Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:55

Renat Nəcəfov: «Hakimiyyətin bu gənclərə 500 manat dəyər vermədiyini bilirik» [Video]


"5 qəpik" kampaniyası başa çatdı
Gözlə

No media source currently available

0:00 0:04:44 0:00

"5 qəpik" kampaniyası başa çatdı

- Salam, ianələr üçün gəlmişdik. Eşitdik bu gün sonuncu gündür. Mən pulu verim, qaçım. İşə gecikirəm.

«Müsbət Dəyişikliklər» Gənclər Hərəkatının ofisində qəpik cingiltisindən qulaq batır. Bir ucdan torba-torba qəpiklər gəlir, hesablanır, sənədləşdirilir, yerbəyer edilir. Bəzən önəm verilməyən, çantada və ya cibdə aylarla gəzdirilən hər qara qəpiyin burda önəm verilir.

- 6 AZN kağız, 3 min 192 dənə 5 qəpiklik, 66 dənə 3 qəpiklik, 82 dənə 1 qəpiklik var. İndi ümumi məbləği toplayaq.

«O BİRİLƏRİN PULU QALSIN GƏLƏN DƏFƏYƏ»

Yanvarın 21-də «Əsgər ölümünə son» aksiyasında cərimələnənlərə dəstək məqsədilə «5 qəpik» kampaniyası başa çatır. Gərəkli məbləğ - 10500 manat 6 günə toplansa da, aksiyaya qoşulmaq istəyənlərin ardı-arası kəsilmir. Bəziləri işini, dərsini də atıb axırıncı gündə özünü qaçaraq yetirir ki, öz qəpik-quruşu ilə o da kiməsə yardım əlini uzatsın. Məsələn, təngnəfəs gələn Mehman Cəfərov kimi:

- Bu cərimələrin haqsız olduğunu düşünürəm. Çünki burda siyasi bir şey də görmürəm. Hamının balası əsgər gedir, mən özüm də əsgərlikdə olmuşam. Oradakı vəziyyəti də yaxşı bilirəm. Deyirlər ki, guya əsgər... ay, dağdan yıxılıb, ay, nə olub. Qətiyyən inanmıram. Ona görə qoşuldum. Bu məbləğ elə çox deyil. 5-3 nəfər yığmışıq bunu. Hələ başqaları da qoşulmalı idi. Ancaq gördük müddət bitir. İndiyədək yığılanı gətirdim. O birilərin pulu da qalsın gələn dəfəyə.

«YAP-ÇILAR DA İANƏ VERİR»

İanə üçün gələnlərin arasında cavan da, qoca da, uşaq da var, tələbə, məmur, müəllim, həkim də. Bəziləri AzadlıqRadiosunun mikrofonuna danışmaq istəmir. Tələbə ali məktəbdən qovulacağını, işçi işini itirəcəyini söyləyir.

Səlim Səlimli
Səlim Səlimli
Təşkilatçılardan biri Səlim Səlimli deyir ki, «5 qəpik» kampaniyasına Yeni Azərbaycan Partiyasının üzvlərindən qoşulanlar da az deyil.

- Bu səhər yaşlı bir kişi gəlmişdi, YAP-çı olduğunu dedi, özü də 1993-cü ildən partiya üzvüdür. Yaşlılar gəlir, uşaqlar gəlir. Birinci sinifdə oxuyan uşaq qonşusu ilə 38 qəpik göndərib. Qardaşım ikinci sinifdə oxuyur, o da mənim vasitəmlə 41 qəpik yolladı. Gənclər daha çoxdur. Gələnlər əsasən siyasi fəallar deyil.

RÜSTƏM İBRAHİMBƏYOV DA AKSİYAYA QOŞULDU

Biz orda olduğumuz müddətdə 3 zərf gəldi. Onları dramaturq Rüstəm İbrahimbəyov, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı və onun müavini Allahyar Əyyubov göndərmişdi. Rüstəm İbrahimbəyov 67 manat, Mirvari Qəhrəmanlı və Allahyar Əyyubov 50 manat ianə vermişdilər.

Şəhla Əliyeva müəllimədir.

- Axşam eşitdim ki, kampaniya başa çatıb. Elə narahat oldum. İşdən birtəhər icazə alıb gəlmişəm. Əsas odur görsünlər ki, biz varıq, yığışa bilərik. 150 dənə 5 qəpiklik gətirmişəm. Bir mağazadan istədim. Satıcı elə təəccübləndi ki... O da 20 dənə 5 qəpiklik göndərdi.

Şəhla Əliyeva
Şəhla Əliyeva
Xətai Qafarlı tələbə yoldaşları ilə yığdığı pulu gətirib:

- Düşündük ki, bizim də payımız olsun.

«SÜRPRİZ OLDU»

Təşkilatçılardan Səlim Səlimli aksiyanın bu qədər əhatəli olacağını gözləmirmiş. «Qısa vaxtda bu qədər vəsaitin toplanması mənim üçün sürpriz oldu» deyir. Onun fikrincə, adamları bu aksiyaya çəkən əsgər ölümüdür.

- Əsgər ölümünə etiraz həmrəylik tələb edir. 12 yanvar aksiyası son illərin ən uğurlu aksiyası oldu. Həmin etiraz kampaniyasına gələ bilməyənlər «5 qəpik» kampaniyasına qoşulmaqla mənəvi borclarını ödədilər.

«XALQ REJİMİN DƏYƏRİNİN 5 QƏPİKLİK OLDUĞUNU GÖSTƏRDİ»

Renat Nəcəfov
Renat Nəcəfov
Cərimə olunanlardan biri – AXCP Ali Məclisinin üzvü Renat Nəcəfov da burdadır. O deyir ki, 600 manatlıq cəriməni ödəmək niyyətində deyil. Buna görə də 12 yanvar aksiyasında cərimə olunanların çoxu kimi o da apelyasiya şikayəti verib, bu cərimələrin ləğvini istəyir.

- Bu «5 qəpik» kampaniyası ilə rejimin cərimə metodunu tənqid edirik. Xalq bu kampaniya ilə rejimin dəyərinin, mahiyyətinin 5 qəpik olduğunu göstərdi. Biz bu cəriməni ödəməkdən imtina edirik. Hakimiyyətin bu gənclərə 500 manat dəyər vermədiyini bilirik. 32 yaşım var, hakimiyyət mənə heç vaxt 600 manatlıq dəyər verməyib.

Təşkilatçıların AzadlıqRadiosuna verdiyi son məlumata görə, ianəçilərin sayı 1000-i ötüb. Yığılan məbləğ 12 min manatdan çoxdur. Təşkilatçıların dediklərinə görə, 10500 manatlıq cərimə ödəndikdən sonra yerdə qalan məbləğ şəhid ailələrinə veriləcək.

Yanvarın əvvəlində hərbi xidmətdə ölən Ceyhun Qubatovun fotoları yayılıb. Anası onun işgəncə nəticəsində öldüyünü bildirir. Hüquq-mühafizə orqanları araşdırma aparır. Yanvarın 12-də «Əsgər ölümünə son» etiraz aksiyası keçirilib. 22 nəfər cərimələnib. Cərimələrin məbləği birgə 10500 manatdır.
XS
SM
MD
LG