Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:29

30-cu illər Bakısı haqda məzəli əhvalat (Çoxmu dəyişmişik?)


Qantəmir
Qantəmir
-

Bu hekayənin müəllifi yazıçı Qantəmir Stalin repressiyalarının qurbanı olub - 1939-cu ildə həbs edilərək Orta Asiyaya sürgün edilib.

1934-cü ildə qələmə aldığı bu hekayədə o, üstalıqla - zahirən özünü Şura hökumətini tərifləmiş kimi göstərərək əslində yeni həyat haqda hay-küyə rəğmən cəmiyyətin elə "köhnə hamam, köhnə tas" olaraq qaldığını yazır.



QANTƏMİR


QONAĞIMIN SƏYAHƏTNAMƏSİ


Sözün başını siz itirməyin. Mən burada bir müqəddimə yazmalıyam. Söz yox ki, işlər çox dəyişib və daima dəyişmək üzrədir.

Əski səyahətnamələrlə indikilər arasında çox ayrılıqlar var. Çox fikirləşdim. Bu ayrılığın dərəcəsini göstərən bir ölçü tapa bilmədim. Əlbəttə, çox ölçü xatirə gəlir, amma mən bəyənmirəm məsələni. Qonka ilə tramvayın ayrılığı qədər var. Bu misalı bəyənmirəm. Sonra, pambıq planını artıqlaması ilə dolduran Qaryagin ilə quyruqda sürünən Qaraməryəm arasındakı fərq qədər... Bu misal da xoşuma gəlmədi. Nə isə burada o qədər düşünməyin mənası yoxdur. Gedəlim.

Uşaq vaxtı maraqla qulaq verdiyim nağılların hamısı indi də xatirimdədir. İmamın qırxı çıxandan sonra kəndimizdə qalıb sıra qonaqlığı gəzən mərsiyəxan bir gecə də bizə qonaq olmuşdu. (Ölübsə, Allah rəhmət eləsin, qalıbsa, Allah işinə varsın!) Adı yadımda deyil, ancaq onu bilirəm ki, kişi yaxşı nağıl danışırdı.

Uzun qış gecəsi, sizdən naxoş, plovu yemişdik.

Ocaq, samavar, mərsiyəxan, hər şey və hamı dəmdə idi. Qara Şirazi müştüyünün ucuna taxdığı papirosunun uzanan külünü külqabına boşaltdı. Təsbehini də döşəkçənin altından çıxarıb əlinə götürdü və bu cürə sözə başladı:

“Belə rəvayət edirlər ki, bir gün Şah oğlu Şah Abbas qızıl taxtın üzərində əyləşmişdi. Çox dərin xəyala getmişdi. Birdən fərraşa əmr etdi ki, bu saat vəzir Allahverdixanı hüzuruma çağır. Fərraş “bəçeşm” deyib yeri öpdü və yola düzəldi. Çəkmədi bir saat, vəzir Allahverdi xan hazır olub ərz etdi ki: - Sənə fəda olum! Nə buyurursan?

Padşah əmr etdi ki:

- Ey mənim vəzirim! Səfər tədarükü gör, könlüm səyahət arzu edir.

Vəzir soruşdu:

- Qurbanət şəvəm! Süvarəmi, piyadəmi?

Padşah dedi:

- Vəzir! Piyadə səyahət eləyəcəyik, özü də dərviş paltarında. İki dəmir əsa, iki dəmir çarıq, iki dəmir sərpuş hazır elə. Sabah gün çıxmamış yola düşəcəyik.

Vəzir Allahverdi xan çox ağıllı bir vəzir idi, Dünyaya onun kimi ağıllı adam gəlməyib və gəlməz. Padşah əmr etdiyi şeyləri hazır edib sübh tezdən gətirdi. Şah oğlu Şah Abbas ilə vəzir Allahverdi xan paltarlarını çıxarıb dərviş paltarı geydilər, əldə dəmir əsa, ayaqda dəmir çarıq, başda dəmir sərpuş, gün yerindən çıxmamış yola rəvanə oldular. Az getdilər, çox getdilər, mənzil kəsib, yol getdilər. Gün günorta yerinə çatanda bir şəhərin qapısına yetişdilər. Şah soruşdu:

- Vəzir, hansı şəhərdir?

Dedi:

- Qurbanın olum, bu şəhərdən mənim xəbərim yoxdur. Gedək şəhərin darvazasına, soruşaq, görək hansı padşahın şəhəridir...


Mən bu nağılı axıra qədər yazmayacağam. Elə burada kəsirəm.

Şöhrət və fərasəti ilə İranın axır zaman tarixini dolduran bu Şah oğlu Şah Abbaslar, onların ağıllı vəzirləri, allahverdixanlar bir günorta yol gedir, məsələn, Bakı şəhərindən Maştağaya qədər. Rast olan şəhəri nə padşah tanıyır, nə də vəzir. İndi işlər çox dəyişib deyə adam bu sualı öz-özünə verir. Keçmiş zamanda belə nağıllar sual-cavabsız bitər, həqiqət olaraq qəbul edilərdi.

“Qonağımın səyahəti” Şah Abbasın səyahətinə o səbəbə görə bənzəyir ki, hər iki səyahət qısaca müddətdə olmuşdur.

Mənim qonağım Bakı şəhərindən xaricə çıxmadığı, üç və iki nömrəli tramvayla ikicə saatda öz səyahətini qurtarmış, amma bu səyahətnaməni yazmaq üçün 24 saatdan artıq vaxt itirmişdir. Əgər xoşunuza gələr, zıqqana-zıqqana da olsa, birtəhər bunu oxuyub başa çatdırın. Xoşunuza gəlməzsə, qoyun qalsın şkafın bir bucaqında, bəlkə, uşaqlarınız oxuyub bir fayda götürərlər.

Qonağım Bakıya arabir gələr, beş-on gün qalıb gedər. Bizim hər gün gözümüz alışan adi şeylər ona bəzən qəribə gəlir. Odur ki, o səyahətnaməsini lap ətraflı, söz məsəli: bitdən-sirkəyə kimi yazmışdı. Bu səyahətnaməni qabağıma qoyub birbəbir təhlil etmək mənim vəzifəm olmasa gərəkdir. Bununla belə, mən ona da söz verirəm ki, qonağımın səyahətnaməsindən bircə kəlmə, bircə hərfin yerini dəyişməyəcəyəm. Budur səyahətnamə:

“Səndən ayrılandan sonra qəribə bir fikrə düşdüm. O qədər yorulmuşdum ki, qılçalarım dalımca gəlməyirdi. Sol ayağımda baş barmağımın ucunu çəkmə o qədər sıxırdı ki, elə bil içəridə dırnağım bir santimetr uzanıbdır. Dedim yaxşısı budur ki, tramvaya minib bir dəfə şəhəri dolaşım. Həm yorğunluğum çıxsın, həm də bir qədər şəhərdəki dəyişiklikləri görüm.

Kommunist küçəsində olan yeddimərtəbə mülkün sağ yanındakı saatın altında dayanmışdım. 3 Nömrəli tramvayı gözləyirdim. Nədənsə tramvay gecikmişdi. Tramvay cəhənnəm, bu papirossatan uşaqlar qulağımı lap dəng etmişdi. Hələ uşaqların içərisində birisi var idi ki, heç dil boğaza qoymayırdı.

- Açıq da var, bağlı da var... Papiros... Yest papiros ..- deyə müttəsil bağırırdı.

Beş addım aralıda bir az yaşlı bir kişi də əlində bircə qutu papiros tutaraq, sadəcə və çox yavaşdan:

- “Paşfos var ha”,-deyib arada kirli bir yaylıqla burnunu və bığlarını silirdi.

Yenə iki dəqiqə keçdi. Görünür, hələ də tramvaydan bir xəbər yoxdu. Yolçular get-gedə artırdı. Yarım dəqiqə keçmədən qabaqdan bir tramvay göründü. On-on iki adam bu dəstədən aralanıb ona yetişmək üçün tələsik yüyürürdü - Mən tələsməliyəm. Bəzi yolçular kimi arxa-yınca papirosumu tüstülədirəm. Nə vaxt gələr, minərəm, nə var ki?!.. Amma yolçuların hamısı mənim kimi düşünməyir. Yanımda dayanan iki tələbədən biri o birinə deyir:

- Piyada getsəydik indiyə kimi çatardıq, qorxuram əldən çıxa. Bu tramvay gec oldu, gəl gedək. O da buna cavab verirdi:

- «26-lar» bağı bunda nə istəyir. Tramvay nə qədər gec gəlsə, piyadadan tez gedər... Bir də hələ onların dərsləri qurtarmaz, niyə darıxırsan?

- O, axırıncı dərsə qalmayacaq... Axırıncı dərsləri rəsmdir.

Buynakski küçəsindən qoca bir cuhut arvadı dəstəyə gəlib soruşdu:

- Kto pasledni?

Əlində boş bir kisə olan 45-46 yaşlı iranlı dönüb ona çavab verdi:

- Burada pasledni-masledni yoxdur, kefin harada istəyir dayan, gələndə atıl çıx tramvaya.

Adamların içindən biri o birinə dedi:

- Gəlir!

Bu tək gəlmə burada gözləyən əlli-altmışa qədər insanı birdən hərəkətə gətirdi. Hər kəs bir addım irəli getdi. Halbuki, tramvay hələ Nərimanov texnikumunun qabağındakı burulğandan çıxmamışdı. Ancaq zəngin səsi duyulurdu. Nəhayət, tramvay gəlib çıxdı.

- Bu da 2 nömrəli imiş!..

Bu sözü, bəlkə, iyirmi-otuz adam təkrar etdi. Adamların səbri yavaş-yavaş tükənir, bəzi əsəbi qocalar:

- Belə tramvay olmaz ki, canım, - deyə donquldanırdılar.

Davamlı bir zəng səsindən sonra 3 nömrəli tramvay döngədən göründü. Çox darıxan yolçular yerlərində qurcalanır və ayaqlarını götürüb-qoyurdular. Parovozun ağzını yamsılayırmış kimi tramvayın motoru da kəskin bir fısıltıdan sonra dayandı.

- Ay bacı! Qoy bir düşənlər düşsün, sonra minərsən, niyə belə darıxırsan?

Orta vaqondan düşən bir şəxs, əliuşaqlı və çarşablı bir arvada bu sözü deyib getdi.

- Papiros var ha!..

Divara söykənən kişinin səsi bir qədər ucalmışdı.

- Mazolumu tapdaladın, ay kişi, nə xəbərdir?!

- Qabaqdakılara de ki, bir az qabağa keçsinlər...

- Darıxma, hamı minəcək.

- Sən də bu bashabasda tramvaya yeşik çıxardırsan, ay rəhmətlik oğlu.

- Sən tramvaya min, mənim yeşiyimlə nə işin var?

- Yoldaş, tərpən qabağa tərəf.

- Gərək qabaqdakılar gedə tərpənəm, yoxsa yox?

- Sən bir az qabağa bas, tərpənsinlər.

- Dayan, yoldaş, zənbili ayağıma ilişdirdin... Bu və buna bənzər söhbətləri ancaq tramvayın hərəkəti dayandırdı. Oturanlar oturmuş, asılanlar asılmış vaqonlar xırçaxırç dolmuşdu.

Bildirki Oktyabr bayramından sonra Bakıya ayağımı basmamışdım. Şəhərdə, adamlarda nə qədər dəyişiklik var!

Mən ortadakı vaqonun qabaq meydançasında durmuşdum. Sağa, sola baxaraq gedirdim.

Tramvayımız Azneftin yanına yetişdi. Burada minənlər düşənlərdən çox idi. Vaqon lap basırıqlaşdı. Biz bulvarın yanı ilə çox iti gedirdik. Qoca bir rus arvadı:

- Kanduktor, izdaçimi ver, düşəcəyəm, - deyə müttəsil qırıldanıb durur.

Duracağa az qalmışdı. Vaqon sürətini azaldan kimi idi. Bu qadın lap hirslənmişdi.

- Sənə deyirlər izdaçi ver, niyə qulaq asmayırsan?

Konduktor buna tərəf gəlir:

- Bir qəpiyim yoxdur, əgər səndə varsa, mənə beş qəpik ver, mən sənə altı qəpik qaytarım.

- Bunu nə üçün əvvəldən deməyirdin? - deyə əlini qoltuq cibinə salıb xırda pul çıxardı. Vaqon durmuşdu. Bunlar hələ də qapının içində dayanıb pirtdəşirdilər.

- Yoldaş, ya düşün, ya yol verin düşən düşsün. Niyə yolu kəsirsiniz?

- Zdaçimi alıram, qadağan deyil ki...

Arxadan orta yaşlı bir kişi deyindi:

-Sən də qal, sənin izdaçin də... izdaç... izdaç! Mən də deyirəm görəsən iki manatdır, üç manatdır, demə bir qəpik!..

Şəhər stansiyasından dəmiryol bileti alaraq vağzala gedən motalpapaq iki kəndçi, çiyinlərində xurcun, gəlib mənim yanımda dayandı. Bir az yaşlısından sordum:

- Əmi, nə gətirmişdin Bakıya?

- Yağdan, yumurtadan gətirətdim, - dedi.

- Görünür, Quba tərəfdənsən.

- Bəli.

- Satıb qayıdırsınız?

- Bəli... Dəvəçiyə gedəcux.

Karqanov küçəsindəki duracaqda o qədər də qəribə bir hadisə olmadı ki, mən səyahətnaməmə yazım. Ancaq adamları basabasa ta mən dayanan meydançaya qədər gəlib duran iki nəfərin söhbətinə qulaq verməyim çox da bəd olmadı.

Biri o birinin yaxasından tutub deyirdi:

- Ha, beləcə yaxasından yapışdım, silkələdim, dedim, sən aldadan mən deyiləm.

Ağzına bir şapalaq çəkərəm otuz iki dişin də gedər qarnına!

O biri çox qürurla deyirdi:

- Nahaq, mən olsaydım salardım təpiyimin altına.

- İyirmi addım o yanda milisioner dayanıb, səsimi bərkdən çıxarsam, o saat gələr axı...

- Milisionerdən də göz açmaq mümkün olmayır ki...

“26-lar” meydanına çataçat idi. Düşməyə hazırlananların əvvəl çığırtıları, sonra da bağırtıları mənə dad verirdi. Düşmək istəyənlərin hərəsi bir ağız aşağıdakı sözlərdən birini deyirdi:

- Siz burada düşəcəksizmi?

- Basma, yoldaş, hamı düşəcək!

- Mən basmayıram, daldan itələyirlər.

- İndi ki, düşməyəcəksən, yolu nə üçün kəsirsən?

- Bağışla.

- Di bir az qabağa get.

- Konduktor! İzdaçımı ver, düşürəm.

Tramvayımız küçənin başına çatanda sola fırlanarkən, bir tələbə özünü yerə atdı. Beş-on addım özünü saxlaya bilməyib siyrildi. Növbədə duran milisioner dərhal onun qolundan yapışıb, danlamağa başladı. Görünür, ştraf alacaqdır.

Vaqon dayandı. Demək olardı ki, tramvaydakı adamların üçdə iki hissəsi burada düşdü. “26-lar” bağı, onun bəri başındakı yeni klub binası və bütün ətrafın asfalt ilə döşənməsini mən yenicə görürdüm. Şəhər nə qədər sürətlə dəyişir. Fikrim çox uzaqlara getdi. Bağ ilə klubun sözü o yana dursun, təkcə “asphalt” məsələsini danışmaq üçün köhnə Bakı dumasında qlasnılar, görəsən, neçə ay vaxt keçirərdilər? Mənim yadıma çox qara-qura xəyallar gəldi.

Bir də ayıldım gördüm ki, vaqonumuz şəhər vağzalı duracağındadır. Tamam o yerdə ki, keçmiş zamanda burada konka atları bağlanardı. Atların quyruğu küçə tərəfə, başları indiki bağa sarı olurdu. Atlar burada yemlənirdi. Dincəlirdi. Quyruqları ilə milçəkləri qovurdular. Əsil tamaşa bu milçəklərdə idi. Quyruqdan qorxan yad milçəklər bir qədər qanad çalandan sonra gəlib-gedənlərin qulaqlarında gizlənir, bəziləri adamın alnına qonurdu. Quyruqdan qorxmayan cəsur və təcrübəli milçəklər omba sümüyünün üstündə uçaraq atları paçasına və ya lap quyruğunun altına qədər soxulub orada kefə baxardılar.
O günlərdə bir gün idi. İndiki bağın yeri «şəhərdə biyaban» adını daşımağa layiq bir yer idi. Payız qabağı bağ tikanları yaşıllaşır, çardağın altında bağlı olan konka atları onlara baxaraq bir zövq, iştaha duyurlardı...

Mən olan meydançaya əvvəllər şəhər vağzalı tərəfindən gələn motalpapaq bir kəndçi çıxdı. Üz-gözündən kolxoz yağırdı. Xurcunun hər gözünə bir yekə səbət nar yerləşdirmişdi. Bunun arxasınca ərli-arvadlı iki rus çıxdı. Arvadın çiynində bir torba, kişinin də əlində bir sandıq vardı. 4 nömrəli tramvaydan düşən biri də zıqqana-zıqqana yarım kisə kartoşkanı gətirib qoydu bu şeylərin yanına. Xırda pulları kassaya verib qayıdan konduktor bu şeyləri görüb əvvələn gözlərini bərəltdi. Sonra istədi bir şey desin, demədi... Uzaqdan gələn yolçulara, görünür, güzəşt edirdi. Mən lap təsdiq edə bilərəm ki, məsələn, bu iki səbət nar ilə onun sahibini faytonçu Quba meydanına ən azı on manata aparardı: hazır burada on iki qəpiyə gedirdi.

Uzun bir zəngdən sonra vaqon hərəkət etdi. Beş metr getməmiş dayandı. 8 Nömrəli tramvay qabağa keçdi. Sonra da bizimki hərəkət etdi. Sabunçu vağzalının qabağında dayandıq, burası dörd yol ağzıdır. Tramvayın yolçusu burada çox olur. 5 və 8 nömrəli tramvayın bura boşaltdığı yolçular, Sabunçu tramvayından enib gələnlər, bir də ətrafdan toplananlar.

Həqiqətən bura çox basırıq olur. Həmişə özgə hesabına yaşayan xəzpuşlar bunu yaxşı bilir. Tramvayın əl tutan yerindən ikiəlli yapışıb dayanır, guya gözləyir ki, qabaqdakılar hərəkət etsin. Vaqon zəngin çalır, yolçular darıxır, hamı birdən içəri hücum etmək istəyir. Əsl ustalıq buradadır: bütün fikrini tramvaya qalxmağa verib, cibinə fikir verməsən, işin bitdi.

-... Bu gülləri Mərdəkandanmı gətirirsən?

- Yavaş, yoldaş, səbətdə sınan şey var.

Qoca bir kəndçi bu arada ayağa durub getməyə hazırlanır kimi soruşurdu:

- Ay oğul, Quba meydanına çatmışıq, ya yox?

- Quba meydanı hələ bunda nə istəyir. Balniskanın (xəstəxana) qabağına indi çatırıq,
otur, mən düşəndə sən də düşərsən.

Çarşablı bir qadın əlində böyük bağlama tutub oturmağa yer axtarırdı.

- Nə olar? Sən kişi xeylağısan, yanını bir az o tərəfə qoy, mən də oturum, qoca arvadam.

- İndi arvad, kişi yoxdur, hamı bir bərabərdədir.

Qarşıda oturan bir işçi dedi:

1920-ci illər - Bakıda ilk tramvaylar (Lenin (indiki Azadlıq) prospektində Sabunçu vağzalı qarşısında)
1920-ci illər - Bakıda ilk tramvaylar (Lenin (indiki Azadlıq) prospektində Sabunçu vağzalı qarşısında)


- Ay ana, bu xala düşməyə hazırlaşır, meylini bu tərəfə ver, duran kimi bas özünü yerə.
Xəstəxananın qarşısındakı duracaqda minənlər düşənlərdən çox idi. Demək olar ki, hamının əlində zənbil var idi. Ətrafıma baxa bilməyirdim. Quba meydanında düşmək üçün insanlar bir-birinin başına çıxmaq istəyirdilər. Dal tərəfdən düşən iki yolçunu milisioner dərhal yaxaladı. Adamlar seyrəkləşdi. Xurcun, sandıq, kisə endirildi. Artıq bazar küçəsi ilə kedirdik. Tramvay bilafasilə zəng çalır, xırda uşaqlar vaqonlara atılır. Ürəyim döyünür, əsəbiləşirəm. Mənə belə gəlir ki, indicə bunlardan biri çarxların altına düşəcək.

Qəssab bazarına çatanda vaqonlar lap yavaşıyır. Nəhayət, dayanır. Burada da minənlərin çoxusu, bazardan ərzaqını alıb qayıdanlardır. Kommunist küçəsinə burulduq.
Bir-iki yolçu da bu yavaşılıqdan istifadə edərək atılıb çıxdı.

Mədəniyyət sarayını arxada qoyuruq. Nərimanov texnikumunun önünə yetişirik.

Tələbələr topa-topa durub söhbət edirlər və gəlib-keçənlərə mane olurlar. Sanki, bütün gün tənəffüs zamanını tələbələr burada keçirirlər. Biz keçib gedirik. Saatın altında mindiyim yerdə səyahətimin yarısını tamam edib düşürəm.

İki nömrəli tramvayda bir basabas var ki, gəl görəsən. Birtəhər içəri dürtülüb yuxarıdan asılıram. Vaqon Kommunist küçəsi ilə hərəkət edir. Adamların çoxluğundan o qədər sıxılmayıram, ancaq arxadan birisi durmadan öskürür, o öskürdükcə ağzının suyu boynumun ardını isladıb, məni diksindirir. Karl Marks meydanında tramvaya hücum çəkən yolçular bizi itələyib lap qapının ağzına qədər gətirdilər.

- Yoldaş! Zənbili üstümə sürtmə!

Şıq geyimli bir qadının bu sözü arxadakı bir az yaşlı bir arvada söylədiyini gördüm, elə bil arvadı cır arı vurdu. O qədər əsəbiləndi, o qədər danışdı, o qədər söyləndi ki, bütün yolçuların həm nəzərini cəlb etdi, həm də zəhləsini tökdü.

- Arvad, daha bəsdir!

Xeyr, kimə deyirsən?.. Dil boğaza qoydu yoxdur...

- Zənbildən qorxursan, tramvaya minmə... Tramvaya minən gərək zənbil sürtülməsini qəbul etsin; görünür sən həmişə faytonda gəzmiş cənablardansan, buyur get faytona min, mənim zənbilim..

- Arvad, daha bəsdir, axı...

Əzizbəyov küçəsinin başına çatmışdıq. Mən lap qapının ağzında dayanmışdım. Düşmək istəyənlər də çox idi. Halbuki, mən yolu kəsmişdim. Tələsən yolçuların namərbud sözlərini eşitməmək üçün mənzil başına çatmadan tramvaydan düşməyə məcbur qaldım. Düşdüm. Şamaxı küçəsinə tərəf yönələrək səyahətimə piyadaca davam etdim. Tramvayda tərləmişdim. Hava gözəl və ilıq idi. Paltonumu çıxarıb qolumun üstünə saldım. Alıcı və satıcıları seyr edə-edə kömürçü meydanına tərəf gedirdim. Tanımadığım bir şəxs qabağımı kəsib soruşdu:

- Paltonu satırsınızmı?

- Xayır! Satmayıram,- dedim. Aralandı On-on beş addım getməmişdim, ikinci bir şəxs sordu:

- Bu paltonun qiyməti nədir?

Bunu da rədd etdim, fəqət mümkünmü! Üçüncü bir şəxsdən:

- Paltova baxmaq olarmı?- sualına məruz qalınca dərhal onu əynimə geydim. Məndən əl götürdülər. Burası mənim o qədər xoşuma getmədi. Kömürçü bazarında gördüklərimi yazsam, səyahətnaməm çox uzun düşər.

Mənə belə gəlir ki, buraya toplanan alıcı və satıcıların hamısı ticarət arxasındadırlar. Burada əsil “müstəhlik” yoxdur. Məsələn, biri bir balıq alırsa, yemək üçün deyil, bəlkə, beş-on addım tərəfdə əlli qəpik qazancına satmaq üçün alır.

Buranın əsl tacirləri dovğasatanlardır.

- Kasası iki manata... Noxudlu dovğa hələ o şəkillərini çəkdirən gənc iki rus qızı qiyamətdir! Fotoqrafçının verdiyi çuxanı geyib xəncəri də taxmışlar. Sağ əlinin ovcunu xəncərin dəstəsinə, sol əlini də belinə vuraraq dayanmışlar. Başlarında kənarının tükləri tökülmüş çal papağı qaşlarının üstünə qədər əymişlər...

Bir az o tərəfdə qramofon satan seygah plastinkası çalır. Bir kolxozçu da yoldaşına belə şikayətlənir:

- Zalım oğlu and içdi ki, bu çay «105»-dir, amma qəndi verəndə şübhələndim. Bir kilo adına vermişdi, çəkdirdim, düz iki girvənkədən də yarım çətvər əskik gəldi. Sonra da çayı açıb gördüm ki, xalis Qafqaz çayı!

Buradan aralanmaq deyil, bəlkə, başımı götürüb qaçdım. Tramvay yoluna çıxdım ki, səyahətimə davam edim. Dayanacaqda beş-on adam gözləyirdi. Sonra da kömürçü meydanından çıxan bir intelligent gəldi. Bu, xalis intelligent idi. Üzünü yenicə qırxdırmışdısa da, saçını qulağının qabağından ta ağzının həzasına qədər uzatmışdı. Uşaq vaxtı coğrafiya oxuyanda müəllim bizə demişdi ki, xəritədə İtaliya uzunboğaz çəkmə şəklinə bənzəyir. Bu intelligentin üzündəki tükləri də eynilə İtaliya xəritəsini yada salırdı. Sonra 50- 55 yaşında bir müsəlman arvadı gəldi. Üzünü mənə tutub sordu:

- Ay oğul! Həmşəhr palanına gedəcəyəm... Bu tərəfə gedən tramvaya minsəm, görəsən, ora gedə bilərəm?

Yolçular arasından birn cavab verdi:

- Elə bu özüdür ki, var.

- Allah razı olsun, ay oğul. Deyirəm gedim, orada yaxşı qoyun əti var, bir girvənkə yarım alım gətirim... Gəlinim azarlıdır... Tramvaylar da o qədər basırıq olubdur ki, minəndə minə bilmirsən, düşəndə düşə bilmirsən. Məxluq birdən basılır tramvaya... Bu qarının sözünə, ehtimal ki, məndən başqa qulaq asan yox idi. Amma o öz işində idi, danışırdı:

- Qonşumuzda bir ətkəsən var, hər gün gəlib soruşardı: ay Xədicə bacı, ət lazımsa uşaq göndər gəlib aparsın. On gün olar o da çıxıb gedib harasa. Gəlinim də dörd gündür gözlərini qızdırmadan aça bilməyir. Yenə qayğısına mən qalmışam. Pərvanə kimi dolanıram başına. Hayıf ola! Qədrimi-qiymətimi biləcək?.. Ayağa duran kimi...

Daha sözün dalını eşitmədim. Tramvay gəlib dayanmışdı. Yolçular, insafən, əvvəl bu arvada yol verdilər ki, tramvaya çıxsın. Onun arxası ilə də mən çıxdım. Xədicə xala yer tapıb oturdu. Mən ayaq üstə onun yanında dayanmışdım. O, başındakı çarşabını düzəldib bir dəfə ətrafındakılara baxdı. Görünürdü ki, söhbətinin dalısına davam edəcək idi. Mən qəsdən başımı sağ tərəfə çevirdim. O, ətəyimdən yapışıb xəfifcə dartaraq deyirdi:

- Ay oğul, həmşəri palanına çatanda mənə xəbər ver... Başına dolanım... Ötüb keçərəm, sonra xəbərim olmaz.

Mən başımla təsdiq işarəsi verdim. Qorxudan bir söz demədim ki, söhbət uzansın.

Ancaq Xədicə xalanın yanında oturan yaşlı bir kişi ona dedi ki:

- Bacı, mən də həmşəri palanında düşəcəyəm. Düşəndə sənə deyərəm.

Çox danışmaq bəzi adamların xasiyyətidir. Bizim yerlərdə belə adamlara “söz dağarcığı” deyərlər. Bu arvad xalis söz dağarcığı imiş. Bu dəfə həmin kişiyə xitab edərək soruşdu:

- A qardaş, sən də həmşəri palanına qoyun əti almağa gedirsən?

- Xeyr, bacı.

Konduktor bilet təklif edə-edə gəlib qarşımızda durdu. Xədicə xala qırmızı yaylığının bir ucuna bağladığı xırda pullardan açıb konduktora bir iyirmi qəpiklik verdi.

- Bacı, səkkiz qəpik izdaç yoxdur. Tut bu bileti, gözlə bir az, sonra verərəm,- dedi.

- A qonduktor, mən həmşəri palanında düşəcəyəm... İzdaçimi yubandırma ha!

- Arxayın ol, bacı, bu saat verəcəyəm.

Tramvayımız böyük binaları arxada buraxaraq “Şura” küçəsi ilə öz iti hərəkətində davam edirdi.. Bir-iki duracaq daha keçdik. Vaqonumuz sürətini yavaşıdaraq bir-iki çarx döndərib lap dayandı. Hava pozulmuşdu, başımızın üstündəki qalın və qara buludlar ağlamırdı.

- Tramvay nə üçün dayandı?

- Görünür, tok yoxdur.

- Odur ha qabaqda da iki tramvay dayanıb.

Yolçular arasında bu kimi danışıqlar başlanmışdı. Cavan bir oğlan arxa tərəfdən düşüb yola boylandı, yenə tez tramvaya girdi və bu xəbəri verdi:

- Hər nə isə bir əhvalat var, çox da adam yığılıb.

Bir başqası:

- Nə əhvalat olacaq, yəqin yenə tramvay adam basıb.

Xədicə xala ilk xəbəri verən cavana dedi:

- Ay oğul, cavan oğlansan, get bir xəbər gətir.

- Ay ana, çox uzaqdır, yağış da yağır.

Bir ayrısı deyirdi:

- Xəbəri-məbəri yoxdur. Yəqin ki, yenə adam basıb. Heç məgər fikir verirlərmi tramvay sürənlər? Dünən Qara şəhərdə qoca bir arvadı tramvay aldı altına.. xurd-xəşil elədi.

- Tramvayçıda taxsır-zad yoxdur. Ev boyda tramvay nərilti ilə gəlir, gedib girmə altına, basmasın səni. Gözün var, qulağın var, tramvayçı buna nə eləsin.

- Demə, bala, olanda olur. Əcəl dediyin qaşla-göz arasındadır. Adamın basaratı bağlananda qaçıb qurtara bilməyir. Tədbirli sürücü lazımdır ki, o saat dayandırsın.
Yolçular arasında sürücülərin əleyhinə olanlar qədər, onları müdafiə edənlər də vardı. Birisi çox hərarətli danışırdı.

- Ay kişi, buna tramvay sürəti nə qayırsın? Bir də görürsən, uşaqlar minib sallanır. Bundan düşüb, ona minirlər, ondan düşüb, o birinə minirlər. Bir dəfə, iki dəfə, üçüncüdə gedir təkərin altına... Sən də de-yirsən ki, tramvay uşağı basdı. Tramvayın dili yox, ağzı yox, uşaq sahibinə deyən gərək ki, uşağına qulaqburması ver!

Yolun kənarı ilə qarşı tərəfdən birisi gəlirdi, Əhvalatı ondan sordular.

- Mən görmədim, ancaq deyirlər, bir məktəb uşağını tramvay basıbdır, - cavabını verib, keçdi getdi,

- Necə? Necə?

Bu dəfə yolçular ikinci şəxsə müraciət edirdi.

O da:

- Heç o da bilməyir, deyir məktəb uşaqlarını tramvay basıb.

Tramvayın arxa tərəfindən bu danışıq və bundan sonra da xüsusi mülahizələr yavaş-yavaş genişlənirdi.

- Uşaqların məktəbdən çıxan vaxtıdır. Yəqin bir neçəsi qaça-qaça birdən çıxıb yola, tramvay da basıb əzişdirib.

Xədicə xala qabaq tərəfdə oturmuş, danışılan sözləri yaxşı eşitməyirdi. Bir az başını irəli əyib arxa tərəfdəkilərdən soruşdu:

- Ay oğul, kimin uşağını basıb deyirlər?

- Ay xala, məktəb uşaqlarıdır.

- Allah, sən saxla, ya rəbbi! Ay bala, bu tramvayçı qudurubdur nədir, bir dəstə məktəb uşağını salıb tramvayın altına qırıb töküb. Bəgəm onların ata-anası yoxdur?

Xədicə xalanın bu sözlərinə cavab verməyə hazırlanırdım ki, ikinci bir xəbər çıxdı. Bunu da yoldan keçən ikinci bir şəxsin dilindən danışırdılar.

- Adam basmayıb, Tramvay yelli gedirmnş. Birdən-birə dağlı məhəlləsindən iyirmi-otuza qədər qoyun yola çıxır. Sürücü saxlaya bilməyir, on-on beş qoyun qalır tramvayın altında.

Qəlbi nazik yolçular:

- Ay yazıq heyvanlar, - deyirdilər, - ay hayıf!

Mənim fikrim Xədicə xalada idi. O bu hadisənin əhəmiyyət və şəklini tamam düşündükdən sonra yanındakı şəxsdən soruşdu:

- Görəsən, o heyvanlardan bıçağa gələni olubmu?

- Əlbəttə, iyirmi-otuz qoyunun hamısı çarxın altına düşməz ki, onda lap tramvay yoldan çıxar, yıxılar. Yəqin əzilənlərin başını kəsərlər, əti hayıf olmasın.

Bu cavabdan sonra ortalığa iki mühüm məsələ qoyuldu. Yolçular əsl məsələni unudub bunların ətrafında mübahisəyə başladılar. Məsələ bunlar idi:

- Qoyun qalmaqla, tramvayın yoldan çıxıb yıxılması mümkünmü?

- Bu qoyunlardan yesə, adamı elektrik vurarmı, vurmazmı?

Saçlarını iki qulağının qabağından İtaliya xəritəsivari sallandıran intelligent iddia edirdi ki, o qoyunların ətini dilə vurmaq olmaz! Yolçular da insafən onun bu alimanə çıxışına hörmətən heç bir səs çıxarmadılar. Fəqət, birinci məsələnin mübahisəsn çox uzun sürdü. Biri deyirdi:

- İki xalvar ağırlığında tramvayı dörd-beş qoyun yoldan döndərə bilərmi?

- Nə iki xalvar? Uşaqsanmı? Bu tramvayların hər biri on beş xalvardan da ağırdır.

- Xayır, on beş xalvar olmaz.

- Mən and içirəm ki, lap iyirmi xalvardan da artıq olar. Zarafat deyil, hər yeri sərt dəmirdir.

- Ay kişi, sərt dəmir harada idi?! Oturduğun yer və ayaqqabılarının altı hazırda taxtadır ki!

- Sən gir altına bax, gör nə qədər dəmiri var.

- Lap olsun taxta, məgər taxtanın ağırlığı yoxdur?

- Olar, olar, on beş xalvar olmasa da, on xalvara söz yoxdur... Hamının başı bu söhbətlərə və mübahisələrə məşğul ikən tramvayımız birdən öz hərəkətinə başladı, İndi hər kəs hadisə məhəllinə yetişməyə darıxırdı. Güman edirəm ki, Xədicə xala inteligentin mülahizəsinə baxmayaraq bu əzilmiş qoyun ətinin ucuz olaçağını düşünürdü. Nəhayət, birinci duracağı keçib, əsl hadisə yerindəki duracağa çatdıq. Yolçular üzlərini şüşələrə yapışdırıb, ətrafı həyəcanla gözdən keçirirlərdi. Tramvaya iki yolçu çıxdı. Hər kəs bunlarıi verəcəyi məlumata müntəzir dayanmışdı.

- Yoldaş, tramvaylar nə üçün dayanmışdır burada?

- Heç, ay kişi, tramvay burada dayanmışdı. O balaca ağ itlərdən birisini böyük bir it qovalayırdı. Heyvan qaçıb tramvayın altında gizlənmişdi. Nə çıxırdı, nə də tramvayçı sürməyirdi ki, it yazıqdır... Nə isə, bir qədər sonra itin sahibi tapıldı. Gəldi.. heyvan onu görən kimi çıxdı. Vəssalam.

- Bəs bu qədər adam nə üçün yığılmışdır?

- Heç nə, quru tamaşa.

Bayaqdan bəri gah dəstələrlə məktəb uşaqlarını, gah iyirmi-otuz baş qoyunu xəyallarında tramvayın altına soxub əzişdirən yolçular mat-mat bir-birinin üzünə baxıb dururdular. Bu sükutlu baxış çox az davam etdi. Yenə söhbət qızışdı. İndi danışığın mövzusu «it» idi. Bir qədər sonra, söz pişiklərdən düşdü. Tramvayımız Kommunist küçəsinə yetişmiş, mənim də səyahətim tamam olduğuna görə söhbətin dalına qulaq verə bilmədim. Tramvaydan ayrıldım.

1934
XS
SM
MD
LG