Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:41

“Heç olmasa cəhd elədim”, “Sabunlamaq lazımdır”...


-

İz&Oxu zalı

"Kinosorğu" rubrikasında ölkənin tanınmış şəxslərinə bir sualla üz tuturuq: Dünya kinosunda yaddaşınıza həkk olunan, sizi silkələyən kadr varmı, varsa hansıdır?


“TÜRKAN ŞORAY - GÖZƏL QADIN… ONU UŞAQLIQDAN SEVİRƏM!”

Cavan Zeynallı, musiqiçi:

- Mən “İstintaq” filmindən (rej. - Rasim Ocaqov) bir kadrı həmişə xatırlayıram. Həmin kadrda mən də varam. Toydur. Mən çıxıb oxuyuram, özü də “Çal-çal-çal, tar-kaman, bir hava çal!” – mahnısını oxuyuram. Qonaqlar da oturub dinləyir.

Həmin an milis gəlir və əyri işlərlə məşğul olanları tutub aparır. Mən də, elə oxuya-oxuya qalıram. Bax, bu kadr çox xoşuma gəlir.

Bir də, türk kinoaktrisası Türkan Şorayın bir filmindəki kadr yadımdan çıxmır. O çox gözəl qadındır. Uşaqlıqdan sevirəm onu. “Arım, balım,, pətəyim” filmində (rej. - Muzaffer Arslan) eyniadlı mahnını oxuyur.

Orkestrdəki musiqiçilərdən 4 nəfər gəlir otelə. Oteldə də bir türk milyonçusu oturub. Türkan Şoray da həmin mahnını onunçun oxuyur. Bax, bu kadrı və mahnını illərdir unuda bilmirəm. Axı, mən musiqiçiyəm. Ona görə də, belə kadrları tuturam.




“LƏNƏT ŞEYTANA! MƏN HEÇ OLMASA CƏHD ELƏDİM!”

Arif Əliyev, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri:

- “Qu quşu yuvası üzərindən uçarkən” (rej. - Miloş Forman) filmində Cek Nikolsonun oynadığı obraz - Mak Mörfi dəlixanada bir mərc gəlir. Yerə pərçimlənmiş qranit əşyanı qaldırmaq üçün.

Hamı ona deyir ki, sən onsuz da onu qaldıra bilməzsən… Amma o mərc gəlir. Nə qədər eləyir, qaldıra bilmir… Axırda deyir: Lənət şeytana! Mən heç olmasa cəhd elədim! Bax, bu ifadə indi bizim düşdüyümüz situasiyalara çox yaraşır və ona görə də tez-tez yadıma düşür.


“SABUNLAMAQ LAZIMDIR!”

Dilarə Əliyeva, aktrisa:

- Mənim öz filmlərimizdəki kadrlar tez-tez yadıma düşür. Məsələn, çəkildiyim “Qayınana” filmindəki (rej.- Hüseyn Seyidzadə) yıxılmağımı xatırlayıram.

Sonra “Şərikli çörək” filmindəki “Sabunlamaq lazımdır” sözünü… Uşağın başı keçir dəmirə. Onu oradan çıxarmaq üçün hərə bir versiya irəli sürür. Yaşlı bir kişi isə eyvandan baxıb bütün ciddiyyəti ilə deyir: “Sabunlamaq lazımdır”… (ürəkdən gülür).

XS
SM
MD
LG