Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:41

Sevinc Babayevanın oğlu: «Prokurorluq anamın yerini bilirdi»


Sevinc Babayeva
Sevinc Babayeva
-

Bu günlərdə İstanbulda xəstəxanada vəfat edən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov AzadlıqRadiosuna müsahibə verib:

- Ayxan bəy, ananızla sonuncu dəfə nə vaxt danışmışdınız?

- Rəhmətə getməzdən 2-3 gün əvvəl.

- Sonuncu sözü nə oldu, daha çox nədən narahat idi?

- Azərbaycana gəlmək istəyirdi.

- Ananız Azərbaycandan necə çıxmışdı, onu kim yola salmışdı?

- Gülər Əhmədova...

- Nə vaxt?

- Anam Azərbaycandan sentyabrın 25-də çıxıb.

- Demisiniz ki, ananızı Gülər Əhmədova zəhərləyib.

- Bəli, onu mənə anam deyib. Dedi ki, onunla görüşəndə o məni zəhərləyib. Onunla görüşəndən sonra anamın halı pisləşib.

- Ananızla Gülər Əhmədova sonuncu dəfə harda görüşüb?

- Anamla Bakıda görüşüblər, sonra gedib çörək yeyiblər. Hansı restoran olub bilmirəm, amma bilirəm ki, yay aylarında olub. Gülər Əhmədova o vaxtdan bilirdi ki, videogörüntülər nə vaxtsa yayılacaq.

- Ananızı zəhərlənəndən sonra Türkiyəyə apardınız?

- Anamın halı pisləşəndən sonra mən onu neçə xəstəxanaya apardım. Heç yerdə dəqiq diaqnoz qoyulmurdu, həkimlər yığışıb müzakirə aparırdılar, sonra da deyirdilər ki, biz bilmirik bu xəstəlik nədir. Deyirdilər birinci dəfədir belə halla üzləşirik. Bütün orqanizm sağlam idi, amma problemləri var idi. Yəni bilinmirdi onun xəstəliyi nədir.

- Sonda onu Türkiyəyə aparmaq qərarına gəldiniz?

- Yox, belə bir qərar olmadı. Gülər Əhmədova anama dedi ki, “bu video söz-söhbəti ilə bağlı 3-4 günlük get Türkiyəyə, söhbətlər sakitləşsin, qayıt gəl”. O 3-4 gün bitmədi, sonda anamın meyiti gəldi.

- Ayxan bəy, belə məlumatlar var idi ki, ananız Türkiyəyə başqa sənədlə gedib, bu düzdürmü?

- Mənin anamın başqa sənədi olsaydı o, elə həmin sənədlə Azərbaycana gələrdi. Bilirsiz ki, Türkiyədə heç bir sənəd olmadan heç kimi müalicə etmirlər. Anam xalamla birlikdə bir xəstəxanaya gedib, baxmayaraq ki, həkim azərbaycanlı olub, sənədi olmadığı üçün anamı müayinə etməkdən imtina edib.

- Bəz ananızın Türkiyəyə yola salınmasından xəbəriniz olubmu?

- Əlbəttə, anam gecə mənə zəng etdi ki, “gəl “Dom Sovetə”, Gülərin yanındayam, dedim “ana, gəl evə, evdə söhbət edək. Gəldi, dedi “bəs nə edim, Gülər mənə deyir sən get, söhbət sakitləşsin, sonra gələrsən”. Sonra da anama deyirdi ki, “narahat olma, hər şey yaxşı olacaq, Ramiz Mehdiyevlə danışmışam, hər şey düzələcək”. Mənə də o sözləri dəfələrlə deyib. Hər gün mən onu yığırdım, deyirdim “sən necə olur oturmusan evində, balalarının yanında, mənim anam isə yad bir yerdə”.

- İstintaqda olmusanmı?

- Hə, burda da, Türkiyədə də. Bir də mən bir –neçə ay bundan əvvəl özüm getdim prokurorluğa dedim ki, anamı Türkiyəyə filan tarixdə Gülər Əhmədova göndərib. Bu barədə yazılı izahatım var prokurorluqda. Mən anamın yerini bilirdim. İstanbuldadır, filan yerdədir, prokurorluğa hamısını yazmışdım. Bunlar mənim anamın yerini bilirdi, amma hamısı bir oyun oynayırdılar.

- Ölümündən bir-neçə gün əvvəl ananız İnterpolun axtarışına verilmişdi. Bu, necə olmuşdu?

- Bəli, bunlar hamısı yalandan idi. Onlar istəsəydi, anamı bir dəqiqəyə tapardılar. Güləri götürüb aparardılar onun yanına. Gülər Əhmədovanın əri Fikrət Əhmədov anam rəhmətə getməzdən əvvəl ona 650 manat pul aparıb verib.

- Türkiyədə olanda ananız Gülər Əhmədova ilə danışırdımı?

- Əlbəttə, skype-la danışırdılar. Onda mən anamın yanında idim. Noyabrın 10-dan orda idim.

- Nə deyirdilər bir-birilərinə?

- Gülər anama deyirdi, hər şey yaxşı olacaq. Bizə heç bir şey lazım deyildi, anamın Azərbaycana qayıtmasını istəyirdik. Türkiyədə anam Gülər Əhmədovanın adamlarının nəzarətində idi. Anamı heç çölə çıxmağa belə qoymurdular, ancaq maşınla aparıb-gətirirdilər. Çox güman ki, anamın pasportunu özləri itiriblər. Türkiyədə ona qoyulan Məryəm Solmaz adını Gülər Əhmədovagil qoymuşdu ki, onu orda tanıyan olmasın. Hamısı bunların öz oyunu idi. Dünən (yanvarın 3-də- M.Ç.) xalamla prokurorluğa getmişdik, hər şeyi dedik. Hər gün gedəcəm ora ki, anamın qanı yerdə qalmasın. Yaxşı bilirəm mənə bir kömək olmayacaq. Kömək etsəydilər, indiyə qədər edərdilər. Siz bu insanın yerini bilə-bilə niyə bunu İnterpola verirsiniz?

Ayxan Məmmədovun dediklərinə Gülər Əhmədovanın münasibətini öyrənmək mümkün olmadı. Moderator.az saytına müsahibəsində Gülər Əhmədova Ayxan Məmmədovun Elşad Abdullayevin təhdidlərindən qorxaraq oxşar ittihamlar səsləndirdiyini deyib.

Sevinc Babayeva Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin yaydığı gizli korrupsiya video qalmaqalında vasitəçi kimi təqdim edilir.

Ayxan Məmmədovun səsləndidiyi fikirlərə hüquq-mühafizə orqanlarından konkret münasibət öyrənmək mümkün olmayıb.
Baş Prokurluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzadlıqRadiosuna istintaqın gedişi ilə bağlı ictimayyətə müvafiq açıqlamanın veriləcəyini deyib.
XS
SM
MD
LG