Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:33

Rəsulzadə 129: Cümhuriyyət ideyalarını indi kim daşıyır? [Video]


Müsavat başqanı İsa Qəmbər və REAL Hərəkatının Məclis sədri Erkin Qədirli bu haqda fikirlərini bölüşürlər.

-


İsa Qəmbər:

- Cümhuriyyətin qurulması, təbii ki, o zaman Azərbaycan xalqının ümumi savad səviyyəsinə uyğun deyildi. Bu, bizim elitanın qəbul etdiyi qərar idi. Bu, bizim elitanın öz xalqının xoşbəxtliyi üçün qəbul etdiyi qərar idi. Elita məsələsi həddən artıq önəmlidir. Böyük bir xoşbəxtlikdir ki, o elita çox yüksək səviyyəli bir elita idi. İndiki elitaya gəldikdə isə, bir tərəfdə Rəsulzadə və onun silahdaşları kimi yüksək mənəviyyat, əxlaq, ləyaqət sahiblərinin qurduğu bir Cümhuriyyət, biri də indiki Əliyevlər kimi insanların uzurpasiya etdiyi bir Cümhuriyyət. Bunlar yerlə göy qədər fərqli məsələlərdir...

Erkin Qədirli:

- Bugünkü gözlə baxanda, bəzi şeylər nöqsanlı görünür. Bu o demək deyil ki, o Cümhuriyyətin qurucularının səhvini tuturam və yaxud onların yanlış yolda olduğunu deyirəm. Xeyr. Sadəcə o yandan bu yana Cümhuriyyət də dəyişib, Cümhuriyyət tarixi də inkişaf edib. Bəşəriyyət də cümhuriyyətçiliyin tamamilə yeni formalarını görə bilib. Ona görə bizim bu gün bir zaman foramız var. Bu günün gözü ilə baxanda, deyə bilirik ki, biz Cümhuriyyətimizi bu gün bərpa etməyə başlayanda, nələri ordan götürə bilərik, nələri götürməyəcəyik. Çünki onlar əslində nə zamanın tələbinə cavab verir, nə də ümumiyyətlə Cümhuriyyətin mahiyyətinə uyğundur...

Erkin Qədirli:

- Azərbaycan Xalq Cəbhəsi hakimiyyətdə olduğu zaman islahatlara test imtahanları qədər dərin baxışı var idisə, heç şübhəsiz, parlamentli respublikaya keçid onların ağlına gəlmişdi. Gəlmişdisə, mütləq də edilməli idi. Ən azından Ali Sovet qovulmalı idi. Demblok, Komblok oyununun yaradılmasına şərait yaradılmamalı idi. Heydər Əliyev haradan gəldi? Onun üçün buraxılmış yoldan, parlamentin içindən gəldi...

İsa Qəmbər:

- Müharibə aparan bir ölkədə belə bir köklü dəyişiklik etmək elə sadə bir məsələ deyildi. İndi çox rahat danışırsınız. Amma demək asandır, etmək çox çətindir. Biz hakimiyyətə gələndə, Şuşa, Laçın əldən getmişdi, 100 minlərlə insan qaçqın vəziyyətində idi. Bütün Qarabağ qaynayırdı. Gerçək bir müharibənin getdiyi bir vaxtda, elə bir vəziyyətdə biz xalqa deməliydik ki, dayanın, biz Konstitusiya referendumu təşkil edirik...

Erkin Qədirli:

- Sadəcə qovmaq lazım idi. Nə referendum?

İsa Qəmbər:

- Çox rahat danışırsınız. Sizdə də, deyəsən, söz kəsmək xasiyyəti peyda olmağa başlayır. Qulaq asmağa hövsələniz çatmır.

Erkin Qədirli:

- Çünki çox həssas mövzudur.

İsa Qəmbər:

- Bizim üçün də həssas mövzudur. Sizin üçün bu, nəzəri mövzudur. Biz isə bunu yaşamışıq. Mən yüzlərlə belə epizod danışa bilərəm ki, qəfildən taxıl böhranı yaranır. Bizim ləyaqətli, əlləri heç zaman rüşvətə dəyməmiş, bundan sonra da dəyməyəcək insanlarımız o problemi həll etmək üçün yollar axtarırlar. Qanuni yolları bulurlar, müxtəlif taxıl istehsal edən ölkələrin dövlət başçılarına, müvafiq təşkilatlara müraciət edirlər ki, bizə taxıl satın. Amma bunu bizə satmırlar. Amma keçmiş kommunist nomenklaturasından çıxmış bir vasitəçini tapırıq, ona deyirik, o, gedir asanlıqla taxılı alıb gətirir.

Erkin Qədirli:

- Sonra da deyir ki, jmıx yedizdirirdilər xalqa.

İsa Qəmbər:

- Yenə də bu hövsələsizlik, söz kəsmək, mövzudan mövzuya keçmək. Jmıx yox idi. Əvvəla var idisə...

Erkin Qədirli:

- Amma kommunistlər deyirdi bunu...

İsa Qəmbər:

- Siz söz kəsməsəz olmur? Nə olub sizə? Siz belə deyildiniz axı. 2012-ci ilə qədər mən sizi belə tanımırdım.

Erkin Qədirli:

- Onda mən siyasətdə yox idim.

İsa Qəmbər:

- Biz bunları yaşamışıq. Biz hakimiyyətdə olmuşuq və bu problemlərlə üzbəüz qalmışıq. Yüz minlərlə insan çörək istəyən vaxtı, erməni, rus təhlükəsindən qorunmaq tələb edilən bir vaxtda biz xalqa izah etməli idik ki, bir dəqiqə dayanın, biz situasiyanı dəyişəcəyik. Nəzəriyyədə parlament respublikası daha önəmlidir. Yəni, bunları demək rahatdır, amma etmək asan deyildi. Siz bu qədər irad dedinizsə, mən də yüngülvarı irad deyəcəyəm Sizə, «realçı»lar üçün bir-iki günlük mövzu olsun. 3 ildir REAL təşkilatı yaratmısınız, onun proqramını, yekdil mövqeyinizi formalaşdırıb ortaya qoya bilmirsiniz.

Erkin Qədirli:

- İşləyirik biz.

İsa Qəmbər:

- Tələsməyin. Hələ bir 20-30 il çalışacaqsınız. Bizdənsə həmin bir il ərzində...

Erkin Qədirli:

- Bizim 20 il müxalifətdə olmaq fikrimiz yoxdur.

İsa Qəmbər:

- Siz müxalifətdə də ola bilərsiniz, ancaq hakimiyyətdə olmağınız bu düşüncə ilə çətin olacaq…
XS
SM
MD
LG