Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:45

Assad Camerona: «Öldü var, getdi yoxdur»


Bashar al-Assad
Bashar al-Assad
-

Suriya prezidenti Bashar Assad Britaniyanın baş naziri David Cameron tərəfindən səsləndirilmiş təklifə gözlənildiyi kimi cavab verib.

O deyib ki, «Suriyada yaşamaq və ölmək» əzmindədir.

Assad Rusiyanın «Russia Today» telekanalına müsahibəsində bildirib ki, ölkəsində davam edən 19 aylıq üsyana baxmayaraq Suriyanı heç vaxt tərk etməyəcək.

David Cameron bəzi təxminlərə görə artıq 36 min insanın ölümünə səbəb olmuş qanlı qarşıdurmanın dayandırılması üçün Assada ölkədən təhlükəsiz çıxış təklif etmişdi.
47 yaşlı Bashar Assad müsahibəsində belə deyib: «Mən oyuncaq deyiləm. Məni Qərb yaratmayıb ki, Qərbə və ya hər hansı başqa ölkəyə üz tutam...»

Bu müsahibədə Assad həmçinin Suriyaya xarici hərbi müdaxilənin mümkünlüyü barədə danışıb.

O deyib ki, Qərbin bu istiqamətdə hərəkət edəcəyinə inanmır, lakin bu baş versə belə, nəticələri bəlli olmayan vəziyyətə gətirib çıxara bilər.

LONDON WASHINGTONU TƏLƏSDİRİR

Bu arada London Washingtonu Suriya müxalifətini vahid qüvvəyə çevirmək istiqamətində addımlar atmağa çağırıb.

David Cameron
David Cameron
Britaniyanın baş naziri bildirib ki, o və prezidentliyə yenidən seçilmiş Barack Obama diktator Bashar al Assad-ın devrilməsi üçün hərbi variantları müzakirə edəcəklər.

Britaniya mətbuatı yazır ki, cənab Cameron bu bəyanatı 20 minədək Suriya qaçqının İordaniyada yerləşdiyi Zaatari düşərgəsində gənc qızların alqışları altında səsləndirib.

David Cameron vəd edib ki, cənab Obama Assad rejiminə son qoymağı özünün prioritet vəzifəsinə çevirəcək.

O deyib ki, «bu böhranın çözülməsi məsələsi onun Barack-la ilk söhbətinin mövzusu olacaq».

Britaniya hökumət kabinetinin rəsmilərinə, Suriyaya qarşı Avropa İttifaqı tərəfindən qoyulmuş silah embarqosundan yan keçərək Suriya müxalifətinin birbaşa silahla təchizatının mümkünlüyünü öyrənmək tapşırılıb.

Hökumət mənbələri bildiriblər ki, Kral Hərbi Hava qüvvələri tərəfindən nəzarət ediləcək «uçuşlarsız hava məkanı»nın tətbiqi və Qərbin Suriyaya havadan zərbələr endirməsi istisna olunmur.

Bu kimi məsələlər David Cameron-un sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının gələn həftə keçiriləcək iclasında müzakirə olunacaq.

Cənab Cameron həmçinin bildirib ki, müxalifətin daha yaxşı təşkilatlanması məqsədilə Britaniyanın Suriya müxalifəti ilə əlaqələrə cavabdeh xüsusi elçisi John Wilkes üsyan başçıları ilə görüş keçirir.

SERGEY LAVROV ASSAD KİMİ DANIŞIR

Sergey Lavrov
Sergey Lavrov
Ya da əksinə. «The Guardian» qəzeti yazır ki, Rusiya telekanalının Suriya prezidentindən geniş müsahibə almasını, çox ehtimal Kreml tapşırıb.

Moskva ehtiyat edir ki, Assad «ağciyərlik» edib Qərbin və Londonun təzyiqlərinə boyun əyə bilər.

Rusiya xarici işlər naziri Sergey Lavrov nazirliyin internet saytında belə yazır: «Bashar Assad heç bir yerə çıxıb getməyəcək, kimin nə deməsindən asılı olmayaraq o, ölkəni tərk etməyəcək. Onu bu addımı atmağa məcbur etmək olmaz».

Lavrov həmçinin bildirib ki, Rusiya BMT Təhlükəsizlik Şurasında Assadın getməsi təkliflərinin və ya Suriyaya qarşı sanksiyaların tətbiqinin əleyhinə çıxış edəcək.

MÜXALİFƏT BİR ARAYA GƏLƏ BİLMİR

Bu arada Suriya müxalifətinin xaricdə qərarlaşmış Suriya Milli Şurasının Dohada keçirilən müşavirəsində yekdillik əldə olunmayıb.

Müşavirədə Müsəlman Qardaşları təşkilatına üstünlük verən yeni katiblik seçilib.
Lakin yeni liderin seçilməsi təmsilçilik siyahısına milli azlıqların və qadınların əlavə edilməsi məsələsinə görə təxirə salınıb.

Lider postuna Qərb tərəfindən dəstəklənən Riyad Seif-in namizədliyi keçməyib.
Riyad Seif ali hərbi şuranın və keçid hökumətinin təşkilinə çağırırdı.

Bu təklifdən məqsəd odur ki, Suriyada sərbəst yayılan silahlar bir sıra zəngin Körfəz ölkələri tərəfindən dəstəklənən ekstremist Sələfi qruplaşmalarının əlinə keçməsin.
XS
SM
MD
LG