Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:27

Qız sünnəti - islamın tələbi, ya milli adət?


Arxiv foto: 4 yaşlı Shwen sünnət olunduğu üçün ağlayır
Arxiv foto: 4 yaşlı Shwen sünnət olunduğu üçün ağlayır
-

«Mən bir gündə 248 qız uşağının xarici cinsi orqanının sünnət olunmasını görmüşəm».
Jurnalist Abigail Haworth Londonda çıxan «The Observer» qəzetində belə yazır.

Maraqlıdır ki, «İnsan iztirablarından narahatlığın ifadəsi olan ən yaxşı qəzet yazısı üçün» «Madeline Dane Ross» mükafatını almış, «Marie Claire» jurnalının ABŞ nəşrinin baş redaktorlarından biri olan Abigail Haworth məqaləni 2006-cı ildə yazdığını, lakin orada adları çəkilənlərin təhlükəsizliyi mülahizələri ilə onu indiyədək çap etdirmədiyini yazır.

Bəri başdan deməliyəm ki, bu cür izahat heç də hamını qane etmir. Yazıya şərh yazanlardan bəziləri jurnalisti aktual bir mövzunu illərdir gizləməkdə ittiham edirlər.

Lakin nəzərə alsaq ki, eyni səbəblərdən yazılarını heç vaxt dərc etməyən jurnalistlər də var, Haworth, rusun məsəli «heç olmamaqdansa, gec olsa yaxşıdır» deyə bilər.

Jurnalistin bu yazısını hər halda diqqətdən kənarda qoymamağıma bir səbəb də budur ki, onun yazdığı dəhşətlər bu gün də davam edir.

Odur ki, məqalənin romanvari təsvirlərinin üzərindən keçərək, faktlara üstünlük verəcəyəm.

5 MANATLIQ SÜNNƏT

Arxiv foto
Arxiv foto
Abigail Haworth yazır ki, o, 2006-cı ilin aprelində İndoneziyanın Bandunq şəhərində, milli musiqi sədaları altında, hicablı və parlaq dodaq boyalı «cərrahlar» tərəfindən 248 qız uşağının kütləvi sünnət edilməsinin şahidi olub.

Jurnalist yazır ki, 1958-ci ildən bəri hər il təkrar olunan bu mərasim «sunat perempuan» və ya «qadın sünnəti» adlanır.

Bu mərasimi hər il Bandunqda mənzillənmiş «Yayasan Assalaam» adlı islami fond keçirir.
Mərasim hər il qəməri təqvimlə Məhəmməd Peyğəmbərin mövludu və ya ad günündə keçirilir və qızını «sünnət» etdirmiş hər bir ailəyə içində 80 min rupilik (5 manatlıq) ərzaq olan boğçalar verilir.

BU MƏRASİMİN İSLAMA AİDİYYATI YOXDUR, AMMA…

Abigail Haworth yazır ki, qadın sünnətini Quran tələb etmir və bu, müxtəlif xalqlarda islamaqədərki ənənə olub.

Bu ənənə əslində, xristianlıqdan və yəhudilikdən də əvvəl mövcud olub.

Lakin problem bundan ibarətdir ki, qadın azadlıqlarının ümumiyyətlə düşməni olan bəzi şeyxlər, imamlar və axundlar bu mərasimi İslama bağlamağa cidd-cəhd göstərirlər.

Jurnalist yazır ki, o, adı çəkilən fondun nümayəndələrindən Lukman Hakim adlı birisinə bu mərasimin nə üçün keçirildiyi barədə sual verib.

Lukman Hakim deyib ki, «qadınların seksual istəklərinə nəzarət etmək vacibdir. Onlar pak olmalıdırlar ki, gözəlliklərini qoruyub saxlaya bilsinlər».

İndoneziya və bütünlükdə Cənub-Şərqi Asiya İslamın qılıncla yox, kitabla gəldiyi, bəlkə də yeganə coğrafi regiondur.

Bəla da bundadır ki, «qadın sünnəti» anlayışı həmin o müqəddəs kitabda yoxdur.
Yalnız belə bir nəticə çıxarmaq olar ki, İslamı İndoneziyaya gətirənlərin başqa kitabları da olub.

KƏSİN, AMMA İNSAFLA KƏSİN

Abigail Haworth yazır ki, İndoneziya iqtisadi baxımdan Asiyanın yüksələn ulduzu hesab edilir. Xarici investorlar 240 milyonluq əhalisi olan bu ölkəyə can atırlar. Bununla belə 17 min irili-xırdalı adalardan ibarət bu ölkə son dərəcə mürəkkəb yerdir.

Bununla belə, İndoneziya hökuməti bütün dünyanın ingiliscə «FGM – Female Genital Mutilation», yəni, «Qadın Cinsiyyət Orqanının Şikəst Edilməsi» kimi tanıdığı bu vəhşi adəti 2006-cı ildə qadağan etməyə çalışıb.

FGM-ə aid internet saytlarda deyilir ki, bu əməliyyat qadını qismən və ya tamamilə «cinsi həzz» hissindən məhrum edir.

İndoneziyada cərrahlara bu əməliyyatı xəstəxanalarda aparmaq qadağan edilib.

«Bununla belə, xəstəxanalar bu əməliyyatları nəinki davam etdirirlər, hətta valideynlərə sünnətlə birlikdə pulsuz olaraq qız uşaqlarının qulaqlarının deşilməsi və vaksinasiya kimi xidmətləri təklif edirlər», Abigail Haworth yazır.

İndoneziya prezidentinin bu prosedurları qadağan etməsinə baxmayaraq, 2011-ci ildə ölkə parlamenti (qlobal məsələlərin müzakirəsini və qısası, işini-gücünü buraxaraq) qadın sünnətini həyata keçirən həkimlər üçün qaydaları təsdiq edib.

Müəllif yazır ki, İndoneziyanın ən böyük müsəlman təşkilatı Nahdlatul Ulama «mötədillik» göstərərək, həkimlərdən «kəsin, amma çox da kəsməyin» ricasını edib.

DİKTATURADAN XURAFATA VƏ YA SÜNNƏT OLUNMUŞ QADININ AŞPAZLIĞI

Belə bir məsələnin təfərrüatına varmaq belə xoşagəlməzdir, lakin qadın sünnəti barədə internet saytlar bu cür əməliyyatları dörd kateqoriyaya bölürlər.

İndoneziyada olduğu kimi «bir az» kəsmək, Misirdə olduğu kimi «bir az çox» kəsmək, Qambiyada olduğu kimi «demək olar ki, hamısını» kəsmək və ya Efiopiyada olduğu kimi «hamısını» kəsmək.

Abigail Haworth yazır ki, İndoneziyada radikal İslamın yüksəlişi 1998-ci ildə diktator Suharto-nun süqutu ilə başlanıb.

Biz isə əlavə edə bilərik ki, çox təəssüf, diktaturadan sonra, adətən dini ekstremizm gəlir.
İslama aidiyyatı olmayan, «islami dəyərləri» təqdir edənlər bəzən ağlasığmaz arqumentlər gətirirlər.

Abigail Haworth-un həmsöhbətlərindən biri çox ciddi şəkildə deyib ki, «sünnət» olunmuş qadınlar daha dadlı xörəklər bişirilər.

QADIN SÜNNƏTİ AVROPANIN PROBLEMİNƏ ÇEVRİLİB

«Qadın sünnəti» əksər Avropa ölkələrində qadağan olunub.

Bununla belə, Avropaya mühacirət edən icmalar bu adəti özləri ilə gətiriblər.

Britaniyada «FGM» haqqında qanun iki dəfə qəbul olunub.

İlkin variantda Britaniya ərazisində qız və qadınların «sünnət» əməliyyatına cəlb edilməsi cinayət kimi təsbit olunub.

Lakin daha sonra, London qanunvericiləri başa düşüblər ki, əsasən də Afrika icmalarından olan valideynlər qanunun yanından keçmək üçün qız uşaqlarını tarixi vətənlərinə aparıb, orada sünnət edirlər.

Bundan sonra qanun təkmilləşdirilib və indi uşağını öz tarixi vətənində bu əməliyyatdan keçirib, Britaniyaya gətirən valideynlər cinayət məsuliyyəti daşıyırlar.

Amma burada başqa bir problem ortaya çıxır.

Əgər keçmiş SSRİ-dən Britaniyada sığınacaq almaq istəyənlərin bir qismı «cinsi azlıq» kimi vətənlərində təqib edildiklərini əsas gətirirdilərsə, indi Afrika icmalarına aid mühacirlərin böyük bir qismi «qadın sünnəti» təhlükəsi ilə üzləşdiyini bildirir.

Bu adamların bəziləri səmimi deyil və Britaniya onlara o qədər də həvəslə sığınacaq vermir.

Lakin nə edəsən ki, «qadın sünnəti» təhlükəsi BMT-nin 1951-ci il tarixli Qaçqınlar Konvensiyasında «işgəncə», «qeyri-humanist və alçaldıcı bir aksiya» kimi əks olunub.

DAŞDAN KEÇƏN ARQUMENTLƏR

«Qadın sünnəti»nin tərəfdarları və əleyhdarları iki əks qütbdən çıxış edirlər.

Tərəfdarlar bildirirlər ki, «bu prosedur qadını gigiyenik baxımdan daha təmiz edir, onu əlavə zərərli emosiyalardan qurtarmaqla nümunəvi arvada, anaya və ailə üzvünə çevirir».

Əleyhdarlar isə, bu cür cərrahiyyə əməliyyatlarının infeksiyalara, sonsuzluğa və hətta ölümə səbəb olduğunu arqument gətirir və deyirlər ki, «FGM» qadınların cinsi həyatını darmadağın etməklə, onların insan hüquqlarını pozur.

Tərəfdarlar əsasən Afrikadandırlar, əleyhdarlar isə Avropadan.

Məsələn, Syerra-Leonenin rəsmi şəxslərindən biri, yeri gəlmişkən, qadın olan, antropoloq Fuambai S. Ahmadu Avropanı «isti qitənin» daxili işlərinə qarışmamağa çağırır.

O, Amerika Antropoloji Assosiasiyasının San-Fransiskoda keçirilən 111-ci konfransında deyib ki, Qərb, qadını kişiyə və kişini qadına çevirən cərrahiyyə əməliyyatlarının dərdini çəksin.

Məsələnin dini tərəfinə gəlincə isə, Yəhudilik, Xristianlıq və İslam tarixən yayıldıqları dövrlərdə bu cəncələ baş qoşmamağa üstünlük veriblər.

Bir sıra müsəlman üləmaları deyirlər ki, «Allah insanı kamil yaradıb və onun hər hansı bir orqanını kəsməyə ehtiyac yoxdur».

Başqa bir qisim isə bildirir ki, şəriətin qadağan etmədiyi bütün şeylərə icazə verilib.
Hər üç din Afrikada kifayət qədər geniş yayılıb.

Yəqin eyni səbəbdəndir ki, İudaizm və Xristianlıq da bu məsələdə susmağa üstünlük veriblər.

Yəni, heç bir din qədim və yerli ayinlərə baş qoşmaqla, potensial davamçılarını itirmək istəməyib.

UZAQ ŞƏRQ VƏ UZAQ AFRİKA O QƏDƏR DƏ UZAQ DEYİL

Arxiv foto: Sünnət əməliyyatı edən qadın «Qadın Cinsiyyət Orqanının Şikəst Edilməsi»nin əleyhinə yazılan elanın yanından keçir
Arxiv foto: Sünnət əməliyyatı edən qadın «Qadın Cinsiyyət Orqanının Şikəst Edilməsi»nin əleyhinə yazılan elanın yanından keçir
Bəli, bu qədim ənənə Azərbaycan oxucusuna çox uzaq və anlaşılmaz bir şey kimi görünə bilər.

Lakin bir sıra mənbələr «qadın sünnətinin» İraq kürdləri arasında da geniş yayıldığını yazır.

Əgər Saddam Hussein-in vaxtında bu kimi mərasimlər gizlində icra edilirdisə, indi, «Şimali Kürdüstan» kimi tanınan neftlə zəngin ərazidə köhnə vərdişlər yenidən hörmətə minir.

Xəbər verilir ki, «qadın sünnəti» təkcə İraqın deyil, Türkiyənin də ucqar kürd kəndlərində xeyli yayılıb.

Nyu Yorkda mənzillənmiş Human Rights Watch təşkilatı bildirir ki, Kürdüstan adlanan ərazidə qadın və qızların 40 faizi bu əməliyyata məruz qalır.

Əlçatmayan bəzi ərazilərdə bu rəqəmin 70 faiz olduğu bildirilir.

Necə deyərlər, Allah daha pisindən saxlasın…
XS
SM
MD
LG