Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:32

Xatirə Nurgül. Bütün yox olanlara (Seçmə şeirlərdən)


Xatirə Nurgül
Xatirə Nurgül
-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb. Münsiflər hər dəfə tanınan yazıçılar və tənqidçilər arasından seçiləcək və ilin sonunda adları açıqlanacaq.


Xatirə Nurgül


TƏNHA GÖYƏRÇİN YUVASI

Susma, danış.
Heç olmasa dalaş,
heç olmasa ağla,
ağlat,
tək olmadığımı anlat mənə,
aldat məni.
İndi mən
savaş gedən ölkədə
dünyaya gələn körpə qədər ümidsizəm,
çarəsizəm,
ya da tərk edilmiş
göyərçin yuvası qədər kədərli...

Susma,
"səni sevirəm " de.
Lap " sevmirəm" de
"nifrət edirəm",
lap "danışmıram" de.
Amma danış, qurban olum,
susmağın öldürmür məni,
danış, heç olmasa ölüm...


BÜTÜN YOX OLANLARA

Yoxluq külək kimidir...
Hərdən yüngülcə toxunar,
hərdən çırpılar üz-gözünə,
üst-başına...

İndicə parkda çərpələng uçuran
uşağa baxanda
yoxluğu daha yaxşı tanıdım-
yoxluq həm də uçurmağa arzuların olmamasıdır...
Həm də anladım ki,
gözləməyə adamım,
məktubum,
cavabım və daha nələrimsə yoxdusa
elə mən də yoxam...
mən də yoxam...

Budur yanımdan adamlar gəlib keçir,
adamlar baxır yoxluğuma
mənimsə gözlərimdə
onu uzaqlara yola salarkən
son dəfə gördüyüm
ağarmış saçları var hələ də...
Bir də dönüşün mümkün olmadığını anladan
əşyalarının boş yeri...

Yoxluq
bir adamın bir çemodan yeri qədər olan
boşluğudur həm də...
o yerin soyuqluğudur...
XS
SM
MD
LG