Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:58

Britaniyada çətənəni leqallaşdırmaq çağırışı edilib


Çətənə kolu
Çətənə kolu
«Az miqdarda, şəxsi istifadə üçün çətənəni leqallaşdırmaq lazımdır».

«The Guardian» qəzeti yazır ki, Britaniyada narkotik maddələrə dair ölkə qanunlarının 6 illik təhqiqatı ilə məşğul olmuş qrup bu qənaətə gəlib.

Qrupsa aparıcı alimlərdən, akademiklərdən, polis zabitlərindən və narkotik maddələr üzrə ekspertlərdən ibarətdir.

Təkcə onu demək kifayətdir ki, bu komissiyaya baronessa Ruth Runciman rəhbərlik edir və onun üzvləri sırasında Britaniya Tibbi Araşdırmalar Şurasının keçmiş rəhbəri professor Colin Blakemore da var.

Müstəqil xeyriyyə məşvərət qurumu olan Birləşmiş Krallıq Narkotik Maddələr Siyasəti Komissiyasının (UK Drug Policy Commission (UKDPC), hesabatında deyilir ki, narkotik maddələrin fərdi şəxslər tərəfindən kiçik miqdarda saxlanması bundan belə cinayətkar əməl hesab edilməməlidir. Bu, narkotik maddələrdən istifadəni əhəmiyyətli dərəcədə artırmayacaq.

Heroin
Heroin
Ekspertlər hesab edirlər ki, hər il təxminən 42 min nəfərə qarşı cinayət işinin qaldırılması, 160 min adama narkotiklərlə bağlı xəbərdarlıqların verilməsi inzibati cərimələr və ya narkotik maddələrə alışqanlıqdan müalicə edən mərkəzlərə verilən göndərişlərlə əvəz oluna bilər.

NARKOMAN DİBÇƏYİ PLANTASİYALARA QARŞI

Komissiya həmçinin tövsiyə edir ki, şəxsi istifadə üçün az miqdarda çətənə əkilməsinə icazə verilməsi mütəşəkkil cinayətkarlığın qanunsuz çətənə plantasiyalarına və sexlərinə ağır zərbə vura bilər.

Lakin hesabatda heroin və kokaindən istifadə haqqında qanunların qüvvədə saxlanması tövsiyə olunur.

Bu hesabat Britaniyada 12 il əvvəl açıqlanmış nüfuzlu Polis Fondunun hesabatından sonra ən böyük sənəd hesab olunur.

Polis Fondunun hesabatında da çətənə saxlamağa görə azadlıqdan məhrumetmənin ləğvi tövsiyə olunurdu.

Son hesabatda isə deyilir ki, son vaxtlar Britaniyada narkotiklərdən istifadə azalsa da, hələlik narkotik maddədən asılı 380 min adam var.

Bununla belə, 173 səhifəlik hesabatda qeyd olunur ki, «narkotik maddələrdən istifadə edənlərin əksəriyyəti heç bir problem yaşamır və bəzi məlumatlara görə narkotik maddələr bəzən xeyir də verə bilər».

Hərçənd hesabat bu xeyrin nədən ibarət olduğunu xırdalamır.

Arxiv foto
Arxiv foto
Hesabata görə, narkotiklərdən istifadə insana qumarbazlıqdan və ya yağlı yeməkdən daha çox ziyan vurmur.

Lakin çətənədən istifadəni tövsiyə edən hesabatda deyilir ki, hətta böyük narkotik maddə partiyalarının polis tərəfindən yaxalanması da bu bazara elə ciddi təsir göstərmir və məktəblərdə aparılan maarifləndirmə narkotik maddələrdən istifadəyə daha çox həvəs yaradır.

ÇEXİYA VƏ PORTUQALİYA BUNU ARTIQ EDİB

Hesabat müəllifləri narkotik maddələri fərdi istifadə üçün kiçik miqdarda saxlayanlara qarşı cinayət məcəlləsinin tətbiq edilmədiyi ölkələri – Çexiya və Portuqaliyanı nümunə göstərirlər.

Onlar bildirirlər ki, bu ölkələrdə narkotik maddələrdən istifadə artmayıb.

Hesabat təklif edir ki, hökumət narkomanlara sadəcə olaraq «narkotiklərdən daha məsuliyyətlə istifadə olunmasını tövsiyə etməlidir».

Yeri gəlmişkən, bu hesabat bəzi tənqidçiləri o qədər əsəbiləşdirib ki, onlar hətta siqaret və alkoqollu içkilərin də nəzarət edilən maddələr siyahısına salınmasını tələb ediblər.

«The Daily Mail» qəzetində dərc olunmuş məqaləyə görə, çətənədən istifadəyə qarşı mübarizə aparan qeyri-hökumət təşkilatlarından birinin rəhbəri Mary Brett deyib ki, «hesabat müəllifləri sadəcə olaraq özlərinə hesabat vermirlər. Narkotik maddələr ona görə qadağandır ki, onlar təhlükəlidir. Çətənənin kimyəvi elementləri insan beynində «oturduqdan» sonra başqa maddələrin yolunu kəsirlər, bu isə beynin normal funksiyasını pozur».

HÖKUMƏT GÜZƏŞTƏ GETMƏYƏCƏK

Theresa May
Theresa May
Britaniyanın daxili işlər naziri Theresa May bildirib ki, narkotik maddələrin leqallaşdırılmasından söhbət gedə bilməz.

O deyib ki, «çətənə narkomaniyanın giriş qapısıdır və daha ağır narkotiklərin aludəçiliyinə gətirib çıxarır».

Britaniya hökuməti bildirir ki, son illər ölkədə narkotiklərdən istifadə azalsa da, bu, əksər ölkələrin göstəricilərindən iki dəfə yüksəkdir.

Britaniyada hər on nəfərdən birinin narkotikin ən azı «dadına baxdığı» qeydə alınıb.

Halbuki qlobal rəqəm bundan iki dəfə azdır.
XS
SM
MD
LG