Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:30

Keçmiş icra başçısı zərərçəkmişdirsə, ərizəsi hanı?


Quba rayon Məhkəməsi
Quba rayon Məhkəməsi
-
«Bu adamları başqasının əmlakını məhv etməkdə təqsirləndiriblər, tutub salıblar həbsxanaya. Ancaq ortada nə əmlakı məhv olduğu deyilən keçmiş icra başçısı Rauf Həbibovun, nə də həmin əmlakın rəsmi mülkiyyətçisi olan həyat yoldaşı İradə Həbibovanın şikayət ərizəsi var».

Dekabrın 11-də Quba rayon Məhkəməsində 1 mart Quba hadisələrinə görə təqsirləndirilən bir qrupun məhkəməsi vəkillərin çıxışı ilə davam edib. Fayizi Səxavət, Xəyyam Yunusov, Ələkbər Nəcəfli, Niyaməddin Ələsgərov, Bəhruz Qəribov, Elgün Məhərrəmov, Rəşad İlyasov, Rafiq Mürşüdov və Tapdıq Qəribovu hakim Etibar Quliyev mühakimə edir.

Elgün Məhərrəmovun vəkili Mirzə Əzizov təqsirləndirilənlərə qarşı irəli sürülmüş ittihamların məhkəmə zamanı sübuta yetirilmədiyini bildirib. O, keçmiş icra başçısı Rauf Həbibovun evinin yandırılması ilə bağlı nə özünün, nə də həyat yoldaşının şikayət ərizəsi yazdıqlarını, bununla belə, istintaq tərəfindən zərərçəkmiş kimi tanındıqlarını deyib.

Bəhruz Qəribovun vəkili Rauf Kazımov müdafiə çıxışında bir başqa epizoda yönəldib. O deyib ki, məhkəmə zamanı dindirilən polis işçiləri martın 1-də xəsarət aldıqlarını təsdiqləsələr də, onlara xəsarət yetirənlərin bu şəxslər olmadığını bildiriblər:

«Bununla belə, dövlət ittihamçısı cəza istəyərkən, ittihamın sübuta yetirildiyini qeyd edib».

Vəkillər ibtidai istintaqı təcrübəsiz müstəntiqlərin, həm də sifariş əsasında apardığını bildiriblər. Onlar deyiblər ki, istintaq hərəkətləri zamanı Cinayət Prosessual Məcəlləsi kobud şəkildə pozulub, müstəntiqlər qanunsuzluqlara yol veriblər. Vəkillər ibtidai istintaq zamanı yol verilmiş qanun pozuntuları ilə bağlı məhkəmə dövründə qaldırdıqları vəsatətlərin təmin olunmadığına da diqqət çəkiblər. Onlar vəsatətlərin təmin olunmamasını hakimin dövlət ittihamçısı ilə həmrəy olması kimi qiymətləndiriblər.

VƏKİLLƏR BƏRAƏT TƏLƏB EDİRLƏR

Vəkillər hüquqlarını müdafiə etdikləri şəxslərə bəraət tələb ediblər. Məhkəmə prosesi dekabrın 13-də təqsirləndirilən şəxslərin son sözü ilə davam edəcək.

Dekabrın 11-də hakim Zamin Tahirovun icraatında olan daha 8 nəfərin məhkəməsi olub. Vəkillər Quba hadisələri üzrə ittihamların məhkəmə yolu ilə sübuta yetirilmədiyini bildirərək, təqsirləndirilən şəxslərə bəraət istəyiblər. Məhkəmə iclası dekabrın 13-də davam edəcək.

Qubada keçirilən məhkəmə çəkişmələrində ötən həftə prokurorlar müttəhimlərə 6 ilədək cəza istəyiblər.

Təqsirləndirilənlər əmlakı qəsdən məhvetmə, ictimai qaydanı pozma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə maddələri ilə ittiham olunurlar. Təqsirləri sübuta yetirilərsə, onları 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

Quba hadisələri ilə əlaqədar 30 nəfər məsuliyyətə cəlb olunub. Onlardan 12-si həbs edilib, 18 nəfər barəsində başqa yerə getməməklə bağlı iltizam alınıb. Zərərçəkənlər əsasən polislərdir.

Bu il martın 1-də Qubada İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Etiraza səbəb sabiq icra başçısının sosial şəbəkələrdə yayılan çıxışı olub. Etirazçılar həmin çıxışda icra başçısının qubalıları təhqir etdiyini bildiriblər.

Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları və Rauf Həbibovun şəxsi evi yandırılıb.

Martın 2-də prezident İlham Əliyev Rauf Həbibovu vəzifəsindən azad edib.
XS
SM
MD
LG