Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:42

Ya çadır, ya beton...


Arxiv foto: Zaqatala
Arxiv foto: Zaqatala
-

Palçıqlı kənd yolunun hər iki tərəfində uçuq-sökük, divarları çatlamış evlər, həyətlərdə nəm çadırlar, narazı kənd sakinləri... Zaqatalanın Gözbarax kəndindəyik. Düzdü, kənddə yeni tikilmiş sarı evlərə də rast gəlinir. Ancaq evlərinin bərpa olunmasını gözləyən yüzlərlə sakin var.

Zəlzələdən 8 ay ötür. Qış girəndən çadırlarda vəziyyət ağırlaşıb. Sakinlərdən kimi qəzalı evinin zirzəmisinə dönüb, kimi də qonşu evlərə sığınıb.

«QƏZALI EVLƏRDƏ YAŞAMAĞA MƏCBURUQ»

«Bu qarın-qışın günündə çadırda yaşamaq olar? Altımızdan su, üstümüzdən siçovul, ilbiz keçir. Soba qoyuruq, buxarın suyu başımıza tökülür. Qoymayanda da rezindir, soyuq olur. Yaşamaq mümkün deyil, ev də qəzalı. Qonşuda qalıram. Deyirlər təmir lazımdır. Nə vaxt olacaq bu təmir?», Zaqatala sakini Aişə Əliyeva belə deyir.

«PUL VERİRSƏN «QƏZALI» OLUR...»

«Mənim kimi tütün, barama verən olmayıb. Qabaqcıl kolxozçu olmuşam. Amma bu gün, özümü gecə-gündüz bu ölkə üçün yatmayan biri kimi hiss eləmirəm. Oğlum və nəvələrimlə beton üstündə yaşayıram. Evimiz dağılıb, çadır yaşanası vəziyyətdə deyil. Həyətdə balaca daxma tikib içində qalırıq. Kim öz istəyilə burda yaşayar? Ailələr var ki, bir həyətdə iki ev tikdirib. Bizə heç birini tikən yoxdur. Ərizə yazıram, heç kimə çatmır. Kimə müraciət edim bilmirəm. Kim pul verir, evini qəzalı yazırlar, verməyənlər də ki, mənim vəziyyətimdə olur», bu isə Firdövs Qubadovanın sözləridir.

«BAŞA ÇATMAMIŞ 250 EV QALIB»

Arxiv foto:
Arxiv foto:
Zaqatala şəhər icra başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanov hazırda 3003 evdə tikinti getdiyini, yaxın vaxtlarda heç kimin ev probleminin qalmayacağını dedi: «250-yə yaxın ev qalıb başa çatmamış. Yaxın günlərdə hamısı həll olunacaq».

Əmrullah İsgəndərov qış girənədək çadırda yaşayırmış. Hazırda qəzalı evinin zirzəmisində qalır:

«Evimin «qəzalı» yazılmasından beş ay ötüb. Maraqlanmırlar. Komissiya gəlir, ancaq heç girib baxmır. Çadırda yaşamaq mümkün olmadı, yığıldıq boğaza. Köçdük qəzalı evimizin zirzəmisinə. Bu vəziyyət, bu şərait, bu da mənim yaşadığım yer. Zirzəmidə qorxa-qorxa yaşayırıq. Kim pul verir, evi sökülüb yenisi tikilir. Verməyənlər də bizim günümüzdə olur».
XS
SM
MD
LG