Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:41

Aslan Quliyev. Hansısa erməni yazıçısı Əkrəm kimi əsər yazıbmı?


Aslan Quliyev
Aslan Quliyev
-

Qrant Matevosyan haçansa Yerevanda öldürülən Azərbaycan uşağından, ya da dağıdılan Azərbaycan məscidindən bircə kəlmə də yazıbmı?


Aslan Quliyev


YARADICILIQ AZADLIĞI...

Mən bu məsələyə münasibət bildirmişdim, amma yeni yazılar yazıldı, intervülər verildi. Maraqlı məqamlar çıxdı ortalığa.

Əkrəm Əylisli intervüsündə elə belə də deyir, «Azərbaycan Konstitusiyasının 51-ci maddəsi var.

Maddənin adı “Yaradıcılıq azadlığı”dır. Burda iki bənd var. Birinci bənddə deyilir ki, hər kəsin yaradıcılıq azadlığı var».

Istər-istəməz düşünməli oldum, ermənilərin kostitusiyasıynda bizdə olduğu kimi «Yaradıcılıq azadlığı» maddəsi yoxdumu?

Yox, əgər konstitusiyaları varsa, orda da belə bir maddə varsa, nə əcəb onlar yaradıcılıq azadlığından istifadə eləyərək bizim qocaman yazıçımız kimi həqiqətləri yazmırlar?

Əkrəmin yaşıdları və ya ondan yaşlı olan erməni yazıçıları, - mən radikal yazıçılarını nəzərdə tutmuram, - Qrant Matevosyan haçansa Yerevanda öldürülən Azərbaycan uşağından, ya da dağıdılan Azərbaycan məscidindən bircə kəlmə də yazıbmı?

Halbuki Sumqayıtda cəmisi 28 erməni öldürüldüyü halda o torpaqlarda minlərlə azərbaycanlı öldürülüb.

Yerevanın arxivlərdəki, çox yox, keçən əsrin əvvəllərinə aid fotolarına baxsanız, orda bir dənə də kilsə görə bilməzsiniz, - yəni bu kiminsə nənəsinn, babasının uydurmaları deyil, faktdır - bəs o məscidlər hanı? Onları kim dağıtdı? Biri qalıb, onun da üstünə fars məscidi olduğu yazılıb? Matevosyan bu haqda niyə yazmır? Əkrəmlə birlikdə «Drujba narodov» jurnalında çap olunan, Əkrəmin yaşıdı Vardakes Petrosyan da Əkrəm nəğməkar bibisi haqda yazanda Moskvada «Sovestski pisatel» nəşriyyatında «Ermənistan yaraları» adlı kitab çap elətdirib əzabkeş ermənilər, zavallı Ermənistan haqda bütün dünyaya car çəkir, Qarabağın işğıl olunması üçün zəmin hazırlayırdı. Bəlkə dünya şöhrətli Saroyan yazdı? Yazmadı. Bütün dünyaya erməni ideyalarını, arzularını yaydı, sonda da ürəyinin aparılıb Yerevanda basdırılmasını vəsiyyət elədi. Amma mənim dəqiq bildiyimə görə Ermənistanda olmasa da Saroyanın yaşadığı Amerikada hər halda yaradıcılıq azadlığı var.

Xırdalanlı yaşlı bir kişini xatırlayıram, ermənidən evini almış, pulunu da vermişdi. Erməni şeylərini aparmalı, adam da evə köçməliydi. Amma bu zaman ara qarışdı, erməni də harasa çıxıb getdi. Adam altı aydan artıq evə köçmədi, ermənini axtardı və nəhayət nə qədər inanılası olmasa da, Moskvada tapdı. Gedib şeylərinn pulunu verib halallıq aldı, sonra evə köçdü. Onlarla belə misal bilirəm. Bəs ermənilər necə? Belə nümunələr göstərə bilərlərmi? Indi Qarabağda və Ermənistanda evlər tikən ermənilər gəlib Ağdamı
Əkrəm Əylisli Azadlıq Radiosunun "Pen klub" proqramında "Daş yuxular" əsəri haqda tənqidlərə münasibət bildirir, 31 yanvar 2013
Əkrəm Əylisli Azadlıq Radiosunun "Pen klub" proqramında "Daş yuxular" əsəri haqda tənqidlərə münasibət bildirir, 31 yanvar 2013
və onlarca kəndimizi sökür, aparıb özləri üçün evlər tikirlər. Bəs onların hallalıq niyə yadlarına düşmür? Bəs niyə bir vətənpərvər erməni yazıçısı çıxıb demir ki, dayanın, neyləyirsiniz, utanın, bu, oğurluqdur! Niyə demir, bundan ötrü erməni xalqı xəcalət çəkməlidir?

Əkrəm Əylisli yenə də öz intervüsündə deyir: «Yazdıqlarımda bir kəlmə yalan varsa, məni doğrasınlar». Nə cür yəni? Bir kəlmə, ya yüzlərlə kəlmə? Mən üç-dörd il olar bu hadisələrlə bağlı bir roman üzərində işləyirəm. Buna görə də xeyli mənbələrlə, materiallarla tanış olmuşam. Tam əminliklə deyirəm, öz müəlliflərimizi qoyuram bir tərəfə, nə rus, nə də erməni müəlliflərin mənbələrində bircə yerdə də Əylis qətliamına rast gəlməmişəm. Tam tərsinə, məlum olub ki, həmən on doqquzuncu əsrdə Naxçıvanda erməniləri öldürmürmüşlər, əksinə, Irandan, sonra da Türkiyədən ora erməniləri köçürdürmüşlər.

Rus tarixçisi N. Şavrov hələ 1911-ci ildə yazırdı. «İndi Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 miyon nəfəri yerli əhali deyil, onları bu torpaqlara biz köçürmüşük. Ermənilərin Zaqafqaziyada məskunlaşması zamanı onların Şimali Azərbaycanın ərazilərində, əsasən də Naxçıvanda, Irəvanda və Qarabağda yerləşdirilmələrinə xüsusi diqqət verilmişdir».

Rus çinovniki, publisist Nersesin xatirələrinə görə isə, «köçürülməyə qədər Naxçıvanda 434 erməni ailəsi yaşayırdısa, köçürülmə vaxtı bura daha 2285 ailə köçürüldü, bütünlükdə isə Naxçıvana 2551 erməni ailəsi köçürüldü».

Nə cür yəni, mən başa düşmürəm, 19-cu əsrdə erməniləri hər yerdən Azərbaycanın qərbinə, o cümlədən Naxçıvana da yerləşdirdikləri bir vaxtda Əylislilər də qətliamla məşğul olurdular? O tərəfdən ruslar gətirirdi, bu tərəfdən də əylislilər öldürürdü? Həm də o qədər öldürürdülər ki: «Hər ölən erməninin ruhuna bir şam yandırılsaydı, onların şəfəqi aydan daha parlaq olardı.” Burda bircə kəlmə də yalan yox imiş, eləmi?

Sonra bizim uzaq görən, ağsaqqal yazıçımız nələr deyir: «Müsahibədə demişdim ki, müharibəyə ermənilərlə getmək lazım deyil. Bu müharibəyə getsək, biz uduza bilərik. Əsas məğzi bu idi müsahibənin. Demişdim ki, biz dostluğa getməliyik. Nə oldu müharibəyə getməklə nə qazandılar? 20 faiz torpağı itirdilər, 1 milyon qaçqın yaratdılar. Dediyimin həqiqət olması üzə çıxmadı».

Halal olsun, deyib və düz çıxıb! Nə yazıq ki, ondan intervü götürən cavan uşaqlar da soruşmurlar, ermənilərlə dostluğa nə cür gedə bilərdik? Məgər biz ermənilərlə müharibəyə gedirdik? Axı əvvəlcə Qarabağda, sonra da Ermənistanda ermənilər başladılar müharibəyə, təpədən dırnağa qədər silahlandırılmış qəddar, amansız şovinistlər dinc adamları öz torpaqlarından qovur, bunun üçün heç nədən çəkinmirdilər.
William Saroyan
William Saroyan
Öldürür, əsir götürür, çöl vəhşisinin eləmədiyi işgəncələri verirdilər.

Dostluğu nə cür eləyə bilərdik? Əllərimizi sinəmizin üzərində çarpazlayıb müsəllaha çıxmalıydıq? Səncə, onda ermənilər bizə toxunmayacaqdılar? Əhsən, bir halda aman diləyirsiniz, dostluq elan eləyirsiniz, sizinlə işimiz yoxdur, deyəcəkdilər, eləmi? Tarixin hansı məqamında biz ermənilərə müharibə elan eləmişik? Bakıdamı, Şamaxıdamı? Lənkəranda, Qubadamı? Azərbaycan bəyləri gedib erməni kəndlərini yandırırdılar, ya başlarına üç-beş adam yığıb, beş açılanla, dayan-doldurumla silahlanlıraraq öz kəndlərni, ailələrini dünənə qədər yer verdikləri, qucaq açdıqları ermənilərdən qoruyurdular? Yəni doğrudanmı Ə.Əylisli bunları bilmir?

Imperiyanın köməyinə arxalanaraq azərbaycanlıları öz torpaqlarından qovurdular. Bəs «Izvestiya», «Trud» və s. qəzetlərdə Əkrəmin erməni həmkarları bu həqiqətləri necə yazırdılar? «Azərbaycanlılar erməni xalqına sarsıdıcı zərbə vurmaq üçün hətta tövlələrdəki inəkləri belə sağmadan, buğda zəmilərini biçmədən gecəylə yaşayış yerlərini tərk eləyib Azərbaycanlakı qohum-əqrəbalarının yanına gedirlər». Oxuyurduq, haqsızlıq, təhqir qəlbimizi ağrıdırdı. Əlbəttə, qəzetlərə məktub yazır, etirazımızı bildirirdik. Amma bizi çap elərdilərmi? Əkrəmi çap elərdilər və eləyirdilər də. Amma onun «həqiqətləri» erməni həqiqətlərindən daha artıq ağrıdır, incidirdi.

Nə qədər qəribə olsa da, Əkrəmin «müdafiəsinə» əsasən Qarabağdan olan yazıçılarımız qalxdılar, həm də necə? Seyran Səxavət: «Əkrəmə qarşı çıxmaqla böyük bir məbədi daşlayırıq» yazdı. Nə az, nə çox, böyük məbədi daşlayırıq!

Şərif Ağayar da qəribə məntiqlə çıxış elədi: «Əkrəm Əylisli nə yazır-yazsın, onu müdafiə etmək lazımdır».

Qarabağda evini-eşiyini qoyub gəlmiş mənim keçmiş həmkarım Azad Qaradərəli isə bu deyimdən necə vəcdə gəldisə, bunu bəyənməklə kifayətlənmədi, bir «Bravo!» yazıb Face-dəki dostlarıyla da paylaşdı.

Başa düşmədim, nəyə görə, öz yazdığı kimi nə vaxtsa erməni şəhəri olan Aqulisli Əkrəmi, «Gün gələr, ermənilər Əylisə qayıdarlar, və o yenidən cənnətə dönər” arzusu ilə yaşayan Əkrəmi, «Əylis onun ürəyinin sağalmaz yarasıydı» deyən Əkrəmi niyə müdafiə eləməliymişik? Nəyə görə bu ölkədə kimb gəldi tənqid də eləmək olar, təhqir də, hələ bir o tərəfə də keçmək olar, bircə Əkrəmə toxunmaq olmaz? Aqulisdən olduğuna görəmi, nə vaxtsa Aqulisə ermənilərin qayıdıb oraları cənnətə döndərəcəyini arzuladığına görəmi, ya Aqulisin onun ürəyində sağalmaz bir yara olduğuna görəmi?

Günel Mövlud isə Əkrəmi müdafi üçün həmişə olduğu kimi özünə məxsus üsul seçdi, Əkrəmi «top atəşinə» tutanlara qəribə pozalarda şəkillərini yayımlayaraq yandı-yandı verdi. Eyni ilə Xocalı soyqrımını və dəhşətlərini törətməkləri azlıq eləyirmiş, indi orda aerport tikən və ordan da bizə barmaq silkələyən ermənilər kimi.

Kənan Hacı isə əsəri zamanı qabaqlayan əsər adlandırır. Kənan bəy əsəri oxumayanları qınayırsan, haqlısan, sən yəqin oxuyubsan. Əlinin ürəyinin üstünə qoy, de, doğrudanmı zamanı qabaqlayan əsərdir? Zamanı harda qabaqlayır, əyər içində bizim yaşadığıımız zaman nəzərdə tutulursa, bu zaman üçün ləkədir. Tarixi roman yazmayıb, doğrudur, amma tarixi ermənilərin özünün belə təhqif eləmədiyi qədər təhrif eləyib.

Kamal Abdulla isə Əkrəmin yazıların oxumağa nə vaxtının, nə də həvəsinin olmadığını deyir. Qardaşım, bəs onda kim vaxt tapıb bunları oxuyacaq, münasibət bildirəcək. Axı burda nə cılız müdafiədən, nə də cılız, isterik hücumlardan söhbət getməməlidi. Burda faktlar daınşmalıdı.

Kimsənin xətrinə dəymək istəmirəm, amma lap aydınca görünür ki, bütün bunlar heç bir tutarlı əsas, dəlil gətirmədən Əkrəm Əylislini müdafiə eləmək istəyi deyil, sadəcə özünün dünyəvi, tolerant olduğunu nümayiş elətdirmək istəyidir.

Yenə çaşıb qalırsan, bir halda konstitusiyamız var, yazmaq azadlığı var, onda nəyə görə bu azadlıqdan yalnız Əkrəm Əylisli bəhrələnə bilər? O, faktları və hadisələri məqsədli şəkildə təhrif eləyərək istədiyini yaza bilər, bizlər isə elə həmən azadlıqdan bəhrələnib onun belə eləməsinin nəyə hesablandığını yaza bilmərik? Yazarıqsa, cahil, nadan, qaragüruhçu olarıq? Nəyə görə bu xalqı aşağılayanların başına çələng qoyulmalıdır, bu xalqı sevdiyini bircə cümlə ilə dilinə gətirənlər az qala gülüş hədəfinə çevrilməlidir?

İntervüsündə ona deyiləndə ki, niyə azərbaycanlıların qətliamını bircə cümlə ilə də xatırlatmırsan, Ə.Əylisli qəribə cavab verir: «Mən fincan barəsində söz deyirəmsə, deyə bilməzsiz ki, samovar haqda da yaz». Axı sən haçana qədər fincan haqda söz deyəcəksən? Nə veribsə sənə bu xalq verib, nə qazanıbsansa bu torpaqda qazanıbsan, elə isə niyə bircə dəfə də olsun samovardan yazmayasan? Sən yazmırsan, ermənilərin öhdəsinə buraxırsan, onlar da yazmayacaqlar. Sən də bunu yaxşı bilirsən. Bəs kim yazsın?

Şərif Ağayar elə həmən yazısında qeyd eləyir: «Bir dəfə də olsun yalan danışdığının, riyakarlıq etdiyinin, yazısını və danışığını kiməsə hesabladığının şahidi olmamışam».

Demək, belə? Qardaşım, Əkrəm Əylisli bu qədər də sadəlövh, atdığını-tutduğunu bilməyən birisi deyil. Həmişə nəyəsə hesablayıb yazıb, nəyəsə hesablayıb danışıb. Bu dəfə də eləcə. Bu romanı yazanda təzyiqlərə, hədə-qorxulara, lap elə təhqirlərə də məruz qalacağını bilirdi. Ona da elə bu lazımdı. Əzabkeş və ölümünü belə gözü önünə alıb erməni həqiqətini dünyaya car eləmiş yazıçı obrazı yaratmaq! Bununla da ümumdünya şöhrəti qazanmaq. Nobelə gedən yola çıxmaq.

Düzgün hesablayıb. Artıq rus saytlarında, Ermənistanın rusdilli saytlarında Əkrəm üçün bəy tərifi başlayıb. Vətəndaş yazıçı, ölümü gözü önün alıb həqiqətləri deyən yazıçı, Azərbaycanın ən böyük yazıçısının etirafı. Bu tərəfdən üç-beş nəfərin nə bilim etiraz aksiyası, filanı lap ehtirasları qızışdırıb. Azərbaycanda həqiqəti yazmağa qadir olan yeganə yazıçıya ölkəni tərk eləməyi və həqiqətləri başqa ölkədə yazmağı məsləhət görürlər. Yazırlar və hələ çox yazacaqlar. Əkrəm də bunu bilirdi.

Əzabkeş yazıçı obrazı yaranacaq, bəs qədər şöhrət də qazanacaq, onun romanını nəşr eləyəcəklər, ona pul da verəcəklər. Artıq əzabkeşdir, heç olmadığı kimi şöhrət də qazanıb, romanını da harda lazımdı nəşr eləyirlər. Bu gün sabah pulun da səsi çıxar.

Amma yəqin Nobel arzusu ürəyində qalacaq.

Nəinki Orxan Pamuk arzusu ilə yaşayan, hətta onu təqlid eləyən, elə onun kimi qəhrəmanlarını ermənilərin tərk elədikləri mülklərdə yaşadan qocaman yazıçımız bu arzusuna çata bilməyəcək.

Bu yazdıqları isə tarix üçün qalacaq. Onu ayaqyalın, başı açıq qarlı-buzlu, yağışlı, dağlı-meşəli yollarla qovulub bizə pənah gətirən, göz yaşları yanaqlarında donan o vaxtın uşaqları da oxuyacaqlar. Mən hadisələr təzə başlayanda belələrini çox görmüşəm. Biri anası ilə gəlmişdi, 9-10 yaşı olardı, gözlərində yaş donmuşdu, nə ağlaya, nə də danışa bilirdi, dodaqları titrəyir, üzü səyriyirdi. Yuxularımda da gözlərində yaş donan o uşağı görürdüm.

Ola bilsin gənc qələm həmkarım Qismətin yazdığı kimi onlar da Əkrəm Əylislinin bu ölkədə qoyulacaq heykəlinin önünə gedəcəklər. Bilmirəm, onda onlar rəngbərəng qalstuk vuracaqlar, ya güllü köynək geyəcəklər, bildiyim bircə odur, artıq böyük olacaqlar, dünyanı və insanları dərk eləyə biləcəklər.

Amma məhz Qismətin dediyi kimi çıxış eləyəcəklərmi?

Çətin.
XS
SM
MD
LG