Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:37

Əvəz Zeynallı: «14 aydır salmısınız məni qəfəsə...»


Əvəz Zeynallı
Əvəz Zeynallı
-
Əvəz Zeynallı:

- Mən bilmək istəyirəm ki, 2005-ci ildə bitmiş, mülki qaydada həll olunmuş bir işi istintaq hansı əsasla 2011-ci ildə 311-ci maddə ilə mənim qarşıma çıxardıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının dekabrın 5-də keçirilən məhkəməsi dövlət ittihamçısının epizodlar üzrə sualları ilə davam edib.

Prokurorun Əvəz Zeynallıdan «İnteravto» Açıq Səhmdar Cəmiyyətinin sədri Aydın Heydərovdan pul alıb-almadığını soruşması baş redaktoru əsəbiləşdirdi. O, getdikcə əsəbi və yüksək tonda danışmağa bağladı.

Əvəz Zeynallı:

- Bu cür ittiham aktını müdafiə etməyin özü təhqir olmalıdır ...

Prokuror:

- Mən ötən dəfəki məhkəmə iclasında da dedim, sizin bu hərəkətləriniz suallara cavab verməkdən yayınmaq məqsədi kimi qiymətləndirilir.

«İNDİ MƏN DƏ SİZDƏN SORUŞURAM...»

Əvəz Zeynallı:

- Sizin baş prokuror deyirdi ki, Elşad Abdullayevdən soruşan lazımdır, 7 ildir haradaydı? Ay hörmətli ittiham tərəfi, indi mən də sizdən soruşuram, siz Aydın Heydərovdan soruşmadınızmı, 2005-ci ildə olan bir hadisəni sən niyə 2001-ci ildə Ramiz Mehtiyev «Xural» qəzetini talan etdirəndən sonra yada saldın? Aydın Heydərovdan rüşvət alanın da, mənə şər atanın da...

Prokuror:

- Suallara bir az mədəni cavab verin.

Əvəz Zeynallı:

- Nə mədəniyyət? 14 aydır salmısınız məni qəfəsə, ortada da heç nə yox. Mən burda heç nədən çürüyə-çürüyə hələ bir mədəni də olmalıyam?

«ARTIQ ÜRƏYİM AĞRIYIR…»
Əvəz Zeynallı
Əvəz Zeynallı

Prokuror (hakimə):

- Möhtərəm hakim, artıq mənim ürəyim ağrıyır, bu şəkildə sual vermək imkanım yoxdur. Xahiş edirəm fasilə elan edəsiniz.

Əvəz Zeynallı (Cinayət Prosessual Məcəlləni qəfəsə çırparaq):

- Bunu siz özünüz yazmısınız. Heç olmasa, özünüzün qəbul etdiyinizə riayət edin.

Hakim:

- Zeynalov sakitləş.

Tərəflərin sakitləşmədiyini görən hakim iki dəfə fasilə elan etdi. Sonra Əvəz Zeynallı «Azərbaycan» nəşriyyatının direktoru Ağabəy Əsgərovla, Milli Dövlətçilik Partiyasının sədri Sabir Tanrıverdiyevlə və vergidən yayınma ilə bağlı epizodlar üzrə prokurorun suallarını cavablandırdı.

Hakim Ramella Allahverdiyeva növbəti məhkəmə iclasını dekabrın 12-nə təyin etdi.

Əvəz Zeynallı ötən il oktyabrın 28-də həbs olunub. Baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

İttiham aktında jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur. Baş redaktor ittihamları qəbul etmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.

Keçmiş deputat Gülər Əhmədovanın özü də ittihamlarla üzləşib. Keçmiş universitet rektoru, hazırda Fransada mühacirət həyatı yaşayan Elşad Abdullayev Gülər Əhmədovanı deputat seçilməsi əvəzində ondan 1 milyon dollar istəməkdə təqsirləndirir.

Bu məsələ ilə bağlı video yayılandan sonra Gülər Əhmədova deputat mandatından imtina edib.
XS
SM
MD
LG