnşaatçılar prospekti 221 ünvanda yerləşən Baş Ofisində, 16-cı mərtəbədə sərgilənir. Maraqlananlar iş günləri saat 18-dən 21-dək, şənbə və bazar isə 10-dan 16-dək sərgiyə baxa bilərlər. Giriş sərbəstdir. Hər gələn ziyarətçi Səttar Bəhlulzadənin nəfis albomunu da özü ilə hədiyyə apara bilər».
XS
SM
MD
LG