Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:47

Deputatlar Nigar Yaqublu ilə bağlı məhkəməyə müraciət ediblər


Nigar Yaqulu
Nigar Yaqulu
-

15-ə qədər deputat Müsavat partiyasının gənc fəalı Nigar Yaqublunun işi ilə bağlı Abşeron rayon məhkəməsinə müraciət ediblər. Müraciətə imza atan Sabir Rüstəmxanlı, Vahid Əhmədov, Əli Məsimli və digər millət vəkilləri Nigar Yaqublunun barəsində verilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyirlər. Bu barədə AzadlıqRadiosuna müraciətin təşəbbüskarı Sabir Rüstəmxanlı məlumat verib.

«Hesab edirəm ki, məhkəmələr bu qədər millət vəkilinin, qanun yaradıcılığında iştirak edən insanların imzaladığı müraciətə hörmətlə yanaşmalıdırlar. Təəssüf ki, bəzən məhkəmələr sifariş yerinə yetirir».

Noyabrın 13-də N. Yaqublunun apellyasiya şikayətinə baxılacaq. Noyabrın 12-də isə Nigar Yaqublunun hüquqlarını müdafiə komitəsinin üzvləri mətbuat konfransı keçiriblər. Komitənin sədri Mehriban Vəzir Nigar Yaqublunun səhhətində problemlər yarandığını deyib.

Konfransda Nigar Yaqublunun vəkilləri Elton Quliyev, Adil İsmayılov həbs-qətimkan tədbirinin əsassız olduğunu, bu işi Avropa İnsan Haqları Məhkəməsinə hazırladıqlarını deyiblər.

HƏBS MÜDDƏTİ 3 GÜNDÜR BİTİB

Vəkillərin bildirdiyinə görə, Nigar Yaqublu artıq 3 gündür ki, həbsdə qeyri-qanuni olaraq saxlanılır. Çünki onun həbs müddəti noyabrın 10-da başa çatıb.

Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu sentyabrın 11-də tutulub.

Abşeron Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.

Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır.

Qəza avqustun 25-də Bakıda baş verib. İstintaq Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyini və qəzanın onun təqsiri üzündən baş verdiyini iddia edir.

Nigar Yaqublu Bakı İstintaq Təcridxanasında saxlanır.
XS
SM
MD
LG