Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:42

Gənclər Məclisi Bakıda ictimai nəqliyyatla bağlı təkliflər verdi


Foto: Arxiv
Foto: Arxiv
-
Gənclər Məclisinin son toplantısında nəqliyyat sistemindəki problemlər müzakirə olunub.

Xəbəri AzadlıqRadiosuna Gənclər Məclisindən veriblər.

KART SİSTEMİ TƏTBİQ OLUNSUN

Gündəmə gətirilən əsas məsələlərdən biri kart sisteminin tətbiq edilməsi olub:

«Avtobuslar göstəriləndən artıq sərnişin götürür. Problemin həlli üçün ən yaxşı yol kart sisteminin tətbiqidir».

SİSTEM İFLİC VƏZİYYƏTİNDƏDİR

Məclis «Eurovision» vaxtı avtobuslarda və dayanacaqlarda «Nəqliyyatın intellektual idarəetmə sistemi» layihəsi çərçivəsində monitorlar quraşdırılmasını alqışlayıb:

«Bu sistem həm də avtobusların təhlükəsizliyini təmin edirdi. Sərnişin də vaxtını rahat hesablayıb növbəti avtobusdan xəbər tuturdu. İndi isə həmin sistem demək olar ki, iflic vəziyyətindədir, işləmir».

NƏQLİYYAT SİSTEMİ DÖVLƏT MÜLKİYYƏTİNƏ VERİLSİN

Məclis ictimai nəqliyyatın da metro kimi dövlət öhdəliyinə götürülməsini məqbul sayıb:

«Nəqliyyat sistemi dövlət mülkiyyətinə verilməlidir. Bütün dünyada nəqliyyat gəlir gətirmir, bizdə isə əməkhaqqı az və sürücü plandan asılı olduğundan bura qazanc mənbəyi kimi baxılır».

Avtobus qəzası
Avtobus qəzası
Məclisin fikrincə, avtobusların müxtəlif şirkətlər tərəfindən idarə olunması əhalinin işini çətinləşdirir:

«Qəza və yaxud narazılıq halları baş verdikdə insanlar hara müraciət edəcəklərini bilmirlər. Sistem vahid mərkəzdən idarə olunduqda, vətəndaşların hara (hökumətə, yaxud hansısa bir şirkətə) və necə şikayət edəcəkləri, təklif verəcəkləri asanlaşar».

SOSİAL ÇARXLAR, REKLAM ROLİKLƏRİ ÇƏKİLSİN

Toplantıda müzakirə olunan mövzulardan biri sosial çarxların, reklam roliklərinin çəkilməsi və sosial kartların yayılması ilə bağlı olub:

«Nəqliyyatdakı konfliktlərlə bağlı videolar çəkilib ictimailəşsə, bundan sonra sorğular göndərilsə, o zaman əlaqədar qurumlar məsələ ilə maraqlanacaq».

DİN-ə nəqliyyat sürücüləri ilə bağlı qaydaların sərtləşdirilməsi üçün müraciət olunması da təklif olunub. Məclis iştirakçılarının fikrincə, bu halda avtobus qəzalarının sayını azaltmaq olar.

Toplantıda həmçinin heç bir praktiki əhəmiyyəti olmayan yeraltı keçidlərə diqqət ayrılması vurğulanıb. Keçidlərin uşaq arabaları, əlil arabaları üçün istifadəyə yararsız olduğu bildirilib.

Metro
Metro
Gənclər sürücülərin vahid geyim forması, sərnişinlərlə davranışı və avtobuslarda təmizliyə riayət edilməsi məsələsinə də toxunub.

METRODA BASABAS OLUR

Metropolitenin də ictimai nəqliyyatda xüsusi əhəmiyyət daşıdığını bildirən Gənclər Məclisi həm metro giriş-çıxışlarında, həm də qatarlarda dəhşətli basabas yarandığını ifadə edib:

«Büdcədən ayrılan dotasiyalar və müxtəlif gəlirlər yenə də metrodakı sərnişindaşımaya müsbət mənada təsir etmir. Qatarlar arasındakı intervallar 2 dəqiqə müəyyənləşsə də, bu intervalların artması bəzən ciddi narahatlıq yaradır».

Sonda əhalinin bu işə marağının artırılması üçün işlər görülməsinin vacib olduğu bildirilib.

Sosial şəbəkələrdə paylaşmalar edilməsi, səhifələr yaradılması, həmçinin KİV-də bu problemlərin işıqlandırılması təklifi irəli sürülüb.
XS
SM
MD
LG