Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:28

Azərbaycan bol qaz əvəzinə Avropadan bol dostluq istəyir


Arxiv foto
Arxiv foto
-

Azərbaycan bildirib ki, gələcəkdə Avropa Birliyinə ildə 50 milyard kubmetr qaz sata bilər, lakin əvəzində puldan da böyük fayda istəyir.

Bunu jurnalist Andrew Rettman Avropa Birliyi məsələlərindən yazan və gündəlik 60 min oxucusu olan «EUobserver.com» internet qəzetində yazır.

Məqaləyə görə, Azərbaycan Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev Brüsseldə diplomatlara, rəsmilərə və jurnalistlərə bildirib ki, Azərbaycanın 2025-ci ilədək potensial qaz ixracatının həcmi ildə 40-50 milyard kubmetrə çatacaq.

O, deyib ki, bu qazın çox hissəsi Avropaya axacaq.

Qəzet yazır ki, bu, olduqca böyük rəqəmdir və Avropa Birliyinin qaz istehlakının 10 faizini təşkil edə bilər.

Andrew Rettman bildirir ki, bu həcmdə qaz Avropanın Rusiyadan asılılığını xeyli dərəcədə azaldardı.

Hazırda «Qazprom» alternativ qaz təchizatına malik Avropa ölkələrində öz qazını 15 faiz ucuz satır.

Bakı Avropa Birliyinə Türkiyə, Avstriya və ya İtaliyadan keçən kəmərlər üçün nə qədər qaz ayıracağı barədə gələn il qərar verəcək.

OFİSİNİZ MÜBARƏK VƏ YA ARAZ ƏZİMOVUN TƏMƏNNALI DOSTLUĞU

Qəzet yazır ki, Brüsseldəki görüş həm də Azərbaycan Dövlət Neft Şirkətinin Avropa Birliyinin paytaxtında ofisinin açılışı ilə əlamətdar olub.

Andrew Rettman-ın təbirincə desək, Brüsselin göbəyində yerləşən Rondpoint Schuman məhəlləsindəki 100 kvadratmetrlik ofisdə hələlik üç işçi var.

Azərbaycanın AB-dəki səfiri Fuad İsgəndərov deyib ki, «ofisin açılışı Avropa ilə Azərbaycan arasında yeni dost münasibətlərin başlanğıcıdır».

Araz Əzimov
Araz Əzimov
Lakin Azərbaycanın «qaz dostluğu»nun əvəzində rəsmi Bakının Avropa Birliyindən təmənnasını xarici işlər nazirinin müavini Araz Əzimov dilə gətirib.

O, Azərbaycan üçün Avropa sammitlərində Çin, Rusiya və hətta ABŞ-a verilən xüsusi «strateji əməkdaş» statusunun verilməsini istəyib.

Andrew Rettman yazır ki, Azərbaycan hazırda Avropa Birliyinin Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynanı da əhatə edən «Şərq Əməkdaşlığı» siyasətinə daxildir.

Müəllif yazır ki, rəsmi Bakı bundan daha yüksək status tələb edir.

Məqalədə qeyd olunur ki, Araz Əzimov adı çəkilən görüşdə Azərbaycanın hazırkı statusu barədə deyib: «Mənə (yəni Azərbaycana) belə bir yanaşma məqbuldurmu? Düşünürəm ki, yox…Strateji münasibətlərin zamanı artıq gəlmişdir».

Araz Əzimov az sonra, «EUobserver» qəzetinə deyib ki, Azərbaycana Avropada yeni statusun verilməsi hazırda Minsk Qrupunda ermənilərə meylli Fransa, Rusiya və ABŞ-dan daha çox Bakıya dost olan İsveçrə və Türkiyəyə üstünlük verilməsinə imkan yaradardı».

Maraqlısı budur ki, cənab Əzimov və onun rəisi bu fikirləri indiyədək Moskvanın, Paris və Vaşinqtonun üzünə deməyiblər.

ÖZGƏNİN MƏKTUBLARINI OXUMAQ TƏRBİYƏSİZLİYİ

Məqalədə deyilir ki, Avropa Birliyinin Azərbaycanla münasibətləri çox ziddiyyətlidir.

«Bir tərəfdən birliyin yüksək vəzifəli rəsmiləri Jose Manuel BarrosoHerman Van Rompuy Bakıya kef səfərləri edirlər, digər tərəfdən isə ölkənin demokratiya və insan haqları sahəsindəki tarixçəsi xəcalət verir», qəzet yazır.

Neelie Kroes
Neelie Kroes
«Ötən həftə Avropa Birliyinin İnternet Məsələləri üzrə komissarı Neelie Kroes Bakıda keçirilən BMT tədbirində Azərbaycanın jurnalistləri həbsə atmasını və döyməsini tənqid etmişdi», deyə müxbir qeyd edir.

Qəzet yazır ki, prezident administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov dövlət mediasına müsahibəsində xanım Neelie Kroes-u «qeyri-səmimi, qərəzli və reallıqdan uzaq bir şəxs» adlandırıb.

Əslində xanım Kroes elə bir ağır söz deməyib. Deyib ki, Bakıda olarkən onun həmkarlarının kompüterlərinə, daha doğrusu, elektron poçtlarına haker hücumu olub.
Başqa sözlərlə, Avropa rəsmilərinin məktubları oxunub.

Neelie Kroes Avropa dilində demək istəyib ki, özgənin elektron və ya adi kağızda yazılmış məktublarının icazəsiz oxunması tərbiyəsizlikdir.

Bəlkə, Azərbaycanda doğrudan da elə dövlət başçısına, hökumətə, dövlətçiliyə qarşı təxribat törədən, özgə məktublarını ərik mürəbbəsi ilə pürrəngi çay içə-içə oxuyan, jurnalistlərin yataq otaqlarına gizli kameralar yerləşdirməkdən manyakal zövq alan tərbiyəsiz və təhlükəli terror birləşməsi var?

Rəsmi Bakı bu sualları hələlik cavablandırmayıb.

QAZ VƏ DEMOKRATİYA VƏ YA QAZ ÇIXMADAN QAZLANMAQ

«EUobserver»in müxbirinin, xanım Kroes-un tənqidinin Avropanın Azərbaycanla enerji münasibətlərinə zərbə vurub-vurmayacağına dair sualına cavab verərkən, Əzimov bildirib ki, «qaz və demokratiya ayrı-ayrı məsələlərdir».

Qəzet yazır ki, Araz Əzimov bir yana qalsın, xanım Kroes-un Avropadakı həmkarı, enerji məsələləri üzrə komissar Gunther Oettinger Azərbaycan Dövlət Neft Şirkətinin tədbirində deyib: «Məncə belə bir tənqid (yəni Kroes-un tənqidi) Brüssel perspektivindən lovğa səslənir. Azərbaycan insan haqları sahəsində regionun Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi ölkələrindən çox irəlidədir».

Gələcəkdə Türkmənistanla qaz müqavilələri imzalamağa gedəndə, cənab Oettinger yəqin deyəcək ki, Türkmənistanda insan haqları Birmada olduğundan qat-qat yaxşıdır.

Rövnəq Abdullayevin Avropaya nə vəd edib-etməməsindən asılı olmayaraq, reallıqda ekspertlər Azərbaycan qazının həcmləri barədə dəqiq proqnoz verməkdən çəkinirlər.

Onlar bir məsələdə yekdildirlər. Bu, çox bahalı və çətin çıxarılan qaz ola bilər.

Hər şeyi ölçüb-biçən Avropa isə «qaz çıxmadan qazlanmağa» o qədər də inanmır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG