Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:35

Rüstəm İbrahimbəyovun talanda suçlanan işçisi danışdı


Lala Afandiyeva
Lala Afandiyeva
-

“Vergi nümayəndələri iddia edirlər ki, 2009-cu ildə keçirilən “Şərq-Qərb” kino festivalı zamanı Azərbaycana gəlmiş 125 nəfər qonaq ölkədə piyada gəzib.

Bu, tamamilə əsassız iddiadır. Çünki qonaqları gəzdirmək üçün firma ilə müqavilə bağlanıb, ödənişlər edilib, qəbzlər alınıb. Bunu sübuta yetirən bütün sənədlər, video lentlər var, hətta avtomobillərin nömrələri də foto və video kadrlara düşüb. İndi bizə deyirlər ki, həmin avtomobilləri, onların sürücülərini də tapın. Biz də avtomobillərin bir neçəsini tapmışıq. Bu istiqamətdə araşdırmalarımız davam edir”.

Bunu Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, 2009-cu ildə “Şərq-Qərb” Bakı beynəlxalq kinofestivalının keçirilməsi üzrə səlahiyyətli nümayəndə olmuş Lalə Əfəndiyeva “Media forum” saytına açıqlamasında deyib.

Lalə Əfəndiyeva vurğulayıb ki, ittiham əsassızdır və o özünü günahkar saymır. O, istintaqın onun ölkədən çıxmasına qadağa qoyduğunu da bildirib.

Cinayət işinə başlanmasının ittifaqın sədri Rüstəm İbrahimbəyovun hakimiyyət əleyhinə çıxışları ilə bağlı olub-olmadığına gəlincə, Lalə Əfəndiyeva bu barədə fikir bildirməyib: “Bunu deyə bilmərəm. Hazırda iş gedir, görək nəticəsi necə olacaq”.

Lalə Əfəndiyeva qeyd edib ki, Kinematoqrafçılar İttifaqının üzvü kimi qalır: “İttifaqın işlərində fəal iştirak edirəm. Bir yana getmək niyyətim yoxdur”.

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti Lalə Əfəndiyevaya Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham elan edib. Cinayət Məcəlləsinin bu maddəsi mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama əməlinin külli miqdarda törədilməsi haqqındadır.

Bu maddə əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

«Azərbaycan Kinematoqrafçılar İttifaqında vergidən yayınma ilə əlaqədar cinayət işinin açılmasında hər hansı qərəz yoxdur. Bu, sırf vergidən yayınma faktı ilə bağlıdır».

Bunu isə, APA-nın məlumatına görə, yanvarın 22-də vergilər nazirinin birinci müavini Natiq Əmirov deyib.

Onun sözlərinə görə, Azərbaycan Kinematoqrafçılar İttifaqda baş verən vergidən yayınma faktları növbəti yoxlama nəticəsində aşkarlanıb və bu qanun pozuntuları qurumun sədri Rüstəm İbrahimbəyovun siyasi fəaliyyətindən əvvəl müəyyən edilib.

Nazir müavini əlavə edib ki, bu, yoxlama növbədənkənar olmayıb: «Belə ki, Kinematoqrafçılar İttifaqına 15 gün əvvəl yoxlamanın keçirilməsi ilə bağlı xəbərdarlıq edilib və bu, növbəti yoxlama olub».

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov AzadlıqRadiosuna müsahibəsində cinayət işinin açılmasını özünə qarşı təzyiq kimi qiymətləndirib.
XS
SM
MD
LG