Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:24

Azad Qaradərəli. Nənən ölsün, ay Savet. (Hekayə)


Azerbaijan -- Azeri author Azad Garaderili, undated
Azerbaijan -- Azeri author Azad Garaderili, undated


“O, qol götürüb toylarda oynayanda qızların, gəlinlərin içi keçərdi, bala. İndi allah gör nə günə qoyub ki, sizin çəpiyııza oynuyur. Buraxın getsin, allaha naxoş gedər...” Qoca bunu deyib papirosunu asvaltın çalasına yığışmış gölməçəyə atdı və dodağının altda donquldana-donquldana uzaqlaşdı. Biz də elə bil birdən ayıldıq, Adiflə başımızı aşağı salıb xəcalətdən pörtmüşdük. Axı deyirdilər ki, bu kişi bizim rayondandır. Hər gün bizim tikintiyə gəlir, dinməz-söyləməz beli əlinə götürüb palçıq qatır, bizə kömək edirdi. Adı cədvəldə-filanda yoxuydu, heç maaş-zad da almırdı, amma hər gün gəlirdi işə...

Deyirdilər ki, əvvəllər bizim tikintidə işləyib. (Adiflə mən burda təzəyik) Özü də beş adamın işin görürmüş. Sonralar ağlı qaçıb, işə vaxtı-vaxtında gələ bilməyib. Gələndə də bir az işləyən kimi, bir daldaya çəkilib yatarmış, durğuzmağa çalışsalar da durmazmış. Hətta bəzən, yatıb elə bu tikintinin daldasında qalar, bir də gecənin bir aləmi soyuqdan əsə-əsə oyanar, şəhəri ayaqdan salarmış. Lap axırda bəlli olub ki, kişinin təkcə ağlı oynamayıb, yaddaşı da pozulub, harada yaşadığını, adını-soyadını, əslini-kökünü yadından çıxardıb. Ona görə yazıq çox vaxt gedib yaşadığı tələbə yataqxanasını da tapa bilmirmiş. Arvad-uşağı istəyib ki, onu evdən çölə buraxmasın, amma bunu eləyə bilməyiblər, nədən ki, onda yeddi kişinin gücü var, otağa salıblar, dartıb qapı-bacanı qırıb, ipnən bağlayıblar, çəkib ipi qırıb-töküb. Tutub əllə saxlamağa çalışıblar, bu da olmayıb – onda pəhləvan gücü vardı, hərəni bir tərəfə tullayıb. “Təkcə qardaşının gücü çatar” deyib, gedib onu çağırıblar ki, bəlkə dəli qardaşını bir yön üstə qoya. Qardaş gəlib qolunu salıb qardaşının boynuna, bir nalə təpib, bir bayatı çağırıb ki, yataqxanada bir inni-cinni qalmayıb, hamısı səsə tökülüb çölə. Qardaş ağladıqca Dəli mat-mat baxıb camaatın üzünə, sonra da qol götürüb oynayıb; özü də toylarda necə oynayırdısa, elə oynayıb.

Qardaş yana-yana deyib ki, qardaşımnan bircə oynamaq nişana qalıb, bir də güc. Qalan şeylər onun dəyil. İndi ona siz dəymiyin, onsuz da gücüuz çatmıyacaq, əyəmnəri, gedib maşın-zad altına düşməsə, bəlkə allah ağlını, yaddaşını qaytarar. Qaytarmasa da heç qaytarmasın. O boyda iroyonumuzu qaytarmayan kişi, qardaşımın ağlını qaytarmıyanda dünya dağılmıyacax ki... Amma nəbada əl vurasıız, tutasıız, qoyun çıxıb getsin, gəzib-dolansın, eynəsi açılsın...

Qardaş çıxıb getmiş, gedə-gedə bunu da demişdi: “Gözdə-qulaqda olun, gedib dəmiryol vağzalına çıxmasın.”
Hamı bir-birinin üzünə baxmışdı. “Vağzala çıxanda nə olacax ki?”

Həəə, vəziyyət belə-belə qəlizləşəndən sonra iş icraçısı deyib ki, daha mən bu adamın adını maaş cədvəlində saxlaya bilmərəm. Dəlidi, qalxar dəzgaha, yuxarı mərtəbələrə, düşər yerə, ölər, yaxam qalar qohumlarının əlində, keçəl qızım saçlı deyib məni günahkar eliyərlər...

Adı cədvəldən çıxıb, amma özü saat ona, on birə də olsa hər gün gəlib çıxır bura. Salamsız-kalamsız beli əlinə alıb başlayır palçıq qatmağa. Fəhlələrin ürəyindəndi əslində onun gəlməyi. Küy olmasın beş kisə sementin, yarım ZİL qumun palçığını birdən qatır e bu zalımıçıxmış! Ona görə söz qoyublar ki, hərə maaşından 10 manat yığacaq, buna verəciyik. Sağ olsun iş icraçısı, o da fəhlələrin sözünü tutub, deyib hərənizə 20 manat artıq pul yazacam, verin ona. Təkcə Adifnən mən vermirəm. Biz burda həm təzəyik, həm də müvəqqəti. İkimiz də institutdan kəsilmişik, bir təhər başımızı girələyirik ki, təzədən hazırlaşıb girək bir ali məktəbə, əsgərlikdən canımız qurtarsın dörd il, sonra da görək başımıza nə iş gəlir.


Bir gün gələndə gördü ki, palçıq yoxdu. Palçıq maşınları başımızın üstdə hazır dayanmışdı. Lap yuxarı mərtəbələrə palçığı mühərriklərlə vururdular. Kişi bir sağa baxdı, bir sola baxdı, birdən qol götürüb oynamağa başladı. Bizim Adif də ki, itoynadanın biridi axı, Kamran yoxdu, veriliş aparan Kamranı deyirəm, bax eyzən onun kimi düşdü kişinin qabağına, oyna ki, oynayassan! (Elə burdaca yadıma bir lətifəmi, ya olmuş əhvalatmı bilmirəm, düşdü, qoy onu danışım, sonra söhbətin dalısın gətirərəm. Deyir bir gün bir məşhur aparıcı yenə canlı veriliş aparırmış, tez-tez nəsə vıdılayıb tökürmüş. Millətdən, qeyrətdən, day nə bilim axı bizdə olmayan bir çox şeylərdən danışıb elə “eheyyy, mənim xalqım” dediyi yerdə studiyaya zəng gəlir, məlum olur ki, zəng Şəkidən gəlib. Aparıcı Şəki haqqında bir neçə alovlu söz söylədikdən sonra soruşur ki, arzunuz nədir? Şəkili qayıdır ki, nə olar, mənimçün bir az oyna. Aparıcı himə bəndmiş, əllərini cütləyir, belini əyir, ətikəsilmiş kimi ayaqlarını döyür yerə. “Almaz” pyesində Fatmansə arvad demişkən, sındır e, səndır.... Oyun bitən kimi aparıcı qayıdır ki, bağışlayın soruşmadım, adınız necə oldu? Şəkili “İtoynadan” deyib dəstəyi asır.)

Mənim də şitlik damarım tutdu, əllərimi klarnit çalan kimi ağzıma tərəf tutub başladım ağzımla musiqi səsi çıxartmağa. Kimsə boş bir vannada taqqıldatdı, bir mərəkə qopdu ki, gəl görəsən. Bax, elə bu vaxt o qoca hardansa gəlib bizim yanımıza çıxdı və yuxarıdakı sözləri deyib, donquldana-donquldana getdi. Adif ona yaxın idi deyin, ağzından çıxan son kəlmələri də eşidibmiş. Deyib: “Əvin yıxılsın, ay savet!” İndi bilmirik bu Sovet hökumətindən danışırmış, ya bu dəlinin adı Savetdir?

- Dayı, sənin adın nədi?
- Eeee... veeee... nədi? – ağzından köpük tökülə-tökülə mənim son sözümü təkrarlaya bildi.
Mən əl çəkmək istəmirdim. Dedim olmaz ki, bu nəyisə xatırlamasın. Bir də cəhd elədim:
-Savet kişi, dədəyin adı nədi?
O bir az dirçələn kimi oldu, quru qarağac kimi yerində yırğalandı, birdən boynunu çiyninin üstə qoyub yazıq-yazıq “ııı” elədi. Yəni, bilmirəm.
- Əşi, bəs sən haralısan?
Birdən dirçəldi, başını dik tutub gücəndi, gücəndi və dedi:
- Qaradiz...
* * *
Axşam Adiflə söz qoyduq ki, düşək bunun dalıncan. Görək hara gedir, necə gedir?

* * *

Bu gün maaş almışdıq. Dəlinin də pullarını yığıb verdik özünə. (Verdik deyirəm, ona görə ki, bu dəfə biz də adama 10 manat qoyduq) Və düşdük dalınca. Gəlhagəl, gəlhagəl, gəlib çatdıq Nəsimi bazarın yanına. Burda kişi key-key o yan bu yana baxdı, baxdı və gəlib bazardan yuxarıda, xəstəxananın qabağındakı qəzet köşkünün yanında dayanıb ora-bura qaçışan uşaqlara baxıb gülümsədi. Bizim Adifin balacalığının ksero surəti olan kəkilli bir uşaq kişiyə sarı gəldi və nəsə dedi. Bir də gördük ki, o, qollarını açdı, başını göyə tutdu, bir oynadı, bir oynadı, atana lənət yalan deyən, hələm-hələm rəqqas onun kimi oynaya bilməzdi. O biri uşaqlar da yığışdılar kişinin başına, dövrə vurub əl çalmağa başladılar.

Mənim gözlərim yaşarmışdı, qəhər içimi kəsirdi. Adif isə uşaqların yanındaydı – gah əl vurur, gah da dodağını bir cür büzüb fitləyirdi. Elə bu vaxt yerdən çıxmış kimi biz yaşda bir oğlan (boyda kişidən bir az qorxaq olardı) girdi uşaqların halayına. Balacalar çalağan görmüş toyuq-cücə kimi ora-bura səpələnib gözdən itdilər. Oğlan Adifin çənəsinə bir yumruq ilişdirdi və bağırdı:

- Alçaq! Görmürsən o xəstədi?!
Adif oğlanın boy-buxununa baxıb sarısını uddu, əl-qol atmasa da dilindən də qalmadı:
- Ə, alçaq da varsan!
Kişi oğlanın qabağına düşüb dinməz-söyləməz avtobus dayanacağına getdi. Mən də Adifin qolundan tutub itələyə-itələyə bazara tərəf apardım:

-Yeri, allah səni biyabır eləsin... Bizi biyabır elədin...

( Bu Adif ki var, mənim dostumdu. Yaxşı oxuyur, amma adamlığı yoxdu. Dədəm demiş, hüttülümün biridir. Bizim rayonda tanınmış bir jurnalist vardı Adif adında. Rayon qəzetində işləyirdi. Yazıq son vaxtlaracan bizim yataqxanada qalırdı. Şəkər oldu, kök, boy-buxunlu kişi şam kimi əridi, əridi, axırı bir gün elə şam kimi də söndü. Hə, onu deyirdim axı, bizim Adifin atası o Adifin adını qoymuşdu oğluna ki, bəlkə adlı-sanlı jurnalist oldu. Amma indi jurnalist sayan kimdi? Deyib ki, bir ətək pul verib oğlumu hazırlığa qoymuşam ki, oxuyub o biri Adif kimi şam kimi ərisin? Keçəl suya getməz! Gərək prokuror olsun, vəssalam. Bu yazıq da deyir öldür məni, prokuror olmaram, olsam Arif Quliyev kimi komik aktyor olacam, olmasam da elə fəhlə ki fəhlə...)

Bazara çatanda Adifin hirsi soyumuşdu. Üzümə baxıb hırıldadı:
- Nanabəyim arvad yadındadı?
- Hə? Nolsun?
- Danışırdılar ki, rayon işğal olunan gün Arazı keçəndə atdan yıxılıb qıçı sınır, elə o halda deyirmiş ki, aftafa dəlik, tas dəlik... rayonu erməniyə verdiyiniz bəs dəyildi, mənim bu sınıx qılçamı də qoydular üstəlik... İndi dəli dəliliyin eləyir, arada mənim çənəm yumruq yeyir...
Mən də gülürəm:
- Sənə o da azdır.

***

Kişi neçə gündür yoxa çıxıb. İnanın elə bil itiyimiz itib. Bu şantiyenin (buranı türklər tikir, qabağına da yazıb vurublar: Həlvaçıoğulları şantiyesi) nə qədər işçisi var, hamısı bizdən onu soruşur. Mən lap pis olmuşam. Elə bil əziz adamımı itirmişəm. Ünvanını-filanını da bilən yoxdur. Tərslikdən də dalbadal neçə gündür dəhşət palçıq qatırıq. Adiflə məndən başqa dörd fəhlə nə qədər əlləşirik onun qatdığı bir qabaq palçığın əvəzini qata bilmirik. Kişinin bu sahədə də əməlli-başlı yeri görünür.

Fasiləyə az qalıb. Amma it kimi yorulub hərəmiz bir tərəfə döşənmişik. Yeməyə heyimiz-hərəkətimiz qalmayıb. Bu vaxt kimsə salam verir. Əzvay-əzvay salam verənin salamını alıb ona sarı baxıram və sevincək yerimdən dik atılıram. Axı bu həmən kişidir. Onda bizə bu sözləri deyən: “O, qol götürüb toylarda oynayanda qızların, gəlinlərin içi keçərdi, bala. İndi allah gör nə günə qoyub ki, sizin çəpiyııza oynuyur. Buraxın getsin, allaha naxoş gedər...”

Tez durub ona tərəf qaçıram və az qala yalvarıram:
- Əmi, nolar, onun yerini de də bizə... Neçə gündür gəlmir işə, nigaran qalmışıq?..
Özümün də özümdən zəhləm getdi. Lap riyakarlıq elədim. Əslində onu...
Kişinin dodağı qaçdı, elə güldü ki, sanki mənim təlaşımı anlamışdı. Baxışları deyirdi: “O sizə palçıq qatmağa görə lazımdı, yoxsa doğrudan nigaran qalmısınız?” Mən kişinin gözlərinin içinə baxa bilmirəm, Adifsə utanıb-çəkinmədən şəstlə deyir:

- Dayday, əslində o bizim qanımızın arasına girirdi... Bu qumu, bakılılar demiş torpağı sementə qatıb palçıq eliyənəcən bizimki bizə dəyir... Ama o! O müsibət idi... Bir də ona öyrəşmişdik axı...
Kişi qoltuğundakı iri, uzunsov bağlamanı yerə qoyub oturdu üstündə, bir siqaret yandırıb dedi:

- O bizim kəndçimiz idi. Adı da Savet idi. Bu ağ kubiklərin hələ bizim kənd-paraya gəlib çıxmıyan vaxtlarında daş baltasını da götürüb gedərdi çaylağa, iri guşə daşlarınnan yonar, sonra maşınnan daşıyardı qapısına. Çay daşınnan ikimərtəbəli bir ev tikmişdi, baxan deyirdi, bir də baxım. Qaldı erməniyə... Həəə... Altı qızın üstə bircə oğlu vardı, svyaz texnikomun qurtarmışdı, elə orduya da svyazist kimi getdi. Bizim rayon işğal olunan ilinnən bir az ay sonra Qaradizi bizimkilər aldı axı, bax onda Qaradizdə vurdular oğlunu. Uşağın meyitini vermədi kafirlər. Yazıq düz bir il o çöl-biyabanda qaldı, əlinə bir şey keçmədi. Axırı gəlib oturdu, amma demiyəsən oturmuyubmuş... ahıl vaxtında arvadının boyuna uşax düşdü... Arvadı mənim xalam nəvəsidi... mənnən yaşıddı... Düz qırx yeddi yaşında bir uşax doğdu... kərəminə qurban olum, elə bil şəhid olan gədə özüdü, aparıblar o yana, qaytarıb gətiriblər... şükür kərəminə... Savetin başı dəbərənnən sohra bir ins-cins tanımır... Tək o gədəni eşidir, onun sözünə baxır... bilirsiz niyə? Bəs deyir ki, o davada ölən oğludu onnan...

- Ay nənə vay! – Adif çığırır. Mən ona tərs-tərs baxıram ki, dinmə, qoy görək kişi nə deyir. Amma Adif kəsib-kirimir:
- Biz onnan soruşanda haralısan, dedi Qaradiz...
- Hə, hə, bircə Qaradiz qalıb yadında, bir də dəmir yol vağzalı...
- Vağzal nə yaxşı? – mən soruşuram.
- Hərdən ağlı-başı qayıdır axı, yaddaşı da gələn təhər olur... O irəli küçədə görmüşəm, deyirəm, a Savet, niyə bikefsən? Maa nə desə yaxşıdı? Deyir: “Qohum, bilirsən nədən niyaranam?” Deyirəm: “Nədən?” Deyir: “Qorxuram irayon alınanda bınnar məni bırda qoyub gedələr...”
Kişinin gözləri dolub, səsi kallaşıb, elə bil bu bir neçə dəqiqədə nənəm demişkən suya-selə dönüb. O daha danışa bilmir, altına qoyduğu bağlamanı götürüb qoltuğuna vurur, sonra da bizə göstərə-göstərə deyir:

- Mən qalxozun ağranomuydum, indi gəbə-kilim satıram küçə-bacada... Üzümə min dəfə tüpürürlər, milisiyələr söyür, döyür, qavır, amma məni perikdirə bilmirlər... Nağayrım, hara gedim... Evdə oturum? Oturaram e, qorxuram Savet kimi ağlım dəbərə...

Kişi yola düzəlib gedir və gedə gedə deyir: “Nənən ölsün, ay Savet!”
Kişi döngəni burulanda mən az qala yüyürə-yüyürə ona tərəf gedib deyirəm:

- Axı demədiniz Savet kişi indi hardadır?
Bağlamanı bu qoltuğundan o birinə keçirə-keçirə:
- Harda olacax, minib poyuza, gedib Qaradizə.... O yazıx gədəsi də dünən çıxıb gedib dalıncan... Onnan başqa heş kimi eşitmir axı... Eşitsə nolacax ki? Ona güc çatır?

Dekabr, 2012.
XS
SM
MD
LG