Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:45

Heykəl olmaq istəmirəm (Seçmə şeirlərdən)


Sabir Şirvan
Sabir Şirvan
-

Bu şeir son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.


Sabir Şirvan


HEYKƏL OLMAQ İSTƏMİRƏM

Necə varam qalım elə,
Heykəl olmaq istəmirəm.
Lap qızıldan olsa belə,
Heykəl olmaq istəmirəm.

Yer seçilə dağda, dikdə,
Nə görmüsüz heykəllikdə.

Aciz, ucuz şöhrət üçün,
Heykəl olmaq istəmirəm.
Beş-on illik müddət üçün,
Heykəl olmaq istəmirəm.

Azmı məgər bu zamanda
Heykəl olmaq istəyənlər?
Tayfasını bütünlüklə,
Heykəlliyə səsləyənlər?

Kim istəyir, qoyun, olsun,
Alim olsun, “qoyun” olsun,
Siz xeyirli deyin olsun,
Heykəl olmaq istəmirəm.

Uzaq deyil qaldırıcı kranlara gələn əmir,
qaldır, endir.
Uzaq deyil leninlərin boğazına keçən kəndir,
bu nə gündür.
Heykəl olmaq istəmirəm.
Çaşıb qaldım,
can qoyaraq heykəlləşib qəhrəmanlıq,
bu şərəfli ölümdürmü?
Bir vaxt yeri başda olan, heykəllərə zülm edilir,
ədalətli zülümdürmü?

Xalqa xidmət əməldədir, diləkdədir,
Heykəlliyə layiqlərin heykəlləri ürəkdədir.

İbrət eylə haradadır, odu sönmüş
Musabəyov, Əzizbəyov.
İzdihamlı yol üstündə daşa dönmüş,
Musabəyov, Əzizbəyov.

Qilu-qalın, insan oğlu, min illərdi davamdadır,
Gah bu ona, gah o buna bəd niyyətdə gümandadır,
Bu məmləkət başdan-başa cansıxıcı dumandadır,
Sanma günah ya yandadır, İvandadır,
Bir vaxt bəyə divan tutan bəyovların,
heykəlləri divandadır.
XS
SM
MD
LG