Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:32

Rəhman Bədəlov: «Bizi yalnız hamam birləşdirir»


Rəhman Bədəlov
Rəhman Bədəlov
-
AzadlıqRadiosunda «10 Sual» rubrikasının ilk ünvanı filosof Rəhman Bədəlovdur.

- Rəhman müəllim, hər həftənin üçüncü günü sizin hamam gününüzdür. Dostlarla bir neçə saatı hamamda keçirdirsiniz. Niyə məhz həmin gün və niyə məhz hamamda?

- Hə, 25 ildir ki, belədir. O vaxtlar şənbə-bazar günləri adam çox olurdu deyə, biz bu günü seçdik. Amma niyə məhz hamam, bilmirəm. Görünür, orada özümüzü daha rahat hiss edirik. Əvvəl dörd nəfər idik. Sonra biri insult olub aradan çıxdı. İndi üç nəfərik. Əslində biz dost deyilik. Yəni, kənarda görüşmürük. Bizi yalnız hamam birləşdirir. Hamamdan kənar, düşüncələrimiz də fərqlidir. Bir yerdə özümüzü yaxşı hiss edirik. Çay içirik, söhbət edirik, üç-dörd saat necə keçir, mən bilmirəm. Sonra evə...

- Tək yaşadınız Liberta xanımın vəfatından sonra. Nə vaxta qədər tək yaşayacaqsınız?

- Tək deyəndə ki, nəvələrimlə görüşürəm. Hər gün harasa gedirəm. Amma belə, hə, tək yaşayıram. Bu vaxtadək tək yaşamışam, görünür, axıracan da tək yaşayacam (gülür).

- Bəs axırdan sonra nə olacaq?

rəhman bədəlov

Rəhman Bədəlov

1937-ci ildə Bakıda anadan olub. Fəlsəfə elmləri doktoru, professordur. Mədəniyyətə və sosial problemlərə dair bir neçə kitabın və 400-dən artıq elmi və publisistik məqalənin müəllifidir. Hal-hazırda Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun İdrak Nəzəriyyəsi şöbəsinin baş elmi işçi vəzifəsində çalışır.
- Axırdan sonra ölümdü də (gülür). Ölümdən qorxmuram. Amma bir normal adam kimi ölümqabağı xəstəlikdən, zəiflikdən qorxuram. Başa düşürəm ki, qızımın üç uşağı var. Onun problemləri çoxdur. Müəyyən çətinlikləri ola bilər məndən sonra. Amma oturub bunu düşünərək həyatımı korlamayacam ki. Yəqin ki, bir çarə tapılar da.

Ayaqlarım və beynim işləməyəcəksə-yəni gəzə və düşünə bilməyəcəyim halda istəməzdim yaşayım. Mən hətta intiharın tərəfdarıyam. Hesab edirəm ki, insanın intihar haqqı olmalıdır. Dindarlar deyirlər ki, bu, günahdır. Mənə isə elə gəlir ki, günah deyil. Amma mən hələ tələsmirəm (gülür). Qocalığım çox komfortda keçir. Heç məni sıxmır. Qazandığım qane edir. Nəvələrə hədiyyə ala, kiminləsə kafeyə gedib oturub sonra hesabı verə bilirəm. Yəni, 72 yaşda özümü çox normal hiss edirəm.

- Rəhman müəllim, ümumiyyətlə Siz kimsiniz?

- Bir fərd olaraq deyə bilərəm ki, mən daxilən çox sakitəm. Düzdür, əsəblərim o qədər də güclü deyil və bəzən coşuram. Amma sonra da buna görə peşman oluram. Mən həmişə özümə «seyrçi» deyirdim. Doğrudan da, müəyyən dərəcədə seyrçiyəm. Belə bir təsnifat da var. Deyir «adamlar var yığmağa, adamlar var yarışmağa, adamlar da var baxmağa gəlirlər bu dünyaya». Mən təbii ki, baxmağa gəlmişəm. Amma deyirlər mən tam seyrçi deyiləm. Özüm də bilirəm ki, müəyyən mənada iştirak etməyə meylliyəm. Yəni, böyük mənada yox, amma xırda mənalarda dünyanı dəyişdirmək istəyirəm (gülür). O meyllər məndə var. Amma ümumiyyətlə mən seyrçiyəm.

- Seyrçi bu zəmanəni necə xarakterizə edir?

- Faciə və komediya janrında ifadə etsəydim, deyərdim bu zəmanə mənim üçün traqifarsdır. Və zəmanənin traqifars olması məni bədbinlikdən xilas edir. Hər halda bu dövrə gülüşlə yanaşmaq olar. Xeyli gülməli şeylər var. Deyək ki, hakimiyyətin avropalı deputatlara qara kürü verməsi məsələsi. Veriblər, verməyiblər, bilmirəm. Hər halda bu şayiə yayılıb. Və ya Gülər Əhmədova məsələsi. Bunlar hamısı mənim üçün çox gülüncdür. Yəni, komediyadır. Mən kino çəksəydim, bizim dövrdəki bizim ölkədən, belə traqifars şeyləri çəkərdim. Ah-nalə olmazdı orada. Bu mənada mənim qocalığımın normal keçməsinin bir tərəfi də onunla bağlıdır ki, vəziyyət total deyil. Bax, görüşüb nədən istəyirik danışırıq. Yuxarıdakılar bizi saymırlar, öz işləridir. Hər halda biz də onları saymaya bilirik (gülür). Yəni, bu, artıq xoşbəxtlikdir. Bu cür yaşam mənə rahatlıq verir.

- İndiki dövrdə insanlarla heyvanlar arasında fərq nə qədərdir Sizin fikrinizcə?

- Heyvanlardan fərqli olaraq insanlar oynamağa meylli olub həmişə. Azərbaycanla əlaqədar deyə bilərəm ki, bu oyunsayağı meyllər indi azalıb. İnsanlar özlərinə də, işlərinə də çox ciddi yanaşırlar. Və o ciddilik pul qazanmağa yönəlib, başqa məqsədi yoxdur. Bu qədər ciddiyyətlə pul qazanmaq meylini həyatın mənası kimi qəbul etmək mənim üçün gülüncdür. Yəni, insanlar çalışırlar, vuruşurlar, çox ciddidirlər. Amma soruşsan ki, bu, nədir, sən nə istəyirsən, məlum olacaq ki, səbəb nə yaradıcılıq, nə kreativ ideya, hətta məhəbbət də deyil. Evlənmək istəyən gənclə maraqlanırsan, məlum olur ki, yaradıcılığı sevmir, qeyri-adi şeyləri sevmir, dəliliyi sevmir. Mənasızdır yəni...

Heyvanlar isə necə var idilər, elə də qalıblar. ölümdən yalnız onunla üzləşəndə qorxurlar.

- Hər şeyin axırı necə olacaq ?

- Mən, doğrusu, dünyanın axırının gəlməsi barədə deyilənlərə inanmıram. Məndə belə bir vahimə yoxdur. O mənada çox nikbin adamam. Mən olmayacam, dünya olacaq. İnsan bir tərəfdən itirəcək, digər tərəfdən qazanacaq. Ona görə də, hər şeyin axırı olmayacaq. Hər şey davam edəcək və davam edəcək.

- Sizi həbs eləsələr, neylərsiniz?

- (Gülür) Mənə elə gəlir ki, məni həbs eləsələr, ölərəm. Yəni, dözə bilmərəm. Emin Milli deyib ki, «orada kütləvi tualetdir». Məsələn, yemək az olsun, çarpayı pis olsun, mən onların hamısına dözərəm. Amma o kütləvi tualet olan yerdə mən yaşaya bilmərəm. Xaricdə olan həbsxanalarda isə qalmaq istəyərəm. Yəni, heç kim dəyib toxunmasın, çıxmaq qadağan olsun, oturub yazı-pozu ilə məşğul olasan.

- Bəs Sizi hər şeydən tamam azad eləsələr, neyləyərdiniz?

- Mən ölkə üçün, insanlar üçün siyasi müstəvidə azadlıq istəyirəm. Amma sırf özüm üçün mən şəxsən bundan artıq azadlıq istəmirəm. Bu azadlıq məni çox qane edir. İstədiyimi yazıram. İstədiyimi deyirəm. Eşitməyən daha çoxdur, amma eşidən də var. Söyən var, müdafiə edən də var (gülür). Yəni, daha çox azadlıq istəmirəm. Kifayət edir.

- Kimlərin canı daha çox sağ olsun, eşidənlərin ya eşitməyənlərin? Söyənlərin ya müdafiə edənlərin?

- (Gülür) Yox, hamısının canı sağ olsun? Düzdür, bəzi hallarda məndə nifrət də olur. Məsələn, keçmiş və indiki siyasi xadimlərə və sairə. Amma mən o məqamdaca başa düşürəm ki, nifrətin çoxluğu mənim zəifliyimdir. Yəni, söhbət nifrətin predmetindən yox, məndən gedir. Mən gərək çalışıb o nifrətə varmayım. Amma mən də insanam da. Bəzən qızışıram və deyirəm ki, «məsələn, filankəsdən alçaq adam yoxdur». Halbuki elə deyil. Mən özüm də sonra başa düşürəm ki, nə mən mələyəm, nə də o adam iblisdir.


XS
SM
MD
LG