Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:19

Salam Qədirzadə "Telefon" (Hekayə)


Salam Qədirzadə
Salam Qədirzadə
-

Salam Qədirzadə


TELEFON

İndi daha əvvəllərdə olduğu kimi qəzet, kitab oxumaq, konsertə, kino-teatr tamaşalarına getmək lazım deyil. Əlbəttə, elmin, texnikanın elə vaxtıdır ki, oturursan evdə, dünyanın hər tərəfindən xəbər tutursan.

Radio, televizor, telefon… Bunlar gözəl tapıntılardır. Xüsusən telefon! Başqalarını bilmirəm, biz də, qonşularımız da onun vasitəsilə çox maraqlı, təzə xəbərlər öyrənirik.

Keçən günlərdə axşamçağı işdən gəlib qapıdan təzəcə içəri girmişdim ki, astanada arvad mənə dedi:

- Gözün aydın, Soltan! Bu yaxında sizin sex rəisinizi zavoda baş mühəndis qoyacaqlar!

Yerimdə donub qaldım.

- Nüsrətovu o?..

- Bəli!

- Dünyasında ola bilməz! O, işinin öhdəsindən gələ bilmir. Sex aylarla quyruqda
sürünür…

Şəfiqə başını əsdirib mənalı tərzdə gülümsədi:

- Görərsən!

- Axı, bunu hardan bilirsən? Kimdən eşitmisən?

- Direktorumuzun arvadı Nüşabə xanımdan!

- Sən bəyəm onunla tanışsan?

- Yox… Bayaq mən bacımgilə zəng vurmuşdum. O da telefonda rəfiqəsi ilə söhbətləşirdi. Danışıqları bizim xəttə düşmüşdü. Nüşabə deyirdi, Qafar Nüsrətovun oğlu mənim qardaşım qızını istəyir. Ərimə tapşırmışam, nə qədər ki, nişan gətirməyiblər, kişini baş mühəndis qoysun. Yer boşdur. Bunu sonra eləsə, deyərlər qohumdurlar, söz-söhbəti olar…

Doğrudan da aradan ikicə həftə ötməmiş… zavodda Nüsrətov təntənə ilə baş mühəndis vəzifəsinə keçirildi… Əvvəlcə mən buna təsadüf kimi baxdım. Ancaq məsələ burasında idi ki, Şəfiqənin vaxtaşırı telefonda eşitdiklərinin çoxu həqiqətə çevrilirdi.

Evimizdə belə bir aparatın olması bizim üçün böyük kəşf idi. Yavaş-yavaş mən də başladım telefona həvəs göstərməyə…


* * *

Təzəcə bir kitab çıxmışdı: «Şimşək çaxanda». Cildi bər-bəzəkli olsa da, özü çox səfeh şeydi! Mən onu oxuyub qurtarınca cəhənnəm əzabı çəkmişdim. Başdan-ayağa qondarma! Bir axşam qardaşıma zəng vurmuşdum. Aparat xırıldadı, cırıldadı, guruldadı, sonra təsadüfən həmin kitabı yazanın telefon xətti bizimkinə calandı: hansı tənqidçi iləsə danışırdı. Qardaşım «Alo! Alo!» - deyərək çığıra-çığıra qaldı. Mən belə bir söhbətin şahidi oldum:

- Oxudunmu «Şimşək çaxanda» əsərimi?

- Bəli, oxumuşam.

- Fikrin necədir?

- Fikrim yaxşı deyil, əzizim!

- Niyə?

- Niyəsini ətraflı şəkildə mətbuatda oxuyarsan. Qısaca onu deyirəm ki, əsər çox çiydir, hadisələr uydurmadır. Dil bərbaddır.

- Bəlkə durub gələsən bizə, bu söhbətləri ev şəraitində eləyək…

- Yox… gecdir.

- Arvad yaxşı zəfəranlı plov bişirib, hələ qazanın ağzını açmamışıq: «Beşulduz» konyakım da var.

- Bayırda çovğundur, qar yağır. Belə havada maşın tapmaq çətindir.

- Çovğun bizə neyləyəcək?! Sən çıx qapıda gözlə, mən bu dəqiqə «Volqa»mı göndərirəm dalınca.

- Daha deyirsən də… Nə plovdan keçmək olur, nə konyakdan…

Söhbətləri burada bitdi.

O gündən sonra qəzetləri izləməyə başladım. Ayın axırında… «Şimşək çaxanda» kitabı haqqında zəfəranlı plov və konyak iyi verən tərifli bir məqalə çıxdı…

Bu qayda ilə şəhərin xoruz səsi eşitməmiş əhvalatları bizim evdə idi. Axır vaxtlar Şəfiqə ilə mən telefona radiodan da, televizordan da çox maraq göstərirdik. Məsələdən xəbər tutan baldızım, bir yol yalvara-yalvara məndən xahiş elədi:

- Ay Soltan qardaş, qurban olum sənə, tanış ustan varsa, göndər, bizim telefonu da sizinki kimi düzəltsin. Zəhmət haqqını artıqlaması ilə verərək…

Onu başa saldım ki, bu usta-musta deyil, stansiyanın rəhbərliyinə adam tapmaq lazımdır.

Hərdən telefonda mənasız söhbətlər də olurdu. Keçən bazar günü xəttimizə iki uşağın danışığı düşmüşdü. Deyirdilər:

- Alik, dünən məktəbə neyçün gəlməmişdin?

- Atamla anam dalaşırdı. Dərslərimi öyrənə bilmədim.

- Neyçün dalaşırdılar?

- Anam deyir, atam bir qıza məhəbbət eləyib.

- Məhəbbət nədir, Alik?

- Mən bilən qucaqlaşmaqdır.

- Elə bunun üçün dalaşırdılar?

- Yox… Atam o qıza iki dənə sırğa alıb, birini bu qulağından asıb, birini o qulağından asıb. İkisinə beş min manat verib, onunçün.

- Alik, bəs sən o gün deyirdin, atan pullarını yığır, xərcləmir.

- Anam deyir, bizim üçün xərcləmir də, başqaları üçün yaxşı xərcləyir.

- Atan harda işləyir, Alik, o qədər pulu var?..

Elə bu yerdə aparat xırıldadı, cırıldadı, guruldadı, uşaqların danışığı yarımçıq kəsildi.

* * *

Qohumlardan, tanışlardan, arvadın rəfiqələrindən kim bizə gəlirdisə, «salaməleyk»dən sonra soruşurdu:

- Şəhərdə nə təzə xəbər var?

Şəfiqəyə də elə bu bəs idi. Telefonda özünün və qonşuların eşitdiklərini bir-bir onlara nağıl edirdi:

- Profssor Nəqdəliyev xəstə uşağın kor bağırsağını kəsməyə valideynlərindən yüzcə manat pul alıb. Vicdansızı görürsən?! Bəlkə, heç yoxudur, kasıbdır…

Srağagün bizim milis idarəsinin böyründə anbar müdirinin evini yarıblar. Azından yarım milyon manatlıq şey aparıblar. Sən bir işə bax ki, tutulan oğrular hamısını boyunlarına alırlar, ancaq ev sahibi qorxusundan deyir, yoox… məndə o qədər dövlət hardandı? Cəmisi dörd dənə xalça-palazım gedib, vəssalam!..

Sonra, canım sənə desin, Mirişzadə familiyalı birisi, özü də vəzifəli adamdır, oğluna toy eləyib, camaatı üç yüz bilet paylayıb ki, çoxlu pul yığsın. Axırı nə olsa, yaxşıdır? Məclisinə vur-tut otuz beş adam gəlib, hamısı da öz qohumları. Birinci adamdır ki, toyda zərərə düşüb…

Şəfiqə danışdıqca qurtarmaq bilmirdi.

Bir kərə qəfildən öz-özünə telefonumuz korlandı. Daha kənar söhbətlər xəttimizə düşmədi. Kimə zəng çaldıqsa, ancaq onun səsini eşitdik. Şəfiqə aparatı yumruqladı, qapazladı, dəstəyi divara döyəclədi, xeyri olmadı. Tez qonşulara cumdu. Yarım saat sonra başılovlu gileylənə-gileylənə qayıtdı:

- Bəxtəvərlərin hamısınınkı əvvəlki qaydada işləyir, - dedi. – Hansı nömrəni yığırlar, üç-dörd adamın səsini birdən eşidirlər. Bizimkinə göz dəydi.

Doğrudan da evimizin ləzzəti qaçdı. Neyləyə bilərdik?

- İşıqlarımız sönsəydi, suyumuz, qazımız kəsilsəydi bundan yaxşı idi! – deyə Şəfiqə şikayətləndi. Arvada yazığım gəldi. Qalxıb telefona yaxınlaşdım. Deyəsi bir sözüm olmasa da, bacanağıma zəng vurdum. Onun, elə dəstəyi qaldırmağı ilə birdən-birə hər şey düzəldi! Bizdən başqa iki nəfər də xəttə girdi. Kişinin əli yüngül imiş! Tez Şəfiqəni səslədim:

- Gözün aydın! Telefonumuz düzəldi!

Bacanağıma dedi ki, sən daha lazım deyilsən.

Arvad qaça-qaça yanıma gəldi, sevincindən az qala aparatı qucalayıb, öpmək istədi. Özü də bu dəfə şəhəri yox, uzaq bir rayonu tutmuşdu. Telefonumuzun əhatə dairəsi genişlənmişdi. Hərəmiz bir tərəfdən qulağımızı dəstəyə söykədik. İkilikdə bu söhbətləri eşitdik:

- Ə, sənin ticarətində bir işçini bəzəyib felyetona salmışdılar, nəticəsi nə oldu? Zərəri dəymədi sənə?

- Əksinə, üçcə min xeyrini gördüm o felyetonun!

- De, sən öl!!

- Başın haqqı!

- Axı, necə?

- Əmrini verib götürdüm tənqid olunanı işdən. Bir başqasından iki min alıb, qoydum onun yerinə.

- Bə o çıxardığın yetim nə oldu?

- Min də ondan alıb başqa mağazaya keçirdim. Sonra redaksiyaya yazdım ki, felyetondakı tənqid yüz faiz doğrudur. Ciddi tədbir görüldü. Mağazanın müdiri bacarıqlı yoldaşla əvəz edildi. Necədir, eloğlu?

- Ha!.. Ha!.. Ha!.. Allah səni güldürsün.

Danışıq qurtaran kimi Şəfiqə sevinc dolu gözləri ilə mənə baxdı:

- Soltan, indi əvvəlkindən də yaxşı işləyir telefonumuz! Belə getsə, bir azdan başqa şəhərləri də tuta biləcəyik.

Bu arada qapının zəngi basıldı. Gedib açdım. Gələn cavan bir usta idi.

Şəfiqə məsələdən xəbər tutan kimi, məni kənara itələyib özünü qabağa verdi.

- Kimsən, bala! – soruşdu.

- Sizin telefon xəttinizi düzəltmək lazımdır, - deyə usta dilləndi.

Şəfiqə nə üçünsə evə keçib, tez də geri qayıtdı.

Bir azdan usta getdi, qapı örtüldü. Mən heç nə anlamadım. Xəbər aldım:

- Bəs nə oldu?

Şəfiqə yaxına gəlib gülümsədi:

- Bir üçlük basdım cibinə, bizim telefon xəttimizə dəyməsin.
XS
SM
MD
LG