Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:30

Ermənistanda prezidentliyə namizədə sui-qəsd edilib [Video]


Ermənistanda prezidentliyə namizədə sui-qəsd olub
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

Ermənistanda prezidentliyə namizədə sui-qəsd olub

-
Ermənistanda bu ayın 18-də keçiriləcək prezident seçkilərində hazırkı dövlət başçısının ən ciddi rəqiblərindən biri sayılan Paruyr Hayrikyan güllə yaralarından hazırda paytaxt Yerevanın xəstəxanalarından birində müalicə alır.

Sovet dövrünün tanınmış dissidentlərindən olan Hayrikyana hələlik bəlli olmayan şəraitdə naməlum şəxs tərəfindən atəş açıldığı xəbər verilib.

YARALAR HƏYAT ÜÇÜN TƏHLÜKƏLİ DEYİL

Onun qohumlarından biri AzadlıqRadiosunun erməni xidmətinə bildirib ki, Paruyr Hayrikyana iki atəş açılıb və o, çiynindən yaralanıb. Başqa mənbələr onun həmçinin qarnından yaralandığını xəbər verir.

Həkimlər bildiriblər ki, 63 yaşlı siyasətçinin yaraları həyat üçün təhlükəli deyil.

Atəşi kimin açdığı da hələlik bilinmir və təhqiqat aparılır.

Ermənistan mediası yazır ki, Hayrikyan keçmiş baş nazir Hrant Baqratyan və keçmiş xarici işlər naziri Raffi Hovannisyanla birlikdə prezident Serzh Sargsyanın üç ən ciddi rəqibindən biri sayılır.

Ermənistanın ictimai radiosu bildirib ki, Milli Müqəddərat Birliyinin sədrinə sui-qəsd gecəyarı radələrində Yerevanın mərkəzində edilib.

Radio həmçinin bildirib ki, Hayrikyan hazırda Müqəddəs Qriqori xəstəxanasındadır.

Respublika polisinin rəhbəri Vladimir Qasparyan, Yerevan polisinin başçısı Nerses Nazaryan və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə baxış keçiriblər.

Baş nazir Tiqran Sarkisyan və parlament spikerinin müavini Edvard Şarmazanov, eləcə də müxalifətin seçkilərdəki iki ən mühüm namizədi - İrs Partiyasının lideri Raffi Hovannisyan və Azadlıq Partiyasının sədri Hrant Baqratyan yaralıya baş çəkiblər.

ERMƏNİSTAN MEDİASI MOTİVLƏRİ ARAŞDIRIR

Paruyr Hayrikyanın hücuma məruz qaldığı ərazi
Paruyr Hayrikyanın hücuma məruz qaldığı ərazi
Sui-qəsdin motivləri barədə xəbər verilməsə də, media diqqəti ilk növbədə hadisənin seçkilər ərəfəsində baş verməsinə çəkir. Paruyr Hayrikyan seçki marafonunun son günlərində olduqca fəal idi və bir neçə ciddi bəyanatlar vermişdi.

Panorama.am saytının xəbərinə görə o, yanvarın 31-də verdiyi bəyanatında seçkilərdə Raffi Hovannisyan və Hrant Baqratyanla eyni cəbhədən çıxış etmək barədə qərarını bir daha təsdiqləmişdi.

Üç namizəd bu barədə qərarı hələ yanvarın 28-də vermişdi.

Həmin görüşdə hökumətə seçkilərlə bağlı bir neçə tələb irəli sürülmüşdü.

HAYRİKYAN CİDDİ SEÇKİ TƏLƏBLƏRİ İRƏLİ SÜRÜB

Namizədlər hazırda ölkədə olmayan və bu səbəbdən səs verə bilməyəcək seçicilərin tam siyahısının dərc olunmasını istəyirdilər.

Başqa bir tələbdə isə deyilirdi ki, hazırkı prezident də daxil olmaqla, bütün namizədlər seçki kampaniyasında inzibati resurslardan istifadə etməyəcəkləri, büdcə təşkilatlarına – müəllimlərə, həkimlərə, hərbi qulluqçulara təzyiqlərin olmayacağı, seçki prosesinə polis və təhlükəsizlik qüvvələrinin müdaxilə etməyəcəyi barədə rəsmi vəd verməlidirlər.

Əslində, bu tələbin birbaşa Serzh Sargsyana ünvanlandığı aydın idi.

HAYRİKYAN VƏ QARABAĞ KLANI

Paruyr Hayrikyan keçmişlərdə, əslən Dağlıq Qarabağdan olan siyasətçilərin Ermənistanda yüksək post tutmalarından narazılığını müxtəlif şəkildə bildirib. 2012-ci ilin oktyabrında etdiyi çıxışlarından birində Hayrikyan Ermənistan prezidentlərini kobud səhvlərdə ittiham edirdi. O, bildirirdi ki, bu səhvlər ucbatından Ermənistan BMT-yə Qarabağsız üzv olub.

Paruyr Hayrikyan deyirdi ki, Ermənistan məhz bu səbəbdən münaqişənin tərəfinə çevrilib.

Robert Koçaryan
Robert Koçaryan
Qüdrətli Qarabağ klanının opponenti kimi tanınan siyasətçi, Robert Koçaryanın Ermənistana baş nazir kimi dəvət olunmasını, sonradan isə prezident seçilməsini də səhv adlandırmışdı. O, bəyan etmişdi ki, Koçaryanı Ermənistan maraqlandırmırdı və hazırkı prezident Serj Sarkisyan da eyni siyasəti davam etdirir.

YEREVAN QARABAĞ DANIŞIQLARINDAN ÇIXMALIDIR

Hayrikyan həmçinin belə bir mövqedədir ki, “Yerevan Artsaxın qarantı olaraq qalsa da”, Dağlıq Qarabağ danışıqlarından çıxmalı, məsələni Qarabağın de-fakto rəhbərliyi ilə Bakının öhdəsinə buraxmalıdır. O, bu mövqedə qaldığını yanvarın 29-da keçirdiyi mətbuat konfransında da bir daha bəyan etmişdi.

Uzun müddət sovet həbsxanasında cəza çəkmiş Paruyr Hayrikyan, həmçinin Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki rolunu tənqid edir, Yerevanı Avropaya daha ürəklə inteqrasiya olunmağa çağırır.

Paruyr Hayrikyan son çıxışlarında bəyan edirdi ki, prezident seçilərsə, Ermənistanda prezident üsul-idarəsini, ümumiyyətlə ləğv edəcək.

SEÇKİLƏR TƏXİRƏ SALINA BİLƏR

Ermənistandan alınan son xəbərlərdə belə bir ehtimalın real olduğu bildirilir.

Yerli kütləvi informasiya vasitələri Ermənistan Milli Məclisinin sədri Ovik Abramyanın çıxışını yayıblar.

Xəstəxanaya baş çəkəndən sonra o, jurnalistlərə bildirib ki, “prezidentliyə namizədə sui-qəsd, təkcə Hayrikyana qarşı deyil, həm də prezident seçkilərinə və Ermənistan dövlətçiliyinə qarşı sui-qəsddir”.

Bundan əlavə, cənab Abramyan bildirib ki, qanunvericilik namizədlərdən birinin seçkiqabağı kampaniyanı davam etdirə bilmədiyi halda, seçki gününün dəyişdirilməsini nəzərdə tutur.
XS
SM
MD
LG