Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:45

Rusiya Suriyadakı hərbi varlığını gücləndirir


Vladimir Putin və Bashar al-Assad-in şəkilləri
Vladimir Putin və Bashar al-Assad-in şəkilləri
-

Britaniya mətbuatı yazır ki, rusların Suriyadakı «yerdən göyə» raket sistemini yönəltməsi həm prezident Assad-in müdafiəsini möhkəmləndirir, həm də bu ölkəyə Qərbin hər hansı hava zərbəsini çətinləşdirir.

«The Guardian» qəzetinin yazdığına görə, Rusiyanın hərbi müşavirləri Suriyanın «yerdən göyə» raket sistemini son bir il boyunca xeyli təzələyiblər.

Başqa sözlə, Qərb və ya NATO Suriya səmasını «uçuşsuz zona» sayarlarsa, bunu həyata keçirmək müşkül olacaq.

Üstəlik, Qərbin mümkün hava zərbələri nəticəsində Suriyadakı Rusiya hərbi kontingenti itkilər verərsə, bunun gözlənilməz geosiyasi nəticələri ola bilər.

Burası da var ki, Suriyanın dinc əhalisi arasında itkilər Qərbdən hərəkətə keçməyi günbəgün daha çox tələb edir.

ÇÖRƏKLƏ SINAQ

Məsələn, ötən bazar günü Suriya hökumətinin havadan endirdiyi zərbələrin hədəfi Hama şəhərində çörək növbəsində dayanan mülki adamlar olub.

Belə görünür, çörəkxanaların havadan vurulması o qədər geniş miqyas alıb ki, Human Rights Watch insan haqları təşkilatı rəsmi Dəməşqi məhz buna görə ittiham edib.

Arxiv foto: Suriyalı müxalif
Arxiv foto: Suriyalı müxalif
Bunu, Bashar al Assad-in üsyankar Suriya xalqına mesajı kimi də başa düşmək olar:
«çörəyi qırx ildir ki, sizə atamın qurduğu dövlət verirdi, lazım gəlsə, o çörəyi kəsərik».

Rusiyanın BMT Təhlükəsizlik Şurasında qoyduğu vetoya görə, hər iki tərəfdən törədilən hərbi cinayətlərin araşdırılması, hələlik, mümkün deyil.

ASSAD KİMYƏVİ SİLAHA İKİ DƏFƏ ƏL ATMAQ İSTƏYİB

Türkiyə rəsmiləri, Dəməşq hökumətinin bir neçə təyyarəsi vurulandan sonra Suriya rejiminin Scud raketlərindən yararlanacağını dəqiq proqnozlaşdırmışdılar.

İndi də onlar prezident Assad-in kimyəvi silahlara əl ata biləcəyini öncədən bildirirlər.

Rəsmi Ankaranın fikrincə Assad ən azı iki dəfə bu silahlardan istifadə etmək istəyib.

Birinci dəfə, Dəməşqdəki təhlükəsizlik qüvvələri qərargahı partladılarkən, prezidentin qaynı Assef Shawkat həlak olanda və ikinci dəfə – müxalifət qüvvələri üstünlük qazanmaq istəyəndə.

ABŞ, Britaniya, Fransa və Türkiyə Suriyaya xəbərdarlıq ediblər ki, kimyəvi silahlardan istifadə olunsa, cavab tədbirləri görüləcək. Amma Rusiyanın müdaxiləsi bu cavab tədbirlərinin gerçəkləşdirilməsinə əngəl törədəcək.

Kimyəvi silahların saxlandığı anbarlara havadan zərbələr zəhərli qazları geniş ərazilərə yaya bilər.

ABŞ və müttəfiqlərin silahlı qüvvələri hərbi hava bazalarının ələ keçirilməsi üçün təlim görsələr də, daha sonrakı mərhələ barədə dəqiq planlar yoxdur.

SURİYA MÜNAQİŞƏSİNDƏ RUSİYA DA TƏRƏFƏ ÇEVRİLİR

Moskva son aylarda Suriya rejiminin hava hücumundan müdafiə qüvvələrini təkmilləşdirib.

Dəməşqin şərqində partlamamış silah
Dəməşqin şərqində partlamamış silah
«The Guardian» yazır ki, Rusiyanın başlıca məqsədi bu ölkəyə qoyduğu investisiyaları xilas etmək və nəyin bahasına olursa-olsun, xaricdəki iki böyük hərbi dayağını saxlamaqdır. Söhbət Latakiyadakı RLS-dən və Tartudakı kiçik hərbi dəniz bazasından gedir.

Ötən həftəsonu Rusiya quru qoşunlarının havadan müdafiə qüvvələrinin komandanı general Aleksander Leonov «Exo Moskvı» radiosuna deyib ki, «Suriyanın hava hücumundan müdafiə sistemi «oyun-oyuncaq deyil», məhz buna görə də indiyədək heç kəs ona qarşı ciddi hava əməliyyatı aparmayıb».

«The Guardian» yazır ki, bu «oyun-oyuncaq olmayan» sistem 50 min əsgərdən oluşan iki diviziya deməkdir. Minlərcə təyyarəvuran top və 130 raketdənqoruma bölüyü də diqqətə alınsa, Liviyanın keçmiş lideri Muammar Gaddafi-nin o vaxtkı qüvvəsindən iki dəfə güclü bir müdafiə sistemindən söhbət gedəcək.

«Jane's Terrorism and Security Monitor» toplusunun redaktoru Jeremy Binnie deyir ki, Rusiya son vaxtlarda Suriyaya «Buk-M2» və «Pantsır-S1» səyyar raket qurğuları və radar sistemləri gətirib.

Bununla belə, Suriyaya uzaqmənzilli S-300 raket sistemlərinin gətirilib-gətirilmədiyini kəşfiyyat, hələ ki, aydınlaşdırmayıb.

Vaşinqtonda mənzillənmiş Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən (Centre for Strategic and International Studies) Guy Ben-Ari deyib: «Onlar təkcə qurğuları gətirməklə kifayətlənmir, ruslar hərbi qüvvələrə təlim də keçir və onları idarə edirlər».

Guy Ben-Ari-nin fikrincə, belə hərbi silahları Suriya öz qüvvəsi ilə heç vaxt işlədə bilməz.
Moskva-Dəməşq münasibətlərinə yaxından bələd olan qaynaqlar Rusiya hərbi qüvvələrinin Suriyadakı varlığını təsdiqləyirlər.

QƏRBİN PATRONU QURTARIB?

Arxiv foto: Liviya
Arxiv foto: Liviya
Hava hücumundan müdafiə və raket sistemlərinin bu cür qatma-qarışıq olduğu ərazidə Qərbin istənilən müdaxiləsi durumu daha da mürəkkəbləşdirə bilər.

Suriyaya qarşı hər hansı hərbi əməliyyat üçün Qərb dəqiq nişanalma və tuşlama sisteminə malik silahlardan istifadə etməli olacaq.

Britaniya mətbuatı yazır ki, Birləşmiş Krallığın, Fransa və ABŞ-ın Avropadakı başqa müttəfiqləri bu cür silahların çoxunu Liviya kampaniyası zamanı işlədiblər və «açıqlanmayan məxfi məlumata görə», hazırda silah anbarları Liviyayaqədərki səviyyəyə çatmayıb.

Guy Ben-Ari bildirir ki, bütün Avropanı bürüyən maliyyə çətinlikləri şəraitində hərbi büdcələrə ayrılan hər bir senti parlamentlərdə siyasi baxımdan əsaslandırmaq lazım gəlir.

Ekspert sözlərinə bunu da artırır ki, Suriyada müvəffəq olmaq üçün Liviya hərbi kampaniyasındakından daha böyük cəbbəxanaya malik olmaq lazım gələcək.

Suriyada hava əməliyyatları zamanı «gözəgörünməz təyyarə»lərdən, peykdən yararlanmaqla səmtləndirmə və kəşfiyyatdan istifadə də qaçılmaz olacaq.

Bütün bunlar, ABŞ hərbi qüvvələrinin «ixtisaslaşdığı» sahələrdir. Yəni bu dəfə ABŞ-ın, Liviyada olduğu kimi, səhnəarxası hərəkətləri yetərli sayması mümkün görünmür.

VAŞİNQTON TƏLƏSMİR

Barack Obama
Barack Obama
Obama administrasiyası, İranın nüvə proqramı ilə bağlı Yaxın Şərqdəki durumun hər an böhran həddinə çatma olasılığını nəzərə alaraq, hər hansı başqa münaqişəyə bulaşmaq istəmir.

Üstəlik, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri general David Petraeus-un istefasından sonra ABŞ hərbi qüvvələrində Suriya kampaniyasını dəstəkləyəcək daha sanballı fiqur qalmayıb.

Dövlət katibi vəzifəsinə namizəd John Kerry Suriya üsyançılarına yardımı dəstəkləsə də, ABŞ və NATO-nun münaqişəyə birbaşa qatılması barədə hər hansı açıqlama verməyib.

Belə anlamaq olar ki, Rusiya, sələfi SSRİ-nin Koreya və Vyetnamda oynadığı rola şirniklənə bilər, ancaq Şimali Qafqazdakı problemlər tam çözülməyincə Moskva hərbi təbliğat mübarizəsini udmağa çalışacaq. Rusiyanın açıq-aşkar Assad tərəfində vuruşması, onu Suriya müxalifətində Çeçenistan müharibəsinin döyüşçülərini təmsil edən qüvvələrlə üz-üzə qoya bilər.
XS
SM
MD
LG