Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:43

Kəramət Böyükçöl "Ayaqqabı" (Seçmə hekayələrdən)


Kəramət Böyükçöl
Kəramət Böyükçöl
-


Cəmil yenidən həmin yerə - Azadlıq meydanına gəldi və gördü ki, küçələr qərənfillərlə dolu. O, uzaqdan ayaqqabısının tayını gördü. Üstünə iki qərənfil qoyulmuşdu. Cəmil onda da indiki kimi ağladı.


Bu hekayə son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb. Münsiflər hər dəfə tanınan yazıçılar və tənqidçilər arasından seçiləcək və ilin sonunda adları açıqlanacaq.


Kəramət Böyükçöl


AYAQQABI


Zaur başına döyüb ağlayırdı.

- Atam buna dözməyəcək, mən bilirəm. O, bu işi bilən kimi ürəyi partlayacaq.

- Ayrı çıxış yolumuz yoxuydu, həkim heyətinin gəldiyi qərar belə oldu. Kimi istəyərdi ki, belə olsun? Narahat olma, demək Allah belə məsləhət görübmüş. Taleyine belə yazılıbmış - həkim Zauru başa salırdı.

- Bəlkə Türkiyəyə aparsaydıq, hər şey yaxşı olacaqdı?

- Dayın razı olmadı.

- Dayımı bağışlamayacağam, lap kənddəki torpağımızı satardım, maşını girov qoyub bankdan pul götürərdim, amma atamı aparardım, dünyanın ən yaxşı həkimlərinə göstərərdim.

- Biz Türkiyədən həkim çağırmışdıq, onun da qərarı belə oldu, ayrı çıxış yolu olmadı.

Zaur orta məktəbi bitirdikdən sonra universitetə daxil olmuşdu. Bakıda kirayə qalırdı. Məktəbi bitirib geri qayıdacaqdı ki, müharibə başladı. O, Cəbrayıla yox Cəbrayıl Bakıya gəldi. Zaurun atası Cəmil kişi özünümüdafiə batalyonun ən mübariz əsgərlərindən biri idi. Müharibə vaxtı Cəbrayıldan çıxmaq istəmirdi, ayaqları torpaqdan qopmurdu. Axırda onu Cəbrayıl torpağından əsgər yoldaşları gətirdi. Öz ayağı ilə çıxmadı.

Zaur əlləri ilə üzünü tutmuşdu, göz yaşları ovcunu doldururdu, axan göz yaşlarını geri qaytarmaq istəyirdi. İstəmirdi anası görsün.

- İndi atamın vəziyyəti necədi? - Zaur asta addımlarla həkimə yaxınlaşdı və olacaqlarla razılaşmış kimi soruşdu.

- Narkozdadı.

- Gec ayılar?

- Altı saata ayılar, nə qədər yatsa bir o qədər yaxşıdı, ayılanda ağrıları olmayacaq.

- İndidən atamın qollarını bağlamaq lazımdı.

- Nəyə görə?

- Ayılan kimi hər şeyi biləcək, o saat da özünü öldürəcək.

- Arxayın ol, heç bir təhlükə-zad olmayacaq, hələ ayılsa da, bunu gec biləcək, bir müddətdən sonra baş verənlərlə razılaşacaq.

Zaur ən çox atasının razılaşmayacağına görə dözə bilmirdi.

- Gör atam nə vəziyyətdə olacaq ki, bununla razılaşmağı yeganə çıxış yolu biləcək.

Cəmili döyüş bölgəsindən dostları çıxaranda axşama yaxın idi. Sağ ayağından axan qan elə bil Cəmilin geri qayıtmağı üçün yola cız çəkirdi; qan deyirdi, Cəmil, biz səninlə getmirik, düşüb burda qalırıq, sən qayıdanacan gözləyəcəyik, qayıt bizi yerdən qaldır, qoyma düşmən bizi çox tapdasın.

Cəmilin huşu üstünə gəldi, ayaqlarını yellədirdi. Sağ ayağının ayaqqabısı düşmüşdü. Elə Cəmili də əsas ağrıdan bu idi.

- Mənim ayaqqabılarımı da götürün, ayağıma geyindirin, ayaqlarım üşüyür - Cəmil başını güclə qaldırıb yanındakılara dedi.

Ayaqqabı lap uzaqda qalmışdı, götürmək olmazdı, hesab etmək olardı ki, ayaqqabı artıq əsir düşüb.

Zaurun anası Ziba xanım əməliyyat qurtarandan sonra evlərinə getdi, nəticədən də xəbəri yox. Bilsəydi aləmi dağıdardı, həkimlər hər şeyin yaxşı olduğunu demişdi deyə arxayın idi. Səhər tezdən Ziba xanım xəstəxanaya hazırlıqlı gəldi. Lazım olan şeyləri götürmüşdü; köynək, kostyum, konfet, termos, gül və ən əsas da bir cüt ayaqqabı. Zaur anasının gətirdiklərini palatada yerbəyer elədi. Ayaqqabıları görəndə onu ağlamaq tutdu. Ancaq anasına bildirmədi. Divarın küncünə gözlərini sıxdı.

Əməliyyat vaxtı da və elə indi də xəstəxananın qapısı cəbrayıllılarla dolu idi, həyət siqaret tüstüsü kimi qarma-qarışıq; biri Ermənistanda, biri Moskvada, biri Bakıda baş verən hadisələrdən danışır. Arada söhbət gəlib yenə Cəmilin üstə dayanır. Kimi də məhərrəmliyin dəqiq vaxtını müəyyənləşdirmək istəyir.

Cəmil narkozdan ayıldı. Başının üstündə həkimləri gördü. Zaur da onların yanında. Cəmil qılçasının kəsilməyindən xəbərsizdi. Həkimlər Zaura demişdi ki, ayaq kəsilsə də, onun hissiyyatı həmişə orda yaşayacaq.

- Necəsiniz Cəmil kişi? - həkim soruşdu və əlavə elədi - şükür Allaha hər şey yaxşı qurtardı.

- Sağ olun doxtur, Allah köməyiniz olsun.

Cəmil ayaqlarını qarnına tərəf çəkəndə sağ ayağı gəlmədi.

- Hanı mənim ayağım? - Cəmil dəli kimi qışqırdı.

Həkimlər onun əllərini tutdular.

- Qaytarın mənim ayağımı.

- Ayrı əlacımız yoxuydu, mina bütün bud sümüyünü parça-parça eləmişdi, əgər götürməsəydik qonqrena verəcəkdi, nəticədə həyatını itirə bilərdin, o qədər belə yaşayanlar var ki...

Cəmil uzun müddət dinmədi.

- Mən bilirdim ki, ayaqqabım ayağımdan düşdüsə nəsə olacaq - Cəmil xırıltılı səslə dedi.

Ziba xanım məsələdən halı oldu. Gətirdiyi ayaqqabılara baxıb ağlayırdı. Fikirləşirdi ki, daha ləyəndə iki ayaq yox, bir ayaq yuyacaq. Bunu heç cürə qəbul eləyə bilmirdi. Əti irpəşirdi. Həmişə qapıda Cəmilin ayaqqabısı tək dayanacaq. Sonra Allaha şükür elədi, nə yaxşı biri olacaq, ikisi də olmaya bilərdi.

Zaur atsının qoluna girib onu palataya gətirdi. Cəmil çarpayının yanına qoyulmuş ayaqqabıları görəndə kövrəldi.

- Mən dedim axı, qayıdın ayaqqabımın tayın gətirin, gətirsəydilər ayağım kəsilməyəcəkdi.

Cəmil dərin xəyala getdi. Nəyisə xatırlayırmış kimi üzü qırışdı, yadına 1990-cı ilin 19 yanvar günü düşdü. Bakıda qızğın mitinq gedirdi. Cəmil dostuyla Azadlıq meydanına getmişdi. Təzə ayaqqabı da almışdı. Sağ ayağını bərk sıxırdı. Güclə yeriyirdi. Birdən ara qarışdı, güllə-baran başladı. Hamı qaçırdı. Cəmil qaçmağa çətinlik çəkirdi; ayaqqabısının sağ tayı barmağını “mazor” eləmişdi. Qərara gəldi ki, ayaqqabını çıxarıb əlinə alsın. Ancaq necə oldusa ayaqqabının sağ tayı əlindən düşdü. Evə gəldilər. Səhəri eşitdi ki, rus ordusu Bakıda nə qədər adam öldürüb. Cəmil yenidən həmin yerə - Azadlıq meydanına gəldi və gördü ki, küçələr qərənfillərlə dolu. O, uzaqdan ayaqqabısının tayını gördü. Üstünə iki qərənfil qoyulmuşdu. Cəmil onda da indiki kimi ağladı.

- Bəs görəsən, Cəbrayılda itirdiyim ayaqqabımın üstünə heç olmasa bir gül qoydularmı? - Cəmil ağlamsınaraq dedi.

- O gülü özün aparıb qoyacaqsan, ata! - Zaur atasının boynunu qucaqladı.

- Tək ayaqla Cəbrayıla necə gedəcəyəm?
XS
SM
MD
LG