Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:41

Markiz de Sad niyə dahidir?


Namiq Hüseynli
Namiq Hüseynli
-

Markiz de Sadın darıxdırıcı, qalın-qalın kitablarındakı uzunçu seks təsvirləri və təhqir, zorlama, amansızlıq dolu səhnələr sadəcə adamın ürəyini bulandırır, onu təkcə belə yazılarına görə də tanımaq əlbət ki, dar düşüncəlilikdir.


Namiq Hüseynli


İNQİLABÇI MARKİZ DE SAD


Deyilənə görə, Bastilya qalasına hücumun səbəbkarı de Sad imiş. Deyilənə görə o elə 1789-cu ilin iyul ayında bir ay imiş ki, həmin qalada onlarla dustaq yoldaşı ilə birlikdə yatırmış.

Yeri gəlmişkən həmin tarixi hücumda Bastiliyanın hücrələrindən yeddicə nəfər, mühüm dustağı azad ediblər. Həmin bu yeddi nəfəri isə təqribən yüzə yaxın əsgər və onların komandirı olan markiz mühafizə edirmiş.

(Bu, markiz de Sad yox, markiz de Leon idi. Markiz özü-özlüyündə Fransada çox yüksək bir titul adıdır. O, hersoqdan aşağı, qrafdan yüksək yerdə dayanır. Hələ də de Sadın markizmi, yoxsa qrafmı olduğu sənədli-sübutlu məlum deyil. Amma bu de Sad kimi nəhəng bir şəxsiyyət üçün elə də mühüm detal deyil).

Belə nəql olunur ki, günlərin bir günü qəzəbli xalq kütləsi Bastiliyaya doğru qaçırmış. Elə Robespyerlə bağlı lətifədəki kimi başıpozuq bir kütləymiş. Bu, əslində çox maraqlı bir lətifədir.

Robespyer, ailəsinin əhatəsində oturub çay içirmiş. Birdən pəncərədən səs-küy, haray-həşir eşidir, baxır ki, hərə əlinə yabadan, baltadan, tüfəngdən alıb harasa qaçır. Robespyer o dəqiqə yerindən sıçrayıb qapıya sarı qaçır.

- Hara gedirsən? təəccüblənmiş ailə üzvləri ondan soruşur.
- Necə yəni hara? – o cavab verir. - Xalqa başçılıq etməyə!
- Axı sən onların hara, niyə qaçdığını, nə istədiklərini bilmirsən.
- Eybi yox! – Robespyer qışqırır. – Bunları sonra öyrənərik! Əsas başçılıq etməkdir!

Bu lətifə yersiz deyilməyib, bütün böyük tarixi hadisələr məhz belə kiçik detalların üzərində qurulur.

Beləliklə, kütlə Bastiliyaya tərəf qaçır, ora yaxınlaşanda isə görürlər ki, de Sad pəncərədən başını çıxarıb, səsini başına atıb qışqırır: “Ay camaat burda dustaqları döyürlər (başqa versiyaya görə: inqilabçılara işgəncə verirlər)! Bizi xilas edin!”

Bundan dərhal sonra ya camaat hücuma keçir, ya da Demulen (Luis Kamill Demulen fransız inqilabçısı və vəkilidir) bunu görüb, özünün məşhur üsyan nitqini söyləyir, amma fransız inqilabının nəticəsi kimi Bastilya kral tərəfdarlarından alınır.

Əslində bu da tam həqiqəti əks etdirmir, axı oradan azad olunan dustaqlar arasında markiz de Sadın adı yoxdur. Çünki, de Sad iyulun 2-si günü pəncərədən qışqırırmış, iyulun 4-də isə onu buradan çıxarıb, Şarantondakı dəlixanaya aparıblar.

Bəziləri bu tarixçəni, ümumiyyətlə, uydurma hesab edir. Amma əgər bunu əfsanə kimi uydurublarsa belə, xeyli ağlabatandır, daha doğrusu məntiqə uyğundur.

Donsien Alfons Fransua markiz de Sad (2 iyul 1740 -2 dekabr 1811) İnqilabın atası hesab olunur. Fəal iştrak etdiyi və qəribə şəkildə təsvir etdiyi fransız inqilabının deyil də, daha böyük, genişmiqyaslı və qlobal bir inqilabın atası idi. Bunun adı seksual inqilabdır.

Markiz de Sad inqilabı düşüncə tərzi, dünyagörüşü, əxlaqı, şəxsi ruhi və cismani praktikası kimi mənimsəmişdi.

De Sad "Jüstina" romanına görə həbs edilmişdi
De Sad "Jüstina" romanına görə həbs edilmişdi
O məhz bu cəhəti ilə maraqlıdır, bunun xaricində nə onun siyasi fəaliyyəti, nə erotik macəraları və psixoloji-həbsxana təəsüratları elə də maraqlı deyildi.

Lakin, elə birinci cəhət də, ikincisi də, üçüncüsü də XVIII əsr kimi sərt, əxlaqsız və avantürist bir dövr üçün onda lazım olandan qat-qat çox idi.

O, varlı və tanınmış ailədə doğulmuş, orduda xidmət etmiş, çoxlu yaramazlıqlarla ad çıxarmış, uzun müddət əxlaqsız həyat keçirmiş, dəfələrlə seksual zorakılığa görə məhkəməyə çəkilmişdir.

Günahı sübuta yetirilmiş, ölümə məhkum edilmiş, sonra həbsxanalardan qaçmış, yenidən tutulmuş, əlyazmaları yandırılmış, ya da inqilabın dağıntıları arasında məhv olub getmişdi.

O, inqilab hökümətinin üzvü, daha doğrusu indi yada salanda adamda ikrah dolu gülüş yaradan – səhiyyə komissarı vəzifəsində çalışmışdır.

Daha sonra de Sad inqilabçı yoldaşlarının amansızlığına qarşı etiraz etmiş, həbs edilmiş, ölüm cəzasına məhkum edilmiş, yenidən qaçmış, sərkərdan həyat keçirmiş, teatr işçisi kimi çalışmağa başlamışdır.

O, ömrünün son on ilini Şarantondakı dəlixanada keçirmiş, orada ruhi xəstələr üçün tamaşalar hazırlamışdır. Bu haqda xeyli sayda maraqlı bioqrafik trillerlər yazılıb.

Əlbəttə ki, markiz de Sadın darıxdırıcı, qalın-qalın kitablarındakı uzunçu seks təsvirləri və təhqir, zorlama, amansızlıq dolu səhnələr sadəcə adamın ürəyini bulandırır, onu təkcə belə yazılarına görə də tanımaq əlbət ki, dar düşüncəlilikdir.

Bunlar, sadəcə olaraq əxlaqsızlığın heç vaxt olmadığı qədər yayıldığı bir dövrdə fransız xalqını inqilaba daha yaxşı həvəsləndirmək üçün yazılıb.

Hətta bəzi tədqiqatçılar de Sadın mətnlərində özünəməxsus şəkildə xeyirxahlığın və nəfsi qorumağın təbliğ olunduğunu yazır. O, sadəcə, pisi göstərərək yaxşını ucaldır.

Buna heç pis də demək olmaz, sadəcə iyrənc, biabırçı demək lazımdır. Çünki onun kitablarını nə qədər diqqətlə oxuyursan oxu, hər cür hiss keçirəcəksən, bircə erotik hisslərdən başqa. Deməli, de Sadın romanları pornoqrafiya hesab oluna bilməz.

Həmçinin deyə bilərəm ki, yazıçı kimi de Sad çox uğursuzdur. Daha doğrusu əsərlərinin tərcümələrinə əsaslanaraq belə deyirəm.

Onun dağ boyda külliyyatından, cild-cild roman-traktatlarından bir-iki dahiyanə novella
Marquis de Sade
Marquis de Sade
qala, ya qalmaya. Onun vaxtında artıq Russonun “Etiraf” və “Yeni Eloiza”sı yazılmışdı, onlarla müqayisədə de Sad istedadsız və uzunçuluğuna görə qrafoman adlandırıla bilər.

Yeri gəlmişkən o elə ciddi mənada da tarixdə bizə bəlli olan ilk qrafomanlardan hesab olunur. Çox yazıb, ehtirasla yazıb və müasirlərinin baxışına görə xeyli uğursuz yazıb. Ona görə də Avropa onu ölümündən hardasa yüz il sonra kəşf edib.

Bir yandan da nə deyirsən de, o, dahi yazıçıdır, çox pis olsa da yenə də dahidir. Tale belə gətirib.

Markiz de Sadın olduqca maraqlı fikirləri var. Onun din, əxlaq və ictimai düzən konsepsiyası diqqətəlayiqdir. Onun, belə demək olarsa, cəmiyyətin fizikası nəzəriyyəsi hələ sosiologiyanın inkişaf etmədiyi dövrdə orijinal idi. O cəmiyyətdə cəzbetmə və dəfetmə qüvvələri haqqında yazır, onun fikrinə görə bu qüvvələr müvafiq olaraq yaşamağı asanlaşdırır, ya da dözülməz edir.

De Sadın romanlarında darıxdırıcı orgiyalardan geriyə qalan vaxt ərzində qadın və kişi qəhrəmanlar dünya, cəmiyyət, həyat haqqında çoxlu mühakimələr yürüdürlər. Elə bu mühakimələrdə inqilabın cövhəri dünyagörüşü və həyat təcrübəsi kimi təbliğ olunur.

Markiz de Sadın ateist olması öz-özlüyündə gün kimi aydındır. O, ciddi şəkildə tanrı qavramı ilə mübarizəyə girməsə də, dini xurafatları inanılmaz məzəli formada təsvir edir.

Onun üçün heç mütləq əxlaq anlayışı da yoxdur. De Sad usandırıcı şəkildə müxtəlif xalqların, müxtəlif dövrlərdə bir-birinə zidd olan əxlaq normalarını sadalayıb, sonunda əxlaqı gücdən salacaq iki əsas nəticəyə gəlir.

Birincisi: əxlaq normaları zamandan, məkandan və dinin xüsusiyyətlərindən asılı olaraq dəyişən tamamilə şərti qaydalardır.

İkinci nəticə daha ciddidir: əgər hətta əxlaqda hamıya aid olan bir şey olsa belə, bu qadağaların varlığını göstərən, zorakılıq üçün bir alətdir və yuxarı təbəqə üçün xüsusi dəyərlərin, daha ali əxlaq normalarının yaradılmasına haqq qazandırır. “Əxlaqilik, zəhmətkeş təbəqənin nəzarətdə saxlanılmasına xidmət edir, yoldaşlar!” “Əxlaq heç bir qanunla təyin edilməmiş, zorakılıqdır, yoldaşlar!”

Lakin, Tanrı və əxlaqı əvəz edən bir şey də var, bu, Təbiətdir. Təbiət inqilabçının “obyektiv qanunlar” toplusu deyə əsaslandığı, hər cür zoru qanuniləşdirə bildiyi bir qavramdır.

Təbiətin başlıca qanunu, bütün canlı varlıqların başqaları üzərində ağalıq etmək və ağalıq edərək həzzə can atmasıdır.

De Sada görə mənəvi maraq, mənəvi məqsəd – əslində cismani maraq və məqsədin şəkildəyişməsidir, bütün cismani maraqlar isə başqa bədən üzərində şəriksiz
The Bastille
The Bastille
hakimiyyətlə təmin oluna bilər.

Əslində yeganə mənəvi həzz hakimiyyət hissini yaşamaq və həzz obyekti ilə istədiyin kimi davranmağın cəzasız qalacağına təminatın verdiyi həzdir.

De Sad inqilabı dəstəkləyən üç yenilik edir – o, cəsarətlə maddi marağı gözdən salır, ondan sonrakı əsrlərdə inqilabçılar, məsəlçün markisistlər daha mədəni və üstüörtülü şəkildə maddiyyətin anlamsızlığı barədə danışacaqdı.

İkinci olaraq, o, eyni kəskinliklə mənəvi marağı gözdən salır, bu haqda isə romantik-idealist şəkildə XX əsr rus millətçi-terrorçuları danışacaqdı. Hətta bizim indi dini fundamentalistlərimiz özləri də bilmədən de Sadın, “əks cinsə ancaq ehtiras hissi duyula bilər” fikrini durmadan təkrarlayırlar.

Ümumiyyətlə, de Saddan sonrakı siyasi-dini ideoloqları başa düşmək olar. Onlardan bəziləri aza qanə olmaq, gündəlik ehtiyaclardan artığını istəməməyi təbliğ edir, bəziləri isə yolumuzu işıqlandıran ideallardan danışırdılar.

Çünki, onların hamısının arvad-uşağı, tərəfdarları vardı və onların gözlərində cəlbedici görünmək istəyirdilər. Elə şeylər demək lazım idi ki, insanlar onları anlasın və dəstəkləsin. Hətta Marks və Bakunin də belə populist yollarla xeyli tərəfdar toplamışdılar. Lakin de Sad özü bunları yazarkən həbsxanada, ya da dəlixanada yatırdı, onun nə ailəsi, nə tərəfdarları yox idi, lakin o, inqilabı öz içində dərindən anlamağa və hiss etməyə fürsət tapmışdı.

Maddi maraq həzzə çatmaq üçün yaranır, ideal maraq isə hakimiyyətdir. De Sadın üçüncü hökmü hər iki marağı bir mahiyyət altında birləşdirmək idi. “Hakimiyyət – hakimin həzzidir, əslində hakimiyyət zövqlərin ən böyüyüdür”.

Oruel de Saddan yüz əlli il sonra bu haqda yazır, özü də de Sadın dediklərini təkrarlamaqdan başqa heç nə demir. De Sadın “Cülyetta” romanındakı bəzi yerlər (haqlı olanın şərlənib, günahkar adlandırılması, cinayətkarın isə qəhrəman elan edilməsi haqqında nazirin qeydləri) olduğu kimi “1984” romanında yenidən canlandırılıb.

Marquis de Sade
Marquis de Sade
De Sadın kitablarında da “1884”ün baş qəhrəmanı Uinston Smitin tam bənzəri, bədbəxt xeyirxah Jüstina var. Hər iki əsərdə inqilabdan sonra (ya da Azərbaycandakı kimi hakimiyyət dəyişikliyindən sonra) keçmiş inqilabçılar indi mazoxistə çevrilib. Əvvəl xalq üçün yanan sadə adamlar indi xalqı alçaltmaqdan, onlara kölə kimi davranmaqdan həzz alırlar.

Zənginlik və sosial status məqsəd deyil. Bu, sadəcə hakimiyyət həzzinə sahib olmaq üçün bir alətdir. Mülkiyyət və status üçün qurulan hakimiyyət – durğunluq deməkdir. Hakimiyyət uğrunda ortaya atılan mülkiyyət və status isə - inqilabdır.

Markiz de Sada görə, idarə edənlər və idarə olunanlar deyə bir şey yoxdur, ağıllı və axmaq yoxdur, gözəl və çirkin yoxdur, vicdanlı və əclaf yoxdur, qadın və kişi yoxdur, hətta demək olar ki, varlı və kasıb da mövcud deyil. Mövcud olmuş, hal-hazırda olan və olacaq yeganə bir şey varsa o da ağa və köləsidir. Həzz – sosial fizikanın universal güc sahəsidir. Nökərlər həmişə ağa olmağa can atırlar.

Hakimiyyətə can atma, həmişə erotik, ehtiraslı bir şeydir və əlbəttə ki, ibtidai hisslərdən törənir.

Lakin, Fransada inqilabın qələbəsindən sonra, bütün bu deyilənlərlə ziddiyyət təşkil edəcək bir qanun, Milli müəssislər məclisi tərəfindən 26 avqust 1789-cu ildə “İnsan və vətəndaş haqları bəyannaməsi” qəbul edildi. Bəyannamənin məhşur 17-ci bəndində deyilir: “Beləliklə, mülkiyyət toxunulmaz və müqəddəsdir. Qanun tərəfindən müəyyən edilmiş hallarda, açıq-aşkar ictimai zərurət olduqca və əvəzi ədalətlə, əvvəlcədən ödənilməklə mülkiyyət alına bilər”.

Görək markiz de Sad bu haqda nə yazır:

“Bu yaxında Xalqın mülkiyyətə hörmət məqsədilə imzaladığı andlaşmanı tənqid etdiyim üçün tanrım məni hifz etsin. Fəqət sizdən soruşuram, məgər, heç nəyi olmayanlara şamil edilib, hər şeyi olanları qorumaq üçün qəbul olunan bu qanun özü həqiqətən ədalətlidirmi? Bu ictimai müqavilənin hansı hissəsində ədalət var? O, başqalarını dəstəkləmək və qorumaq üçün öz mülkiyyətinin və azadlığının bir hissəsini qurban verməyə yönəlməyibmi? Bütün qanunlar elə bu təməl üzərində hazırlanıb.

Yenə də soruşuram, axı niyə heç nəyi olmayan hər şeyi olanı qorumaq üçün müqaviləyə imza atmalıdır? Aşağılanıb, hər şeyi əlindən alınan adama bu qanunun nə xeyri var? Əlbəttə bundan daha ədalətsiz bir şey yoxdur. Bu artıq azad insanlar arasında razılaşma adlana bilməz. Müqavilə sadəcə güclülərin zəiflərə qarşı silahıdır, elə silah ki, axırda zəiflər üçün üsyan etməkdən başqa çıxış yolu buraxmır.

Bu da hər bir vətəndaşın dövlətin tələb etdiyini verməsinə gətirib çıxaran, mülkiyyətə hörmət andlaşması. Onun köməyilə sadəcə, varlılar kasıbları əsarətdə saxlaya biləcəklər. Bu razılşama ancaq varlılar üçün sərfəlidir. Kasıblar isə heç xəbərləri belə olmadan, başısoyuqluq və sadəlövlüklə, qanunla başqalarının onlara qarşı edilməsinə izn
Marquis de Sade-ın xəyali portreti
Marquis de Sade-ın xəyali portreti
verilməyən şeyləri özləri özlərinə edəcəklərinə dair öhdəliyə imza atıblar”. (“Buduarda fəlsəfə” 1795)

Diqqətlə nəzərdən keçirəndə Alister Kroulinin bütöv yaradıcılığını da de Sadın fikirlərinin ümumiləşmiş əksi saya bilərik. Bircə Kroulinin mətnlərində fəlsəfi fikirlərə qərq olunmuş cəsarətli həzz səhnələri əksikdir.

Deməli, burjua özəl mülkiyyətçiliyi ortaya çıxan kimi, de Sad onu gələcək inqilabın səbəbkarı adlandırdı.

İndi görək Kroulinin on beş yaşlı qəhrəmanı mülkiyyət haqqında nə düşünür:

“Yaxşı, deməli belə, - mən düşündüm. – Mən də var-dövlətə çatmalıyam; varlananda, ürəyim istəyən kimi abırsız və toxunulmaz ola bilərəm, həm bütün haqlarıma sahib olaram, həm də həzzimə. Əliaçıqlıqdan qaçmaq lazımdır, bu, əsl fəlakətdir, çünki bu qüsur hər zaman, hər şeyə qalib gəlir, hər şeyin sonuna çıxır; gərək hər vəchlə kasıblıqdan qaçasan, çünki bu, ümumi nifrət hədəfidir. Axı heç nəyə sahib olmadan bədbəxtlikdən necə yaxanı qurtara bilərsən? Əlbəttə, cinayətkar əməllərlə. Bəli cinayətkarlıq. Burda pis nə var ki? Uğur dəbdəbənin yeganə nişanəsidir! Heç bir maneə mənim qarşımı ala bilməz, nə də heç bir şübhə, çünki səfalət tərəddüd edənlərin qismətidir. Əgər cəmiyyət axmaqlar və fırıldaqçılardan ibarətdirsə, fırıldaqçı olarıq: başqalarını aldatmaq, axmaq vəziyyətinə düşməkdən otuz qat xoşdur. (“Cülyetta, ya da uğurlu qüsurlar” 1801)

Bütün inqilabların kökündə mütləq həzz və hakimiyyət istəyi yatır. De Sadın dediyi buydu ki, həzz hakimiyyətdən kənar mövcud ola bilər və belə cəmiyyət ən ədalətli cəmiyyət olacaq.

Bütün avtoritar rejimlərdə həzz əlçatmaz bir şeydir, seks “əməkçi xalqın” heysiyyatına hörmətsizlik kimi damğalanıb, yuxarı təbəqələr üçün üstünlük kimi saxlanılır.

Əlbəttə, inanmaq lazımdır ki, həzzi yuxarıların əlindən alan və bir daha əlçatmaz etməyən o yetkin inqilab yetişəcək, onda markiz de Sadın sonuncu arzusu gerçəkləşəcək. Onun adı yaddaşlarda yenidən canlanacaq. Amma bunun gerçəkləşməyinə hələ çox var.
XS
SM
MD
LG