Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:28

Məqsəd Nur. Bioloji (Hekayə)


-

Məqsəd Nur


Bioloji


...Onunkunu da qırtanda pülüyü dəlləyin ovcunda atdanırdı. Pülük bir-iki kərə atdandı, kütləşdi, dəlləyin ovcundaca başını yerə qoydu. Arvadlı-kişili hamı pülüyə baxırdı...

Bu kərtənkələlərin quyruğunu qırtanda xoşuna gedir! Birinin də quyruğunu qırta bildi. İki gün sonra birini də qırtdı. Sonra üçünü. Arada yoxa çıxdılar. Həftə sonra biri qayıtdı, pəncərəyə sərmələndi, eləbil quyruğu qırtlanan bu deyilmiş. Quyruğu qırtılan yer şüllütlənib azca uzanmışdı da. Dalınca o birilər də gəldilər, çoxaldılar... Hövsələdən çıxırdı: bağırdı, milçəkvuranla pəncərələrin ağzına, qapıya, künclərə cumdu...



1. Şarkimisi

Və it kimi çəmkirəndən sonra hər şey öz yoluna qoyuldu; O da çəkildi yatağına, BU da özünə yer salıb yorğanının altında hıçqırmağa başladı. O ağladı, yumşaldı, BUNUN beyninin içi od kimiydi. Üzüstə sərmələnmişdi, qurcalandı. Ayaqlarını, qollarını yanlara aralayıb KƏRKİNDİ, “HOPPANDI”. Gözlərini bərk-bərk yumdu: indi var gücüylə uçur, uçduqca beyninin içi isinir, dayanmaq bilmirdi - sınıq-salxaq qurğulara ilişir, yan keçir: zəhləsini tökürdülər. Fırlanıb qafasını bir də şəffaf şarın divarlarına döyəcləyir, ordan burulub BAŞQA yerlərə getmək, GÖRMƏK istəyirdi. Orda da bir-birinin içində duran şəffaf şarlar və şəffaf divarlar vardı. Bilirdi...

Sürünüb çarpayıdan yarıtərəfiynən sallandı, əlini yerdəki yorğanın altına saldı, yerdəkinin ayaqlarını sığalladı. Yenə sallandı, bir az yuxarıları əllədi - şarkimisini tapdı, şarkimisi nəfəs alırdı, ehmallıca, küt səslə döyünürdü. Getdi, getdi və əlinə keçənlərin içində hərləndi, istədiyi bir şey tapmadı, yenə şarkimisinə qayıtdı. Tərpəniş vardı, KÜT SƏS divarlara bel vurur, kəllə, ayaq, yan vururdu.
Beləcə, ŞARKİMİSİNİ sığallayıb başını üstünə qoydu...


2. Gəlin

- Gəlin, ay Gəliiin!!!
Gəlini vurmuşdu! Maşının sürətini də aldı, ayağı əyləncin dərinliklərində itib də təzədən geriyə qayıtdı. Sürəti təzədən dəyişdi, get-gedə bayaqkı həddə gətirdi və yolun ortasıyla şütüyürdü...

* * *

- Gəlin, ay Gəliiin!!!
Gəlinin bir ayağı yolun ortasındaydı, xallı zənbilini dəri gödəkçəsinin ətəyinə sürtə-sürtə, tənbəlcə addımını yolun ortasına qoyurdu...

* * *

- Gəlin, ay Gəlin!!!
Geri döndü. Gəlin yolun o tayıynan rahatca gedirdi, heç vecinə deyildi. Beynindən od keçdi, Gəlini vurmuşdu, bu bədbəxt qızı özü gəlib maşının altına girmişdi və o da çıxıb yoluna getməliydi...
Gedə-gedə öz-özünə gülürdü. Musiqini azaldıb Gəlini ağlından keçirtdi. Gəliniydi? Qaşlarından, telindən, boynundan, gödəkçəsindən, zənbilindən, yerişindən, qarnından Gəliniydi? Qarnını hardan gördü, qarnı vardımı? Yox, ortası içinə yapışmış qancığ kimiydi...

* * *

- Gəlin, ay Gəlin!!!
Gəlin geri çəkildi. Eyməndi. Qarnından sancı keçdi, qarğadı, Atasını söydü. Bismillah elədi...

* * *

Gəlin, ay Gəlin!!!
Baxdı.
- Sərçə! Vayy, sərçə! Qızıxmış bərk sürməseydi uçub ötərdi! Bir az da bərk uçseydi başıküllü, silkinəcəkdi...


3. İynə

- İynə, vayyy iynə! Başıbatmış canım...
Axır çərşənbə buğdası göyərmədi. Balaca qız elə hey ağlayıb deyindi, evin künclərində oturdu, əl-ayağa dolaşıb anasına sarmandı, lodur arpalardan xırda barmaqlarının arasına qoyub sıxdı, uzağa pırtlatmaq istədi, buğdalar qabıqdan çıxıb atılmadı, xıncalandı və canındakı suyu sifətinə atlandı. Deyindi, neynirəm buları, niyə cücərmir, dedi. Bilmirdi, kimdən yapışsın, anasının ətəyinnən savayı kimnən sallaşsın, bilmədi. Anasının ətəyində əliydi, arpa barədə sualına cavab almaqdan əlini üzmüşdü. Stola çıxdı, kupbuş əlləriynən kütümü sığalladı...

* * *

Onun başına yığışanda balığqarnı tikməyi gözləyən iynəni götürüb udmuşdu. Boğazındaydı. Gəlin körpə qızı döyür, ögürdürdü...


4. Əmanət

Bu tifilləri ona tapşırıblar?! Yuxudan ayılanda bildi ki, uşaqları ona tapşırıb gediblər. Onlar da qarışqa kimi yatağının yanlarında, ayağının altında dümələnir, biri lap iməkləyib dizindən sallanır. Neyçün bu qancıxlar durduqları yerdə bir sürü uşağı ona tapşırıb gözdən itiblər? Bunlardakı ürəyə bax... Başını götürüb qaçmalıdı! Onnan baxca gözətçisi çıxmaz. Bir söznən, qaçmalıdı!

Qarışqalar yolun üstündədi, qapıya düzülüblər; ayağaltındakı deşikdən çıxır, qapının həngəması boyu gəzişir, sıralanırlar. Kastellərinə dayaxıb baxdı, tifilin biri iməkləyib tək ayağının batinkasından yapışmağa can atırdı. Ağzında qırsaqqız vardı. Göyə baxıb irişdi, bitium dişlərinə yapışmışdı. Bu ayağı heç, qoy yapışsın, obiri ayağının yerinə əl uzatseydi küçüyün anasını...

Kərtənkələ keçdi, quyruğunu basdalayıb ürəyincə sıxardı: indi batinkalı ayağını qırsaqqız tifilnən biryerdə ayağaltına tərəf hərəkət etdirə, tozlu yoldan qara asfalta çıxan yük maşını kimi gələ, gələ, gələ və qarışqa sürüsünü qoşqusuyla birgə basdalayıb keçə bilərdi...


5. Sünnət

Yulğunluğun və bozluğun göylə birləşdiyi yerdən ərəb atları gəldi. Atdan düşdülər, Gəlini alaçığa süpürlədilər, yar-yaxasını, alt tumanını cırıxladılar, növbəyə qoydular, yer-yeməyi yedilər-içdilər, körpənin həcəmətinin ucundakı əti qarğıya çəkib əməllicə dartıb burdular, kərtənkələ quyruğu kimi qırtıb getdilər, eynən kərtənkələ quyruğunu qırtan kimi...


6. Xəyanət

Gəlin Üzüsteydi, başını qaldıranda ömar kərtənkələni qovluyurdu. Kərtənkələ aradan çıxdı, ömar boynunu döndərib ona baxdı, tozdan ömarın sifəti Dədəsinin üzü kimi ağarmışdı. Heç vaxt nə ömarın, nə Dədəsinin sifətinə belə yaxından, doyunca baxa bilməmişdi. Ömara caynağ atdı, əli çatmadı, torpağı gəmirdi, cırmaqladı. İndi tərpənib gedəcəkdi, Dədəsinin saqqalını qoyun yünü didən yulğun kolu kimi didmələyib ovcuna, tumanının gözlərinə yığar, arxaşda küləyə verərdi...


7. Yol

Atların dalınca düşdü. Sünnətlinin qundağına başını qatsın deyə kərtənkələ quyruğu atdı. Yol gedə-gedə dəmbədəm huylanır, saçlarını yolub küləyə verirdi...


8. Bayatı...

1997
XS
SM
MD
LG