Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:53

Susan dostlara «Ağac»la cavab...


Namiq Hüseynli
Namiq Hüseynli
-
««Ağac» dərgisi susan dostlarımıza cavab kimi nəşr olundu».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına «Ağac» dərgisinin redaktoru Namiq Hüseynli söylədi.

HAKİMİYYƏTİN YARATDIĞI DİL—ÖLÜ DİLDİR...

Onun dediyinə görə, əqidə dostlarından bir neçəsi hökumət saytlarında çalışmağa başlayandan dəyişib:

«Mən onlara mövzu təklif edirəm, amma deyirlər ki, yox, yox, o saytda buna icazə yoxdur. Çünki hökumətindir, ordan pul alıram. Bax, bir çox dostlarımız beləcə susdular... Bu dərgi də, bir növ onlara etiraz kimidir. Tək susqunlara yox, həm də dilin hakimiyyətinə tabe olanlara. Bir tərəfdən də, hakimiyyətin yaratdığı dil var—bu, ölü dildir. Rolan Bart da deyirdi ki, hakimiyyətin yaratdığı dil daim təkrarlara əsaslanır. Yəni, hakimiyyət daim eyni şeyi təkrarlayır».

YAZIÇI ƏN QORXAQ, ƏN ZƏİF TAYFADIR?!

Namiq Hüseynli yazıçıların bəzən bu stereotiplərə uymağa məcbur olduğunu bildirir:

«Çünki yazıçı ən qorxaq və zəif tayfadır. Başqa bacardıqları iş də yoxdur. Demək, qazanc da yoxdur... Odur ki, əksər yazıçı hakimiyyətə təslim olur. Rejim dəyişəndən sonra isə başlayırlar ki, bizi o vaxt məcbur edirdilər. Hətta bəziləri deyir ki, mən də dissident olmuşam, amma üstüörtülü...».

YAZIÇI HƏR ŞEYƏ MÜXALİF OLMALIDIR—HAVAYLA DA, SUYLA DA...

Namiq Hüseynlinin düşüncəsinə görə, yazıçı hər şeyə müxalif olmalıdır:

«Hətta hakimiyyət yaxşı olsa belə... Həmişə müxalif tərəfdə olmalı, müxalif düşüncəyə dəstək verməlidir. Havayla da müxalif olmalıdır, suyla da—cəmiyyətlə də!».

NƏYƏ GÖRƏ POST-MODERNİSTİK?

Namiq Hüseynli bu sualı özü-özünə verdi və belə cavabladı:

«Postmodernizm o vaxt yarandı ki, yazı adamları avtoritar rejimlərin əlində oyuncağa çevrilmişdi. Lap bizdəki kimi... Kommunistlərin kommunizmi, faşistlərin də faşizmi dəstəkləyən yazarları var idi. Bir də, onların əleyhinə olanlar vardı. Bunlar da hansısa rejimi dəstəkləyirdi. Postmodernizm hakimiyyətə qarşı yaranmış bir cərəyan idi. İstənilən növ hakimiyyətə hakimiyyətin köklərini qazımağa qarşı yaranmışdı. Mənim sevdiyim Rolan Bart dilin hakimiyyətinə qarşı, avtoritar rejimlərin hakimiyyətinə qarşı çıxıb. O deyir ki, dil özü bir növ faşistdir, o, insanı nə isə deməyə məcbur edir. Onu danışdığına görə ya mükafatlandırırlar, ya da cəzalandırırlar. Faşizm susdurmaq deyil, danışdırmaqdır. Faşizm onun istədiyi kimi danışmaqdır. Bu da, bir az əvvəl dediyim kimi, bizim ədəbi mühitə çox bənzəyir...».

-- Namiq Hüseynli indiki tərcümələr barədə nə dedi? Sovet dövrü ilə müqayisədə hansına üstünlük verdi?
-- Tərcümə əsərləri buraxan nəşriyyatlar barədə nələr danışdı?
-- Namiq Hüseynli hansı dilləri bilir? --Hansı müəllifləri sevir?
-- Tərcümə dərgisini hansı vəsaitlə nəşr edir?
-- Dərginin adı niyə «Ağac»dır?
-- «Ağac» dərgisi materiallarını necə seçir? Hansı qaynaqlardan faydalanır?
--Dərginin sonuncu—4-cü sayında nələr olacaq?


Gənc yazıçının maraqlı söhbətini buradan dinlə.


XS
SM
MD
LG