Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:54

Quba hadisələrində tutulan jurnalistlər məhkəmə qarşısına çıxarılıb


-
Quba rayon Məhkəməsində 1 mart - Quba hadisələrinə görə həbs olunmuş daha 6 nəfərin məhkəməsinə hazırlıq iclası keçirilib.

Təqsirləndirilən şəxslər arasında «Xəyal TV»nin icraçı direktoru Vüqar Qonaqovla həmin televiziyanın baş redaktoru Zaur Quliyev də var.

Hazırlıq iclasında hakim Füzuli Pənahov eyni cinayət işi üzrə başqa məhkəmə prosesinə də sədrlik etdiyi üçün özü-özünə etiraz edib. Etiraz Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlandığına görə, hazırlıq iclası qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Jurnalistlər vəzifə səlahiyyətlərini aşmaqda, ictimai qaydanı pozmaqda, qalan 4 nəfər isə əmlakı ehtiyatsızlıqdan məhv etməkdə təqsirləndirilirlər.

Təqsirləri sübuta yetirilərsə, onları 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

Vüqar Qonaqov əvvəllər iki dəfə Bakı İstintaq Təcridxanasından məktub yazaraq ona işgəncə verildiyini və zorla etirafedici ifadələr alındığını bildirib.

Quba hadisələri ilə əlaqədar ümumilikdə 30 nəfər məsuliyyətə cəlb olunub. Onlardan 12-si həbsdədir.

Bu il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Etiraza səbəb sabiq icra başçısının sosial şəbəkələrdə yayılan çıxışı olub. Etirazçılar həmin çıxışda icra başçısının qubalıları təhqir etdiyini bildiriblər.

Aksiya zamanı başçıya məxsus bir villa və icra hakimiyyətinin yardımçı binası yandırılıb.

Martın 2-də prezident İlham Əliyev Rauf Həbibovu vəzifəsindən azad edib.
XS
SM
MD
LG