Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:49

Korrupsiyanın səviyyəsinə görə Azərbaycan 176 ölkə arasında 139-cu oldu


.

AZƏRBAYCAN YENƏ QAFQAZIN ƏN RÜŞVƏTXORU OLDU

Beynəlxalq Şəffaflıq Təşkilatı - Transparency İnternational-ın 2012-ci ilə dair yeni yaydığı “Korrupsiya Qavrama İndeksi”ndə Azərbaycana 100 mümkün baldan 27-si verilir. Ölkələr üzrə sıralamada isə Azərbaycan 176 ölkə arasında 139-cu sırada göstərilir.

Korrupsiyanı Qavrama İndeksinə görə Azərbaycanın sərhəd qonşuları arasında yeri
Ölkələr 179 ölkə arasında yeri
Gürcüstan 51
Türkiyə 54
İran 133
Qazaxıstan 133
Rusiya 133
Azərbaycan 139
Türkmənistan 170
Mənbə: Transparency İnternational

Transparency İnternationla-ın yeni hesabatına görə Azərbaycan yenə də Qafqazın ən rüşvətxor dövlətidir. Ən yaxşı vəziyyət isə Gürcüstandadır – 179 ölkə arasında 51-ci yer. Ermənistanda da vəziyyətin Azərbaycandan yaxşı olduğu göstərilir – 105-ci yer. İran, Qazaxıstan və Rusiya 133-cü sıranı bölüşürlər.

Ümumilikdə, Azərbaycanın mövqeyi bütün qonşuları arasında yalnız Türkmənistandan (170-ci yer) yuxarıdır.

Keçənilki hesabatda Azərbaycan 183 dövlət arasında 143-cü sırada qərarlaşırdı. Amma Transparency İnternational dərhal da qeyd edir ki, bu il ölkələrdə vəziyyətin qiymətləndirilməsi qaydaları dəyişdiyindən indi hansısa dövlətin sıralamada yerinin aşağı, ya da yuxarı göstərilməsi hələ o ölkədə rüşvətlə bağlı vəziyyətin yaxşılaşması, ya da pisləşməsi demək deyil.


Azərbaycanın, ötən illərdə Korrupsiya Qavrama İndeksində
tutduğu yer və topladığı ballar

İllər Ölkələr arasında tutduğu yer İndeksdə yer alan ölkələrin sayı Topladığı bal
0-dan (çox zəif) 10-a dək (çox yaxşı)
2000 87 90 1.5
2001 84 91 2.0
2002 95 102 2.0
2003 124 133 1.8
2004 140 146 1.9
2005 137 159 2.2
2006 130 163 2.4
2007 148 179 2.1
2008 159 180 1.9
2009 143 180 2.3
2010 134 178 2.4
2011 143 183 2.4
Mənbə: Transparency İnternational


AZƏRBAYCANDA NƏ BƏYƏNİLİR...

Təşkilatın Azərbaycan Milli bölümünün təqdim etdiyi 2012-ci il Korrupsiya Qavrama İndeksində qeyd edilir ki, son bir ildə ölkədə antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və mövcud beynəlxalq konvensiyaların müddəalarına uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012–2015–ci illər üçün Milli Fəaliyyət Planı, prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması da müsbət qiymətləndirilməli məqamlar sırasındadır.

Eyni zamanda dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkilinə dair prezidentin fərmanı, hökumətin elektron xidmətlər göstərilməsi qaydaları, elektron xidmət növlərinin siyahısını təsdiq etməsi irəliləyişləri kimi qiymətləndirilə bilər.

... NƏLƏR TƏNQİD EDİLİR?

Bununla belə, Transparency İnternational Azərbaycanda anti-korrupsiya mübarizəsinə kölgə salan ciddi məqamları da hesabatında qeyd edir:

“Qəbul edilməlidir ki, ötən dövr ərzində elektron xidmətin göstərilməsi ilə bağlı ictimaiyyətin gözləntiləri özünü tam mənada doğrultmayıb.

Haqlarında cinayət işi açılan məmurların əksəriyyəti kiçik və orta çinli məmurlardır ki, bu da mübarizənin effektiv nəticələr verməsinə mane olur, prosesin ümumi inkişafına kölgə salır. Korrupsiyaya qarşı mübarizə yalnız onun nəticələrinə qarşı aparılmamalı, korrupsiyanı yaradan şəraiti aradan qaldırmalıdır.

Korrupsiyaya qarşı mübarizə ilə bağlı 2007-2011-ci illər fəaliyyət planının yekunu ilə bağlı aparılmış ümumi qiymətləndirmə üzrə əldə edilən nəticələrlə bağlı ictimaiyyətə ətraflı məlumat çatdırılmayıb. Amma proseslərə nəzər salmaq kifayət edir ki, 2007-2011-ci il fəaliyyət planında göstərilən və həyata keçirilməli olan bir sıra islahatların tam yerinə yetirilmədiyini və onların yenidən 2012-2015-ci illər üzrə fəaliyyət planına daxil edildiyini görəsən” – deyə sənəddə qeyd edilir.

Transparency İnternational hesab edir ki, hökumət korrupsiyaya qarşı mübarizə üçün qəbul edilmiş qanunların icrasını yaxşılaşdırmaq, korrupsiya faktı ilə bağlı şikayətlə müraciət etmək istəyən şəxslərin təhlükəsizliyini təmin etmək üçün addımlar atılmalıdır. Bütün bunlarla yanaşı, büdcə vəsaitlərinin xərclənməsi, dövlət satınalmalarının həyata keçirilməsi zamanı şəffaflığın təmin edilməsi vacibdir.

ANTİ-KORRUPSİYA ÇEMPİONLARI YENƏ SKANDİNAVİYA ÖLKƏLƏRİDİR

Ən az korrupsiyalaşmış ölkələr isə ənənəvi olaraq Skandinaviya dövlətləri olub. Sıralamaya Danimarka başçılıq edir. Anti-korrupsiya çempionları sırasında ilk birinciliyi Danimarka ilə yanaşı Finlandiya və Yeni Zelandiya bölüşür.

Dünyanın ən böyük iqtisadiyyatlarına sahib olan ABŞ 19-cu, Böyük Britaniya 17-ci, Almaniya 13-cü yerdə qərarlaşır.

Transparency İnternational ən çox korrupsiyalaşmış ölkə kimi isə Somalinin adını çəkir. Sudan, Əfqanıstan, Şimali Koreya da 179 ölkə arasında ən pis nəticə göstərənlər olublar.
XS
SM
MD
LG