Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:57

Nuridə Atəşi: Amazonlar Fatmanisələr yox... at belində azad, vəhşi savaşçılar olub


Nuridə Atəşi
Nuridə Atəşi
-
Almaniyada yerləşən N. Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşi Qafqaz Amazonları barədə araşdırmalarını davam etdirir. Son gəlişmələri Bakıda səfərdə olan Nuridə xanımın özündən öyrəndik.

- Nuridə xanım, layihə üzərində 17 ildir çalışdığınızı, bu barədə ilk doktorluq işinin müdafiəsinə və beynəlxalq sərgi, elmi konfransın keçirilməsinə hazırlaşdığınızı söyləyirsiniz. Sərgilər harada keçiriləcək və təşkilatçılar kimlərdir?

- Əsas təşkilatçı və tərəfmüqabil Azərbaycan Mədəniyyət və Turizm Nazirliyidir. Azərbaycan MEA-dan, o sıradan doktorantı olduğum Arxeologiya və Etnoqrafiya İnstitutundan da böyük dəstək alıram. İlk sərgidən sonra bizə Rusiyadan və Almaniyadan da qoşulanlar olacaq. Sərgi və konfransların ilk öncə Bakıda keçirilməsinə çalışırıq. Davamı Sankt-Peterburq («Ermitaj») və Berlində ola bilər. Harada olsa da, tək hədəfimiz Amazon Muzeyini yaratmaqdır.

- Sənədli və bədii film çəkilişləri üçün beynəlxalq şirkətlərlə danışıqlar apardığınız söylənir. Bir nəticə var ortada?

-- Bu layihəni artıq 2 dəfə oğurlamağa səy göstəriblər. Almaniyada məşhur bir qadın arxeoloqa Amazonlar haqqında sərgi keçirmək istədiyimi bildirdim və onun dəstəyini qazanmaq üçün xeyli material göndərdim. Üstündən 3-4 ay keçməmiş alman mətbuatından oxudum ki, Almaniyada Amazon sərgisi keçirilir və xanım arxeoloq da sərginin elmi kuratorudur. Az keçmədən məlum oldu ki, artıq pensiyada olan zavallı arxeoloq Qafqazdakı yeni araşdırmaların nəticələrindən və Naxçıvandan aşkar edilmiş dünyanın ən qədim döyüşçü qadın qəbirlərindən belə xəbərsizdir… Daha sonra Tatyana Veber Borş adlı bir prodüser xanım Moskvadan Bakıya gəlib, mənim Amazonlar haqqında internetdə yayımladığım materiallar əsasında bir ssenari yazdı (Rusiyanın «Zvezda» telekanalının «Voynı mira» silsiləsindən) və Azərbaycanda dövlət səviyyəsində hər cür dəstək alıb gülünc bir filmcik ortaya çıxardı. Bunlar gözəl stil deyil, əlbəttə, lakin mən susdum. Hazırda düz iki ilə yaxındır ki, Almaniyanın «DOKU-Haus», Avstriyanın TERRA MATTER, Amerikanın HOME CINEMA film şirkətləri ilə danışıqlar aparıram. «DOKU-Haus»un bildirdiyinə görə, ARTE (Fransa-Almaniya) artıq bu filmə büdcə də ayırıb. Prodüser mən razı olmasam, filmi mənsiz çəkəcəklərini ultimatum şəklində telefonla söylədi. Lakin bunlar məni qətiyyən narahat etmir. Mənim Mədəniyyət və Turizm Nazirliyi ilə iş müqaviləm var. Heç bir xarici və yerli şirkət mənim iştirakım və razılığım olmadan bu proyekti Azərbaycanda rəsmi şəkildə işlədə bilməz. Zatən bilgisi, tədqiqatları və məlumatları da yetməz.

- Yəni, filmi Azərbaycan rejissorları çəkə bilməz? Yerli mütəxəssislərə inanmırsınız?

- Təəssüf ki, bu filmi Azərbaycanda çəkib, dünya səviyyəsinə çıxara biləcək bir rejissor və ssenarist mən tanımıram. Ümumiyyətlə, bu mövzunu hələ çoxları anlamır. Amazonlar Fatmanisələr yox, at belində əlində qılınc, balta, azad, vəhşi savaşçılar olublar. Onlara bugünkü milli-mənəvi, islami dəyərlərdən baxmaq çox böyük səhvdir. Təsəvvür edin, «Azdrama» üçün bir pyes yazdım: «Tallestris. Qafqazın son Amazon hökmdarı». Sərgidən öncə belə bir pyesin tamaşaya qoyulması, əlbəttə, çox böyük rezonans doğurardı. Tamaşa üçün əcnəbi bir rejissorun razılığını da almışdım. Teatrın direktoru İsrafil müəllim nə telefonlarıma cavab verdi, nə də pyesi aldıqdan sonra hər hansı fikrini bildirdi… Mən pyesimdə Qafqazın son Amazon hökmdarı Talestrisin (Nüşabə) Böyük İsgəndərin yanına gələrək ondan uşaq doğma səhnəsini vermişəm. Bu, tarixi bir faktdır. Pyesi oxuyan yaşlı bir aktyor bunu Azərbaycanda üzə çıxarmağım üçün məni qınadı. Nə qədər geri qalmış və yanlış bir baxış! Qəti qənaətimə görə, Amazonlar haqqında film beynəlxalq bir layihə olmalı və ölkəmiz həmin layihəyə bir tərəfdaş kimi qatılmalıdır.

-- Demək, dünya miqyasında bir uğur umursunuz?

-- Niyə də ummayım? Mən 17 illik çətin və israrlı tədqiqatlarımın nəticələrinə çox inanıram. Axı 15 il öncə düşüncəmə dodaq büzənlərin, qımışanların, Amazonları uydurma, mif sayanların çoxları mənim «Qafqaz Amazonları» kitabım AMEA tərəfindən 4 dildə nəşr olunduqdan sonra fikirlərini dəyişdilər. Çoxları məndən belə bir ciddi tədqiqat əsəri gözləmirdi və indi onların çoxu bu layihədə öz adlarını görmək istəyir.

-- Quzey və Güney Qafqaza ekspedisiyadan yenicə qayıtdığınızı söyləyirsiniz. Dağıstan və Çeçenistana, İnquşetiya və Şimali Osetiyaya, eləcə də Gürcüstana baş çəkmisiniz. Elmi araşdırmalarınız nə yerdədir?

-- Səfərim çox riskli və eyni zamanda çox uğurlu keçdi. Elmi kəşflərim, tapıntılarım oldu. Sərgi üçün xeyli eksponatlar topladım. Qafqazın böyük tarixçiləri, arxeoloqları, etnoqrafları ilə -- Tbilisidə albanşünas məşhur professor Zaza Aleksidze, Timo Jojua, Medeya Nioradze, Mahaçqala EA-da prof. Murtuzəli Gadjijev, Cənubi Osetiyanın birinci prezidenti akademik, tarixçi professor Lüdviq Çibirov və bir çox digərləri ilə geniş elmi diskussiyalar, məsləhətləşmələr apardım, böyük dəstək gördüm. Bir daha əmin oldum ki, indiyə qədər heç kimsə Qafqazda Amazonların tədqiqatı ilə ciddi məşğul olmayıb və mütəxəssis yoxdur. Ona görə də, mən daha əzmlə çalışmalıyam. Bu, çox böyük bir məsuliyyətdir. Artıq 250 səhifəlik dissertasiyam hazırdır. Bu səfərlərimi də əlavə edərsəm, yeni ilin başlanğıcında müdafiəyə tam hazıram. Və bu elmi işimi həm monoqrafiya kimi, həm də ali və orta məktəb dərsliyi kimi buraxmaq istəyirəm. Məncə, bu, çox vacibdir. Ümumiyyətlə, Qafqazın tarixində, tədris kitablarında çoxlu səhvlər, təhriflər və saxtalaşdırmalar var. Bəzi millətçi tarixçilər Qafqaz tarixində köklü saxtalaşdırmalar aparırlar. Bütün bunları gələcək nəsillər və xarici tədqiqatçılar bizə bağışlamayacaqlar. İnşallah, müdafiədən sonra həmin «tarixçilərlə» elmi savaşlara başlayacağam.

- «Qafqaz Amazonları» layihənizi «History» telekanalına təklif etməmisiniz? Axı həmin kanalda göstərilən filmlərdə təsdiqini tapmayan və mübahisəli yanaşmalar da əks etdirilir...

- «History», BBC, «National Geographic» və digər kanallar birbaşa film şirkətləri ilə işləyirlər. Mən də elə həmin şirkətlə görüşmələr aparıram. Hələlik heç bir müqaviləyə imza atmağa tələsmirəm. Çünki hazırkı təkliflər məni qane etmir.

- Təsəvvür edin ki, «Qafqaz Amazonları» sərgisinə getmişik. Nə görəcəyik orada? 3-4 eksponatı təsvir edin, lütfən...

- Sizi ilk öncə Qobustan qayaları qarşılayacaq. Min illərin daşları sizə Amazonların ilk tarixini danışacaqlar. Sonra canlı olaraq «Ana Zağa» mağarasına girəcəksiniz. Daha sonra Qafqazın son Amazon hökmdarı - Talestris sizi qarşılayacaq. Herodotun, Strabonun Qafqaz Amazonları haqqında yazdıqlarını eşidəcəksiniz, oxuyacaqsınız. Əsəd Bəyin Qafqazda aşkar etmiş olduğu Amazon tayfalarının bugünkü varisləri ilə canlı tanış olacaqsınız. Amazonların istifadə etdiyi silahları, taxdıqları bəzək əşyalarını canlı görəcəksiniz, onlara toxuna biləcəksiniz. Dünyanın ən qədim Amazon qəbirlərini, Amazon skeletlərini canlı görəcəksiniz. Amazonların min illərdir Qafqaz dağlarında batmış səslərinin hayqırtını eşidəcək və tariximizin indiyə qədər qaranlıq qalmış otaqlarının gur işıqları altında heyrətdən donub qalacaqsınız... Amazonların min illərdən bəri bir mifologiya kimi qalan tarixləri gözlərinizin qarşısında bütün arxeoloji materiallarla, tarixi, etnoqrafik faktlarla birlikdə bir gerçəkliyə çevriləcək. Sərginin sonunda 17 ilin gərgin elmi əməyi nəticəsində yazılmış «Qafqaz Amazonlarının tarixi» adlı fundamental bir monoqrafiya görəcəksiniz. Sərgidən həm də «Amazon şərqiləri» adlı-- Amazonların azadlıq hayqıran iç dünyaları və coşqun duyğuları ilə dolu bir şeir kitabçası aparacaqsınız...

- Sizə «həvəskar» araşdırıcı deyənləri öz fikirlərindən döndərmək üçün hansı nüfuzlu mütəxəssislərdən yardım və məsləhət alırsınız?

- Bilirsiniz ki, mən tabu-qıranam və Amazonların əsl varisi olaraq bir əyilməz və yorulmaz savaşçıyam. 20-25 il bundan öncə kimsə məni şair kimi qəbul etmirdi. Bu gün artıq 16 kitabın müəllifi olaraq çoxdan özünü təsdiqləmiş və qəbul edilmiş bir yazar olduğumu, məncə, danmazsınız. Şairlik tanrı vergisidir, lakin mən ömrüm boyu elmlə və tədqiqatla məşğul olmuşam. 5 il muzey işi təcrübəm var, yüzlərlə elmi məqalələrim dərc olunub. Mən 5 dildə (Azərbaycan, rus, türk, alman və ingilis) tədqiqat aparıram. Buna baxmayaraq, həm Avropada, həm Qafqazda mənim ciddi tədqiqatlarımı dəstəkləyən və gözəl nəticələrə inanan çoxlu alimlər, tarixçilər var. Heç kəsin fikrini döndərmək zəhmətinə qatlaşmıram. Mən heç bir maneəyə, çətinliklərə məhəl qoymadan qarşıma qoyduğum yolumu gedirəm və bu gün Qafqazın tarixində bir elm kimi, yeni bir tədqiqat sahəsi kimi Amazonşünaslığın təməlini qoyuram. Bunun Qafqaz tariximizin qaranlıq qalmış səhifələrindən birini aydınlığa çıxaracağına və tarixi bir xidmət olacağına inanıram.
XS
SM
MD
LG