Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:11

Yaralanmış aslanın dişi aslanları


Arxiv foto: Dodaqlarına Suriya bayrağının rənglərini çəkməklə prezident Assad-ə etiraz edən qadın
Arxiv foto: Dodaqlarına Suriya bayrağının rənglərini çəkməklə prezident Assad-ə etiraz edən qadın
-

Suriyada Assad-ın «Dişi aslanları» adlı qadınlardan ibarət döyüşçü korpusu yaradılır.
«Qadın aslanlar» ordunun döyüş əhval-ruhiyyəsini artırmalı, həm də kişiləri daha az təhlükəli postlardan azad etməlidirlər.

«The Independent» yazır ki, əsgər qadınlar əsasən yoxlama-buraxılış məntəqələrində yerləşdiriləcəklər və onlardan həmçinin mühafizə-təhlükəsizlik əməliyyatlarında istifadə olunacaq.

Bu, Assad rejiminə ön cəbhəyə daha çox əsgər göndərməyə imkan verəcək.

ASSAD ELƏ ASLAN DEMƏKDİR

Əyinlərində hərbi forma, çiyinlərində Kalaşnikov avtomatları olan bu qadınların briqadası rəsmən «Milli Müdafiənin Dişi Aslanları» adlanır.

Adın təsadüfən seçilmədiyini güman etmək olar, çünki «Assad» ərəbcə elə «aslan» deməkdir.

Onları artıq Homs şəhərində görənlər olub. Burada «dişi şirlər» şəhərin hələ də rejimi dəstəkləyən məhəllələrini mühafizə edirlər.

Arxiv foto
Arxiv foto
Qadınlardan ibarət briqada Suriyada bu yaxınlarda yaradılmış Milli Müdafiə Qüvvəsi-nə daxildir.

Ekspertlər vətəndaşlardan təşkil olunmuş bu cür birləşmələri yarımhərbi hissələr və ya mülki müdafiə qüvvələri hesab edirlər.

Assad rejimi indi Suriya şəhərlərinin küçələrində üsyançılarla vuruşmaq üçün mülki əhalidən getdikcə daha çox istifadə etməyə çalışır.

ÜSYANÇILAR QADINLARLA DÖYÜŞMƏK İSTƏMƏZDİLƏR

Suriya İnqilabı Baş Komissiyasının sözçüsü Abu Rami deyib ki, onlar ilk dəfə qadın döyüşçüləri ələvilər yaşayan Tadmur dairəsində görüblər.

Abu Rami narahatdır ki, Azad Suriya Ordusu bu qadınlarla döyüşə girərsə, onların sırasından mümkün ölümlər rejimin əlində daha bir təbliğat mövzusu olacaq.

Xəbər verilir ki, Vadi əl-Dəhab adlı ərazidəki bazada hazırda beş yüz qadın hərbi təlim keçir.

Dövlət televiziyası bu qadınlardan ibarət dəstələrin prezidentin portreti önündən təntənəli şəkildə keçməsini nümayiş etdirib.

«The Independent» yazır ki, bir vaxtlar Liviya diktatoru Muammar Gaddafi də özü üçün qadınlardan ibarət cangüdən korpusu yaratmışdı.

İRAN DƏMƏŞQƏ HƏRBİ MÜŞAVİRLİK EDİR

Milli Müdafiə Qüvvələrində hazırda kişili-qadınlı 10 min döyüşçünün olduğu bildirilir.

Muammar Gaddafi
Muammar Gaddafi
Londonda mənzillənmiş Suriya İnsan Haqları Müşahidəçiləri iddia edirlər ki, bu qüvvələrə həmçinin İranda təlim keçmiş seçmə hərbi birləşmələr də daxildir.

Bundan əvvəl İranın Qüds Korpusu etiraf etmişdi ki, Dəməşqə hərbi müşavirlər qismində dəstək verir.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutundan Suriya üzrə ekspert Emile Hokayem bildirir ki, rejim hərbi əməliyyatlara mülkiləri daha çox cəlb etməklə, onu dəstəkləyən icmaları psixoloji baxımdan səfərbərliyə almağa çalışır.

BAŞQA TARİXİ ÖRNƏKLƏR

Müharibə tarixən kişi məşğuliyyəti olsa da, elə həmin tarixdə bəzi müharibələrdə qadınların fəal iştirakı əksini tapıb.

Məsələn Kelt kraliçası romalılarla döyüşmək üçün qızlardan ibarət ordu yaradıbmış.

Joan of Arc (Janna Dark) 100 illik müharibədə Fransaya bir neçə parlaq qələbə qazandırsa da, sonunda, 19 yaşında inkvizisiyasının tonqalında yandırılmışdı.

1917-ci ildə Rusiya almanların iyun hücumunun qarşısını almaq üçün 2000 qadından ibarət «Qadın Ölüm Batalyonu» yaratmışdı.

O qədər də uzağa getməyə, bəlkə də, ehtiyac yox idi.

Livanın vətəndaş müharibəsi zamanı cəbhənin hər iki tərəfində həm xristian, həm də müsəlman qadınlar vuruşurdular.
XS
SM
MD
LG