Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:34

«Luvr» muzeyini daha da şöhrətləndirdi, indi vəzifədən gedir...


«Luvr» muzeyi
«Luvr» muzeyi
-

«Luvr» muzeyinin direktoru Henri Loyrette 2013-cü ilin aprelində vəzifəsindən gedəcəyini açıqlayıb.

Xəbəri Agence France-Presse yayıb.

Bu il 60 yaşını qeyd edən Loyrette Fransanın baş muzeyinə 2011-ci ildən rəhbərlik edir.
Ondan əvvəl o, Orse muzeyinin (Musée d'Orsay) əsas kuratoru və sonradan direktoru olub.

Loyrette artıq Fransa prezidentinə və mədəniyyət nazirinə bu postdan gedəcəyini, özünü başqa sahəyə həsr edəcəyini, bu gedişlə «Luvr»a öz tarixində yeni bir səhifə açmaq imkanı vermək istədiyini açıqlayıb.

LOYRETTE YENİLİKÇİ DİREKTORDUR

Xatırladaq ki, Loyrette «Luvr»a rəhbərlik müddətində bir çox ilklərə imza atıb.

O, bu nəhəng muzeyin maliyyə müstəqilliyinə nail olub və onun mədəniyyət nazirliyindən asılılığını aradan qaldırıb.

Henri Loyrette
Henri Loyrette
Muzeyə gələnlərin sayı iki dəfə artıb. Ondan əvvəlki illər muzeyi 5 milyon adam ziyarət edirdisə, Loyrette-in rəhbərlik etdiyi dönəmdə bu rəqəm, az qala 10 milyona çatıb.

Ən maraqlısı, gələnlərin yarısının yaşının 30-dan aşağı olmasıdır.

2 BÖYÜK LAYİHƏ GERÇƏKLƏŞDİRİB

Bu müddət ərzində Loyrette iki böyük layihə gerçəkləşdirə bilib:

«Luvr» muzeyində İslam İncəsənət nümunələrinin sərgilənəcəyi yeni qalereya, Lans şəhərində «Luvr»un yeni filialı açılıb.

2005-ci ildən icrasına başlanan birinci layihənin dəyəri 98,5 milyon avro idi.

Loyrette-in bir yeniliyi də müasir sənət əsərlərini muzeyin daimi kolleksiyasına daxil etməsidir.

O, hətta bəzi müasir rəssamlara «Luvr»da sərgilənmək üçün əsər də sifariş edib.

Loyrette bunlarla da kifayətlənməyib.

ABU-DHABİ-DƏ YENİ FİLİAL AÇMAQ TƏKLİFİ VERİB

Abu-Dhabidə «Luvr» muzeyinin filialının açılması təklifi də onun direktorluq dönəminə düşür.

Birləşmiş Ərəb Əmirlikləri bu məqsədlə «Luvr»a 1,3 milyard dollar ayırıb.

Əvəzində isə Əbu-Dhabi filialı 30 il müddətində «Luvr»un adından istifadə edəcək, onun eksponatlarından və ekspertlərindən yararlanacaq.

Luvrda Mona Lisa şəkli qarşısında qələbəlik
Luvrda Mona Lisa şəkli qarşısında qələbəlik
Artıq tanınmış memar Jean Nouvel-in (Bakı müasir incəsənət muzeyinin memarı—S.İ.) layihələndirdiyi yeni muzey binasının 2015-ci ildə açılacağı nəzərdə tutulub.

Yeri gəlmişkən, «Luvr»un bu addımı birmənalı qarşılanmayıb.

«RUHUNU ŞEYTANA SATIB»

Tənqidçilər «Luvr»u «ruhunu şeytana satmaqda» günahlandırmaqla bərabər, BƏƏ-də insan haqlarının pozulduğunu da önə çəkiblər.

Xatırladaq ki, cənab Loyrette iki dəfə Bakıda olub - 2007-ci və 2011-ci illərdə.

Sonuncu gəlişdə o, birgə sərgilərin təşkili ilə bağlı söhbətlər aparıb, Bakıda tikilən Xalça Muzeyinin tikintisi ilə də tanış olub və bu muzeylə birgə layihələr gerçəkləşdirəcəyini vəd edib.
XS
SM
MD
LG